Qeyri-adekvat reaksiyaya səbəb olan patoloji qorxular fobiya adlanır. Psixiatriyada fobiyalar təfəkkürün pozulması ilə xarakterizə olunan sayrışan hallara aid edilir. Fobiyaların əsas əlaməti xəstənin qorxu törədən və panik hücuma səbəb olan situasiyadan sayrışma dərəcəsində qaçmasıdır. Panik tutmanın bir sıra əlamətləri ayırd olunur: xəstə boğazda spazma hiss edir və boğulur, ürək döyüntülərinin sayı artır, bədəndə zəiflik, beyində tormozlanma hiss edir, az qala bayılacaq dərəcəyə çatma, soyuq tər basma, titrəmə, dəhşət hissinə bürünmə, bədəninə nəzarət edə bilməmək və s. Həmin əlamətlərin dördünün aşkar olunması fobiya diaqnozu qoymağa kifayət edir. Bu yazıda son illər ərzində yayılan qeyri-adi fobiyaları təqdim edirik.
Akrofobiya
Akrofobiya yunan mənşəli söz olub, “akron” və “fobos” sözlərinin birləşməsindən yaranmışdır və yüksəklik qorxusu mənasını verir. Bu qorxunu yaşayan insanlar yüksək yerlərə qalxdıqda narahatlıq, sürətli ürək döyüntüsü, əl titrəməsi, tərləmə, ağlama və başgicəllənmə kimi simptomlar yaşayırlar. Fobiyanın bu növü tez-tez uçmaq qorxusu (aerofobiya) ilə qarışdırılır. Bu qorxunu yaşayan zaman insan əsasən tarazlıq duyğusuna etibar etmir və həmin situasiyada tutunacaq yer axtarır. Təbii ki, yüksək yerlərdə narahatlıq hiss etmək qeyri-adi bir hadisə deyil. Məsələn, bir göydələnin yuxarı mərtəbəsindən aşağı baxarkən başgicəllənmə və əsəbilik hiss edə bilərsiniz. Ancaq bu hisslər çaxnaşmaya səbəb ola bilməz. Akrofobiya isə, olduqca güclü təsirlərə malikdir. Bu halda siz, hətta bir körpüdən keçərkən yaxud bir dağ, və ya hər hansı yüksəkliyin fotoşəklini görmək barədə düşünərkən yüksək qorxu hissi keçirə bilərsiniz. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, akrofobiya son illər ərzində ən sıx rast gəlinən qorxulardan biridir.
Neofobiya
Neofobiya yeni əşyalar və yaxud əldə edilmiş yeni təcrübələr qarşısında duyulan qorxu hissidir. Psixologiyada bu fobiyadan əziyyət çəkən insanlarda, həmçinin hər hansı yeni bir əşyaya qarşı qəzəb və nifrət hissi yaranır.
Bir çox konservativ insanlar çox vaxt köhnə adət-ənənələri qorumaq və hər şeyi əvvələ qaytarmaq istəkləri səbəbindən neofob adlandırılırlar. Texnofobiya isə neofobiyanın bir növüdür və yeni texnologiyalardan qorxu hissi ilə izah edilir.
Nomofobiya
Mobil telefonsuz qalmaq qorxusundan əziyyət çəkən insanlar nomofobiyadan əziyyət çəkirlər. Psixoloqlar tərəfindən aparılan son tədqiqatlar göstərir ki, mobil telefon istifadəçilərinin təxminən 50% -i nədənsə cib telefonundan istifadə edə bilmədikləri təqdirdə bir qədər narahat olurlar.Bəzi insanlarda da belə hallar irrasional pozuqluğa səbəb ola bilər.
Faqofobiya
Elə insanlar var ki, onlar üçün hər hansı bir qidanın yeyilməsi narahat bir məqama çevrilə bilər . Bu tip insanlar qidanı udaraq, boğulmaqdan qorxurlar. Belə tip qorxu növünə faqofobiya deyilir və yaxud udmaq qorxusu.
Udma ilə yaranan çətinliklər tamamilə psixoloji bir problemdir, çünki bu tip xəstələr yoxlanışa gedəndə onların yemək borusunu müayinə etdikdə, anormal bir şey tapılmır . Lakin edilən belə müayinələr xəstələrin qorxusunu yox etmir və onların əksəriyyəti, hətta boğulmamaq üçün yalnız maye şəklində və ya asanlıqla udulması asan olan qidaları yeyir.
Skopofobiya
Skopofobiya - kənardakıların diqqətini özünə çəkmək qorxusudur. Bu fobiyadan əziyyət çəkənlər digər insanlardan kənarda durmağa çalışır, ünsiyyətdən qaçırlar. Onlar tədricən paranoikə çevrilir, evdə daha çox vaxt keçirməyə üstünlük verirlər.
Skopofobiya insan psixologiyasına dağıdıcı təsir göstərən bir fobiya növüdür. Yaranma səbəbi kimi skopofobların uşaqlıq dövründə istehza obyekti olmaları göstərilir. Belə insanlar böyüdükdən sonra da başqalarından nə ilə isə ciddi fərqi olduqlarını düşünüb, narahatlıq keçirirlər.
Samirə Tağıyeva, "İki sahil"