Mark Corc-başı üstündə dayanan motosikletçi
Hempşirdə (İngiltərədə) yaşayan gənc oğlan Mark Corc başı üstündə dayanaraq motosikli sürətlə idarə etdiyinə görə "Ginnesin Rekordlar Kitabı"na daxil olub. Markın motosiklində nələr etdiyini seyr edərkən insan adrenalin hissinin nə olduğunu başa düşür.
Jeriço-ən uzun buynuzlu yak
Bu heyrətamiz heyvan təbiətin əsl möcüzəsidir. Hyu və Melodi Smitə məxsus Jeriço adlı yak qeyri-adi buynuzları ilə seçilir. Rəsmi olaraq dünyanın ən uzunbuynuzlu yakına çevrilən bu heyvan, hətta "Ginnesin Rekordlar Kibabı"na da daxil olub.Qeyd etmək lazımdır ki, onun buynuzlarının uzunluğu 3 metr 46 santimetrdir.
Frank Fayek Heçem-dünyanın ən kiçik sürücüsü
57 yaşlı Frank Heçem "Ən kiçik avtobus sürücüsü" kimi "Ginnesin Rekordlar Kitabı"na daxil olub. 1989-cu ildə sürücülük imtahanlarından uğurla keçən "balaca adam" elə o vaxtdan sürücü kimi fəaliyyət göstərməkdədir. Hal-hazırda onun boyu cəmi 136.2 santimetrdir. Qeyd edək ki, avtobus marşrutlarında Frank cəmi 3 ildir çalışır.
Paul Skardino və onun oyuncaq kolleksiyası
Amerikalı Paul Skardinonun uşaqlığından bəri oyuncaqlara marağı həddindən artıq çox olub. Erkən yaşlarından müxtəlif oyuncaqları toplayaraq nəhəng bir oyuncaq kolleksiyasını yaradıb. Qeyd etmək lazımdır ki, Paul ilk dəfə 2018-ci ildə "Ginnesin Rekordlar Kitabı"na daxil olmuşdur. Hal-hazırda onun kolleksiyası 5.306 oyuncaqdan ibarətdir və o, nail olduğu birinciliyi qoruyub saxlamaqdadır.
Freddi və Frenki -ən sürətli siçanlar
Freddi və Frenki siçanları , Lük Roberts və Jess Timmisin ev heyvanlarıdır. Sürətlə bütün maneələrdən keçən kiçik heyvanlar bu qeyri-adi qabiliyyətlərinə görə 2020-ci ilin "Ginnesin Rekordlar Kitabı"na düşdülər.
Samirə Tağıyeva, "İki sahil"