26 yanvar 2021 16:43
826

Ermənilər dəmir yumruğu unutmamalıdırlar

AŞ PA-nın qış sessiyasında   Azərbaycanın İkinci Qarabağ savaşında qazandığı qələbəni gözdən salmaq üçün təxribat törətməyə çalışan Ermənistan nümayəndələrinin təklifləri müzakirəyə çıxarılmadı

Vətən müharibəsində  biabırçı məğlubiyyətindən sonra da təxribatlarına  ara verməyən Ermənistanda  qarşıdurma, gərgin  vəziyyət davam edir.  İşğalçı ölkənin bütün şəhərlərində keçirilən mitinqlərdə səslənən  «istefa» tələbini eşitmək istəməyən, aksiyaların qarşısını   özünə yaxın qüvvələr hesabına  alan Ermənistanın baz naziri Nikol Paşinyan  17  müxalifət partiyasının birləşdiyi «Vətənin xilası naminə hərəkat»ın tələblərinə də əhəmiyyət vermir. Müharibədən sonra ölkədə yaranan çaxnaşma, sosial-psixoloji durumun daha da ağırlaşması,  müharibədə ölən və itkin düşən əsgər valideynlərinin  etirazları respublikanı iflic vəziyyətinə salıb.  Aksiya iştirakçılarının həbsi ilə davam edən antidemokratik hərəkatın güclənməsi,  itaətsizlik Respublikaçılar partiyasının gənclər təşkilatının sədri  Hayk Mamiçanyanın, «Hayrenik» (Vətən) partiyasının üzvü Babken Harutyunyanın həbsi  ölkədəki  siyasi vəziyyəti daha da ağırlaşdırır.   Maraqlı dairələrin əlində oyuncağa, vasitəyə çevrilən ermənilər başa düşürlər ki,  2018-ci ildə ölkədən kənarda hazırlanan, əhaliyə  planlı dövlət vəd edən xoş xəyallara inam ölkəni uçuruma aparır. Ölkədə mədəniyyət, hüquq-mühafizə orqanları əməkdaşlarının Nikolun istefasını tələb edən kütləvi aksiya iştirakçılarına dəstəyi  Ermənistanı aqoniya vəziyyətinə gətirib. İkinci Qarabağ savaşında  məğlub olan Ermənistanla müqayisədə Azərbaycanın qüdrətli  ordusunun  döyüş taktikası və strategiyasının beynəlxalq səviyyədə etirafı erməniləri daha da qəzəbləndirir. İllərdən bəri xalqı aldadaraq ac-yalavac yaşamağa məcbur edən , ölkənin onsuz da cüzi həcmdə olan dövlət vəsaitinin  ordu quruculuğuna sərf edildiyi görüntüsünü yaradan Ermənistanın indiki və keçmiş rəhbərliyinin korrupsioner əməllərindən hiddətlənən xalq neçə illərdir ki,  mövcud iqtidarların  vədlərinə inanaraq sosial böhran şəraitində yaşayırlar.İşğalçı ölkədə baş verən bu kimi halları gizlətməyə çalışan Ermənistan iqtidarı onları dəstəkləyən dairələrə arxalanaraq yenə də  Azərbaycana qarşı təxribatlar törətməyə, beynəlxalq qınaqdan yayınmağa çalışırlar.

Yanvarın 25-də öz işinə başlayan AŞPA –nın qış sessiyasında ölkəmizə qarşı  təxribatlarını davam etdirən işğalçı ölkəni təşkilatda təmsil edən nümayəndələr məğlubiyyətlərini ört-basdır etmək üçün bəhanələr gətirsələr də, Azərbaycanla əlaqədar məsələnin gündəliyə salınması ilə bağlı  məkrli gedişləri baş tutmayıb.   Erməni nümayəndələrin ölkəmizlə bağlı  əsassız iddialarını əks etdirən  təkliflər AŞPA-nın Bürosunda, Paralament Assambleyasında   müzakirəyə belə çıxarılmayıb. Artıq bütün dünya ictimaiyyəti kimi avropalı  deputatlar da bilirlər ki,  tarixi  torpaqlarını Ermənistanın işğalından azad edən Azərbaycan BMT-nin,  Avropa Şurasının həllini gözləyən müvafiq qətnamələrini öz gücü hesabına yerinə yetirib.

Həqiqət budur ki,  sülhsevər siyasəti, ədalət prinsiplərinə sadiqliyi ilə diqqəti cəlb edən Azərbaycan müharibənin davam etdiyi müddətdə də humanitar siyasətinə,  sülh prinsipinə sadiq qalaraq  ölən əsgərlərini döyüş meydanından çıxarmaq, işğal etdikləri əraziləri tərk etmək üçün ermənilərə şərait yaratdı. Lakin qısa   atəşkəs müddətində belə  faşizmə sadiqliyini göstərən  barbar, vəhşi ermənilər  döyüş bölgəsindən xeyli aralıda yerləşən Gəncəni, Tərtəri, Qəbələni  raket atəşlərinə tutaraq 100-ə yaxın dinc əhalini, o cümlədən qocaları, qadınları, azyaşlı uşaqları qətlə yetirdilər. Tərk etdikləri evləri, Azərbaycan xalqına məxsus tarixi abidələri, meşələri yandıraraq,  su mənbələrini zəhərləyərək,  ev heyvanlarını öldürərək  qəddarlıqlarını göstərən ermənilərin meşələrdə gizlənən terrorçuları müdafiə etmələri,   hərbi əməliyyatlar dayandırıldıqdan sonra bölgəyə  təxribatçılar  göndərmələri  noyabrın 10- da hərbi əməliyyatların dayandırılması ilə bağlı  imzalanan üçtərəfli Bəyanatda göstərilən şərtlərin pozulması deməkdir. Tarixən üzərinə düşən öhdəliyə  əməl etməməsi Ermənistanın destruktiv siyasətindən qaynaqlanır.   Kapitulyasiya aktını imzalamaqla işğalçı olduqlarını  etiraf edən ermənilərin yenidən  müharibə ilə bağlı iddialar irəli sürmələri isə   siyasi həyasızlıqdır. İşğalçı dövlətin  bəzi qüvvələri tərəfindən « müharibə hələ bitməyib» kimi iddiaların səslənməsi erməni boşboğazlığının ənənəvi  təzahürüdür. Bu boşboğazlığa isə cavab Prezident İlham Əliyevin  Ali Baş Komandan kimi də sərt  xəbərdarlığıdır: «Mən demişəm ki, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər. Heç kim bizim qabağımızda dura bilməz. Bundan sonra həmişə belə olacaq. Azərbaycan Ordusu, xüsusi təyinatlılar, bizim qəhrəman övladlarımız, hərbi birləşmələrin döyüşçüləri Şuşanı və azad edilmiş bütün torpaqları göz bəbəyi kimi qorumalıdırlar ki, düşmən bir daha belə cəhd etməsin. Cəhd edərsə, axırı lap pis olacaq.»

Xuraman İsmayılqızı, «İki sahil»