Bu şəhərlərdə tezliklə avtomobildən istifadənin qadağan olunacağını bilirdinizmi?
Dünyanın iri şəhərləri tez-tez eyni problemlərlə üzləşirlər, yollarda tıxac, tüstü, səs və s. Əvvəllər bu problemləri yolları genişləndirməklə, yeni yol xətləri çəkməklə həll etmək aktual idisə, son illər meqapolislərdə avtomobillərin sayını azaltmaq tendensiyası yaranıb. Dünyanın müxtəlif iri şəhərlərində şəxsi maşınların istifadəsini azaltmaqla bağlı çoxsaylı proqramlar işlənib hazırlanır. Aşağıda qısa zaman ərzində avtomobilləri küçələrindən yığışdırmağı nəzərdə tutan şəhərlərlə tanış ola bilərsiniz:
Oslo - Norveç
Norveçin paytaxtında tədricən tamamilə avtomobillərə qadağa qoyulması nəzərdə tutulur. Son bir neçə ildə şəhərdə yüzlərlə maşın dayanacağı yeri ləğv edilib. Onların yerinə piyada zonaları, açıq havada oturmaq üçün skamyalar və mini meydançalar yaradılıb. Velosiped yolları şəbəkəsi salınıb və daim genişləndirilir, vətəndaşlara elektrikli velosiped almaq üçün qrantlar ayrılır. Şəxsi nəqliyyat vasitələri israrla şəhərdə azaldılır, lakin ictimai nəqliyyat vasitələrinin sayı davamlı olaraq artırılır. Yeni marşrut xətləri işə salınır, yeni tramvaylar alınır və xidmət fasilələri qısaldılır.
Paris - Fransa
Fransa paytaxtının səlahiyyətli orqanları da şəhəri avtomobillərdən boşaltmağa çalışırlar. 2016-cı ildən etibarən, 1997-ci ilədək istehsal olunmuş avtomobillərin sürücülərinə iş günləri mərkəzə daxil olmaq qadağan edilmişdi və ayın hər ilk bazar günü, şəhərin mərkəzi hissəsi demək olar ki, avtomobillər üçün bağlıdır - yalnız həmin ərazilərdə yaşayan sürücülər və çatdırılma xidməti əməkdaşları oraya daxil ola bilərlər.
Madrid - İspaniya
İspaniyanın paytaxtında 2018-ci ildən “Madrid Central” layihəsinin icrasına başlanılıb. Şəhər mərkəzinə hansı avtomobillərin girə biləcəyi bu proqramla tənzimlənir. Madrid 2025-ci ilədək dizellə işləyən avtomobillərin şəhər küçələrində şütüməsinə qəti şəkildə qadağa tətbiq etməyə hazırlaşır.
Berlin - Almaniya
Almaniyanın paytaxtının 2030-cu ilədək avtomobillərdən tamamilə təmizlənməsi nəzərdə tutulub. 88 kvadratkilometrlik mərkəzi sektor ancaq piyadalara və velosipedçilərə əlçatan olacaq. Şəhərdə tramvay şəbəkəsinin genişləndirilməsi planlaşdırılır, yeni metro stansiyalarının tikilməsi, piyada keçidlərinin və velosiped infrastrukturunun inkişaf etdirilməsi nəzərdə tutulub. Bu məqsədlə kifayət qədər iri maliyyə vəsaiti-132 milyon avro ayrılıb.
Onu da qeyd edək ki, Almaniyada bu plan avtomobil lobbisi tərəfindən ciddi tənqidlərlə qarşılanıb.
Onlar bildirirlər ki, avtomobillər alman mədəniyyətinin ayrılmaz hissəsidir və avtomobillərdən imtina milli alman mədəniyyətinə ciddi zərbə ola bilər.
Nyu-York - ABŞ
Nyu-York rəhbərliyi yaxın gələcəkdə şəhərdə avtomobilləri yığışdırmağı planlaşdırmır, ancaq trafikin azalma tendensiyasını dəstəkləyir. Məsələn, “Yay Küçələri” proqramı hər il həyata keçirilir. Proqram çərçivəsində avqustun üç şənbə günü nəqliyyat vasitələrinin hərəkəti Bruklin körpüsündən Mərkəzi Parka qədər qadağan olunur. Nyu-Yorkda da piyada keçidləri və velosiped yolları genişləndirilir.
Boston - ABŞ
Bostonda “Go Boston 2030” adlı kompleks nəqliyyat strategiyası işlənib hazırlanıb. Plana əsasən, növbəti on il ərzində şəxsi maşınlardan maksimum imtina, ictimai nəqliyyatdan geniş istifadə nəzərdə tutulub. Şəhərdə “ağıllı küçələr” salınır, yüksək sürətli avtobuslar istifadəyə verilir.
Mexiko - Meksika
Mexikoda hava çirklənməsi çox aktual məsələdir. Meksikanın paytaxtında sakinləri ictimai nəqliyyatdan istifadəyə və velosipedlərə cəlb etmək məqsədilə müxtəlif proqramlar həyata keçirilir. Hər bazar günü Mexikoda ən böyük küçələrdən biri bağlı olur. 2025-ci ilədək dizel yanacağı ilə işləyən avtomobillərin istifadəsinə qadağa qoyulması gözlənilir.
London - İngiltərə
İngiltərənin paytaxtı formal olaraq avtomobillərdən imtina etmir, ancaq fəal şəkildə onların sayını azaltmağa çalışır. Londonda da yaxın illərdə dizellə işləyən maşınlara qadağa qoyula bilər. Hazırda isə "Euro-4" (benzin) və "Euro-6" (dizel) ekoloji sinfinə aid nəqliyyat vasitələrinin sürücülərindən paytaxt yollarından istifadə etdikləri üçün vergi tutulur. Əsasən, şəhər mərkəzinə daxil olmaq üçün ödəniş tələb olunur, 2021-ci ilin payızından etibarən bu sistem demək olar ki, bütün Londonda tətbiq ediləcəkdir. Londonda da velosipedlər üçün xüsusi magistral yollar tikilir.
Kopenhagen - Danimarka
Kopenhagendə velosipedlərə üstünlük verilir. Bu şəhər Avropada velosipedlərdən ən geniş istifadə olunan şəhərdir. Şəhərin hər on sakinindən doqquzu velosipeddən istifadə edir. Kopenhagen sakinləri Avropada həm də ən az şəxsi avtomobillərə malik sakinlərdir. 2025-ci ilədək şəhərdə zəhərli qazların səviyyəsini minimuma endirmək üçün avtomobillərin yalnız müəyyən məqsədlər xaricində istifadə edilməməsi nəzərdə tutulub.
Venesiya - İtaliya
Venesiya şəhərin avtomobilsiz, ümumiyyətlə, yerüstü nəqliyyat vasitəsi olmadan da mövcud ola bilməsinə canlı bir nümunədir. Şəhərin çox hissəsi adalarda yerləşdiyinə görə qayıqlardan istifadə edilsə də, quruda olan küçələri də az deyil, lakin avtomobillərin istifadəsi qadağandır və məhz belə romantik abu-havası ilə şəhər dünyanın hər yerindən turistləri özünə cəlb edir.
Nubar Süleymanova, “İki sahil”