KÖŞƏ

Vəli İlyasov

19 oktyabr rəzalətinin sifarişçisi kim idi?

24 oktyabr 2019 19:58
267

AXCP sədri Əli Kərimli və başqa bu kimi ünsürlər pulsuz heç bir addım atmırlar. Yoxsa istirahətini pozub o cür alçaldıcı vəziyyətə düşməyə razı olardılarmı? Qətiyyən! Qısaca desək, pul iyi gəlməyən yerdə onların işləri yoxdur. Həmişə olduğu kimi, bu dəfə də sifariş sərhədlərimizdən min kilometrlərlə aralıdan gəldi. Bəs xarici anti-Azərbaycan dairələri narahat edən nədir? Son vaxtlarda siyasi mühitdə cərəyan edən hadisələrə nəzər salsaq mənzərə aydın olar.

Məlum olduğu kimi, bu yaxınlarda Aşqabadda MBD ölkələri rəhbərlərinin Sammiti keçirildi. Bakıda isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü təşkil olundu. Bu tədbirlər regionda gedən proseslərin üzdə görünən tərəfləridir. Diqqət yetirsək görərik ki, bu görüşləri şərtləndirən mühüm məqamlar var. Diqqət etdinizsə, bu proseslərdə Azərbaycanın yeri və rolu, ən mühümü isə Ermənistana hansı səviyyədə təzyiqlərin göstərilməsi aydın göründü. Türkiyənin “Barış Pınarı” sülh əməliyyatı və bu əməliyyatın regionumuza necə təsir göstərməsi haqqında isə geniş danışmağa ümümiyyətlə, ehtiyac duyulmur. Rəcəb Tayyib Ərdoğanın “növbə Qarabağındır” mesajını verməsi ən tutarlı sübutdur. Ərdoğanın bu mesajı ermənilərin qulaqlarında bomba kimi partladı. Türkiyənin apardığı bu əməliyyatlar regionun strateji nəqliyyat və tranzit roluna birbaşa təsir edən məsələlərdir. İndi sual yaranır: regionda kənar maraqların bu qədər qabarıq qarşıdurması kimi həssas bir vaxtda proseslərin mərkəzində olan Azərbaycanın paytaxtında etiraz üçün icazəli yer olduğu halda, müxalifət mərkəzdə icazəsiz aksiya keçirib qarşıdurma və çaxnaşma görüntüsü yaratmaqla ölkəmizlə bağlı xaricə hansı mesajı ötürməyə çalışır? Bilmək maraqlıdır ki, belə görüntünün yaradılması üçün sifariş onlara haradan gəlib?

Oktyabrın 19-da Azərbaycan vətəndaşlarına bir daha aydın oldu ki, yarandığı otuz ilə yaxın müddətdə müxtəlif mərhələlərdən keçsə də, dağıdıcı müxalifətin yırtıcı siması heç dəyişməyib. Bu illər ərzində yerli, xarici, beynəlxalq təşkilatlarin bu qədər təlimi, maarifləndirmə kursları və s. heç nəyə yaramayıb. Bu müddət ərzində onların çoxdan köhəlmiş mənasız şüarları belə dəyişməyib.

19 oktyabr mitinqində təşkilatçıların şəxsi qisasçılıq motivlərini bu qədər qabartmaları daxildə və xaricdə onlara loyal qrupları, ən başlıcası isə sifarişçiləri məyus etdi. Mitinq təşkilatçılarının isterik dağıdıcı çıxışından sonra qarşı tərəf sabitlik, əmin-amanlıq ünvanı kimi bir daha təsdiqləndi.

O gün küçəyə çıxan AXCP sədri Əli Kərimli elə küçədə də iflasa uğradı.

Azərbaycan polisi daxili və xarici qüvvələrin gözləntilərini gözlərində qoydu. Düzgün olaraq polisin Əli Kərimliyə qarşı münasibəti onun iki gün öncə polisə itaətsizliyə çağırmasına cavab oldu. Əli Kərimlinin kənarda dayanan polislərin üstünə gedib bağıraraq “məni tutun! Məni tutun!” deməsi və özü ətrafında şou yaratması təsadüfi deyildi. Onu belə bağırmağa xaricdəki ağalarının vəd etdiyi külli miqdarda pullar “ilhamlandırırdı.”

Qeyd etmək lazımdır ki, Əli Kərimliyə və başqa bu kimi pozucu ünsürlərə buyuruq verən Qərb  monolit deyil. Qərb müxtəlif dairələrdən ( dövlət, təşkilat və s.) və bu dairələrdə müxtəlif maraqlara xidmət edən qruplardan ( siyasi, iqtisadi lobbi qrupları və s.) ibarətdir. Ancaq Qərb adlandırdığımız Avropa İttifaqı (Aİ) və digər təsisatlar Azərbaycan hakimiyyətini və müxalifətini yaxşı tanıyırlar. Bir məqamı qeyd etmək lazımdır ki, son iki ildə Aİ-nin kibertəhlükəsizlik institutları bu beynəlxalq birlikdə və maraq dairəsinə daxil olan regionlarda sosial media vasitəsi ilə hibrid alətlərlə aparılan informasiya müharibələrinə aid qapalı və açıq hesabatlar hazırlayıblar. Bu hesabatlarda Cənubi Qafqaz ölkələrindən Azərbaycanla bağlı ölkədəki nüfuz agentlərinin (müxalifət liderləri, müstəqil, siyasi, ictimai simalar və s.) sosial media təbliğatında kənar qüvvələrin, xarici xüsusi xidmət orqanlarının kiber təsisatlarının iştirakı haqqında informasiyalar var. Avropada Azərbaycanın imicini ləkələməyə çalışan həmin dairələrin budəfəki planları da pozuldu. İcazəsiz mitinqin qarşısı sivil qaydalarla alındı. Azərbaycan xalqı bir daha gördü ki, ara qarışdırmağa hesablanmış həmin mitinqin təşkilatçıları onun adından danışmağa cəhd edən bir dəstə siyasi işbazdır.

Vəli İlyasov
Qiymət: O
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...