27 yanvar 2021 18:14
600

İstərdik ki, əhali ölkəmizin vaksinasiya tədbirlərinin təhlükəsizliyinə güvənsin

COVID-19 bəlası bir ildən artıq müddətdir ki, dünya ölkələrini təhdid etməkdədir. Artıq bu təhlükəli virusa planet üzrə yoluxanların sayı 100 milyonu ötüb, 2 milyondan artıq insan isə həyatını itirib. Hazırda dünyanın bir çox ölkələrində koronavirusdan qorunmağın ən effektiv yolu olan vaksinasiya prosesinə başlanılıb. Peyvəndin ən çox tətbiq olunduğu ölkələr siyahısına Almaniya, İsrail, İtaliya, İspaniya, Böyük Britaniya, ABŞ, Çin və Rusiya başçılıq edir. Türkiyə də yeni növ koronavirusa qarşı mübarizə məqsədilə Çin istehsallı “Sinovac” vaksininin tətbiqinə start verib.

Artıq ötən həftədən ölkəmizdə də peyvəndləmə prosesinə başlanıb. Nazirlər Kabinetinin 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda COVID-19 infeksiyası əleyhinə vaksinasiya ilə əhatə olunan əhali qrupları sosial və tibbi cəhətdən yüksək risk qrupu olaraq ayrılır. Sosial cəhətdən yüksək risk qrupuna səhiyyə işçiləri, hüquq - mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular, təhsil sahəsində və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, “ASAN xidmət”, DOST mərkəzlərində, ictimai nəqliyyat sektorunda, telekommunikasiya operatorları və provayderləri, poçt sahəsində, bank sektorunda birbaşa əhali ilə təmasda olan işçilər aiddirlər.

Məlumat üçün qeyd edək ki, respublikamızda Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini ilə peyvəndlənmə həyata keçirilir. Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev söyləyib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş “Sinovac” vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanır. Yüksək qoruyuculuq və uğurlu sınaq nəticələri var. Saxlanma şəraiti, çatdırılma və tətbiq şərtləri, “soyuq zəncir” sistemi tələbi əlverişlidir.

Vaksinasiya pandemiya və epidemiyaya səbəb olan yoluxucu xəstəliklərlə mübarizədə ən effektli yoldur. Son yüz ildə peyvəndlərin bir çox xəstəliyin zərərlərini azaltmağa kömək etdiyini vurğulayan tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva “İki sahil”ə açıqlamasında bildirdi ki, 1960-cı illərdə qızılcaya qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon adam ölürdü: “ÜST-ün məlumatlarına görə, 2000-2017-ci illər aralığında qızılca ölümlərinin sayı 80 faiz azalıb. Cəmi bir neçə on il əvvəl milyonlarla insan poliomielit xəstəliyinin qurbanı olurdu. Bu xəstəliyə yoluxanları ya iflic, ya da ölüm yaxalayırdı. Hazırda poliomielit tamamilə yox olub”.

Y. Abdiyeva Azərbaycanda istifadə edilən vaksinlərin təhlükəsiz olduğunu və onun təhlükəsizliyinin Türkiyədə laboratoriya sınaqlarında təsdiqləndiyini də söyləyib: “Bu gün bir çoxları hesab edirlər ki, vaksinlərin təhlükəsi var. Çox istərdik ki, insanlarımız vaksinlərlə bağlı aparılan antitəbliğatlara yönəlmiş məlumatlara inanmasınlar, ölkəmizin vaksinasiya tədbirlərinin təhlükəsizliyinə güvənsinlər. Onu da diqqətə çatdıraq ki, vaksin vurdurduqdan sonra baş ağrısı, yüngül qızdırma, halsızlıq kimi əlamətlər müşahidə edilə bilər. Bu əlamətlərə də hamıda deyil, bəzi insanlarda rast gəlinə bilər. Virusa yoluxduqda da bu əlamətlər daha kəskin, hətta daha ölümcül olur. Artıq pandemiyanın başladığı ötən dövr ərzində bu xəstəliyin nələrə səbəb olmasının şahidi olmuşuq. Buna görə də ən yaxşısı budur ki, vaksin strategiyasında hədəf qruplar kimi müəyyən edilmiş insanlar peyvənd olunmaqla öz sağlamlıqlarını qorusunlar”.

Y. Abdiyeva, həmçinin onu da qeyd etdi ki, peyvəndlər icad olunana qədər dünya bugünkündən çox-çox təhlükəli idi. Müasir peyvəndlər milyonlarla insanın həyatını xilas edib.

Mənsumə Babayeva, “İki sahil”