Gənclər hər bir cəmiyyətin aparıcı qüvvəsidir. Gənc nəslə qoyulan investisiya dövlətin parlaq gələcəyinin təminatıdır. Gənclərin tərbiyəsi, onların problemlərinin həllinə dəstək və gənc vətəndaşlara dövlət qayğısı yeni və müstəqil Azərbaycan dövlətinin daxili siyasətinin mühüm vəzifələrindəndir.
“İki sahil” 2 fevral- Azərbaycan Gəncləri Günü münasibətilə gəncliyimizin uğurlu simalarını sizlərə təqdim edir:
Həmsöhbətimiz Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi və UNEC-in İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri Yusif Cəfərbəylidir.
Y. Cəfərbəylinin sözlərinə görə, Azərbaycanın inkişafı, dünya dövlətləri sırasında öz layiqli yerini tutması Azərbaycan Respublikasının hər bir vətəndaşı, o cümlədən, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın üzərinə yeni-yeni vəzifələr qoyur və hər bir azərbaycanlı bu vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır: “Hər bir gənc öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir. Bu gün Azərbaycan gəncləri öz ölkəsinin suverenliyi və ərazi bütövlüyünün keşiyində ayıq-sayıq dayanır, peşəkar kadr olmaq üçün müxtəlif biliklərə yiyələnir, Azərbaycan Respublikasının bayrağını yüksəkliklərə qaldıraraq dünya səviyyəli idman yarışlarında fərqlənir. Mən də təhsil aldığım Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri vəzifəsini icra edirəm. İqtisadçı Vətənpərvərlər Təşkilatı Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin ümumi maraqlarına və könüllülük prinsiplərinə əsaslanan təşkilatdır. Təşkilatın əsas məqsədi tələbələr arasında vətənpərvərlik ruhunun yüksəldilməsidir. Bu istiqamətdə tədbirlərin keçirilməsi və tələbələr arasında vətənpərvərlik təbliğatının aparılması, şəhid ailələri və qazilərlə tələbələr arasında sıx əlaqələrin yaradılması, cəbhə bölgələrinə səfər edilməsi və qəhrəmanlarımızın döyüş yolları barədə tələbələrə düzgün məlumat çatdırılmasıdır. Bu istiqamətdə təşkilat bir çox layihələr və tədbirlər həyata keçirmişdir.”
Həmsöhbətimiz Tarixi Zəfərimizdən də söz açdı: 2020-ci il Azərbaycan tarixinə böyük Qələbə ili kimi düşdü. Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla yerinə yetirərək böyük və tarixi Qələbəyə imza atdı. 44 gün sürən Zəfər yürüşü ərzində ölkəmiz döyüş meydanında hərb tarixinə düşəcək böyük uğurlar əldə etdi və doğma yurd yerlərimizi düşmən işğalından azad etdi. Bu Qələbənin əldə olunmasında gənclərin də xüsusi rolu var. Ölkə başçısı, möhtərəm cənab Prezident İlham Əliyev işğaldan azad olunmuş qədim Şuşa şəhərinə səfəri zamanı da qeyd etdi ki, “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.
Yusif Cəfərbəyli sonda əlavə etdi ki, tarixən imperiyalar və sivilizasiyalar məkanında yaşayan Azərbaycan xalqının həyat tərzi elə qurulmuşdur ki, mübarizlik ruhu onun xarakterinə və ideyalarına hopmuşdur. Düşmənlərlə mübarizə həyat tərzi olan Azərbaycan gəncləri daim döyüş meydanlarında, zəfərlərdə böyümüş, inkişaf etmişdir. Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı ictimai-siyasi qüvvə olan gənclər bu yöndə tarixi uğurlar qazanmaqla öz ölkəsinin müstəqilliyinin qurulması və möhkəmləndirilməsi prosesində, dövlətçiliyin inkişafında fəal iştirak etmişlər. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar.
Yaqut Ağaşahqızı, “İki sahil”