03 fevral 2021 11:59
2580

Nə üçün çinlilər əl ilə görüşmürlər?

Hər xalqın öz adət və ənənələri var. Misal üçün, Çinə gəlmisinizsə, eyni insanın hər gün sizinlə salamlaşacağını, hal-əhval tutacağını gözləməyə dəyməz. Bəs bu hörmətsizlik əlaməti sayılmırmı?

Bizim üçün salamlaşma gündəlik vacib bir prosesdir və hörmət əlamətidir. Çin sakinləri üçün isə əksinə, nə qədər qəribə olsa da, salamlaşmadan imtina nəzakətlilik göstəricisidir.

Bizim ölkədə və bir sıra Avropa ölkələrində hər gün hal-əhval tutub görüşmək qaydadır, hətta hər gün gördüyümüz qonşular və ya iş yoldaşlarımız ilə görüşməmək hörmətsizlik sayılır. Çində və bəzi digər Asiya ölkələrində əl ilə görüşmək ümumiyyətlə qəbul edilmir. Onlar avropalı qonaqlara bu “güzəşti” edə bilərlər, lakin özləri görüşməyi lazımsız və mənasız bir şey sayırlar. Orada kolleqalarla iş yerində salamlaşmaq və işdən çıxarkən sağollaşmaq qaydası da yoxdur.

Buna səbəb ilk növbədə çinlilərin çoxunun utancaq xarakteri və emosiyalarını gizlətməyə meyilli olmasıdır.

Formal olaraq, Çin dilində salamlaşma “ni xao” kimi səslənir. Lakin çinlilər bu ifadədən daha çox ilk tanışlıqda və ya tanımadıqları nömrədən zəng gəldikdə istifadə edirlər.

Nubar Süleymanova, “İki sahil”