Türkiyənin Bursa şəhərində İrgandı, Bolqarıstanın Lofça şəhərində Osma, İngiltərənin Bat şəhərində Pulteney, Florensiyada Vecchio və Venesiyada Rialto körpüləri dünyanın ən məşhur körpülərindən sayılır. “İki sahil” xəbər verir ki,yüz illərlə yaşı olan bu körpülər, yerləşdikləri şəhərlərin simvoluna çevriliblər. Bu körpülər tarix boyu şəhərləri və mədəniyyətləri bir-birinə bağlayan memarlıq üslublarına görə də böyük əhəmiyyətə malik olub.
Bu körpülərin tarixinə birlikdə nəzər yetirək.
İrgandı körpüsü -Bursa

1442-ci ildə Irgandılı Əli oğlu Hacı Muslihiddin tərəfindən inşa edilən İrgandı körpüsü dükanları ilə də şəhərin ticarətində əhəmiyyətli bir yer tutur. Bu gün Bursanın simvollarından birinə çevrilən İrgandı körpüsü, 1854-cü ildə baş verən zəlzələ nəticəsində ziyan görüb. Qurtuluş döyüşü dövründə yunan əsgərləri tərəfindən bombalanan körpü 2004-cü ildə Osmangazi Bələdiyyəsi tərəfindən təmir edilib və mövcud görünüşünü almışdır. Bu gün də, körpünün üzərindəki əl işləri dükanları öz fəaliyyətini davam etdirir. İrgandı körpüsü tək bir tağ üzərində inşa edilib.
Vecchio körpüsü- Florensiya

Arno çayı üzərində inşa edilmiş tarixi Vecchio körpüsü, Florensiya haqqında danışarkən ağla gələn ilk tikililərdən biri sayılır. 32 metr enində və üç tağ üzərində inşa edilmiş Vecchio körpüsündə bir çox zərgərlik mağazası var. Bunlardan bəziləri əsrlər boyu eyni ailələr tərəfindən idarə olunur. 11-ci əsrdə bir daşqından sonra, köhnə körpü tamamilə dağıldıqdan sonra, florensiyalılar yeni bir körpü tikməyə qərar veriblər. Dövrün qeydlərindən Vecchionun 1345-ci ildə istifadəyə verildiyi məlum olub.
Pulteney körpüsü- Bat

İngiltərənin ən qədim şəhərlərindən biri olan Bat, Roma dövrünün abidələr ilə diqqət çəkən bir şəhərdir. Bundan əlavə, Bat, şimalın qotik memarlığının bir çox nümunəsinə ev sahibliyi edib. Şəhərin ən məşhur yerlərindən biri də Avon çayı üzərindəki Pulteney körpüsüdür. Palladian üslubunda inşa edilmiş Pulteney körpüsü, Bat şəhərinin simvollarından biridir. Robert Adam tərəfindən dizayn edilmiş körpü 1774-cü ildə istifadəyə verilib. Bununla da bu körpü, çayın tam kənarında olan Batvik ilə birləşib. Körpünün hər iki tərəfində də sıra ilə düzülmüş mağazalar var.
Osma körpüsü- Lofça

Bolqarıstanın şimalındakı Lofça şəhərindəki Osma çayı üzərində inşa edilən və eyni adı daşıyan bu körpü memarlığı ilə diqqət çəkir. İlk dəfə 1874-cü ildə taxtadan inşa edilən Osma körpüsü, 1925-ci ildə baş verən yanğından sonra tamamilə dağılıb. 1931-ci ildə yenidən qurulan bu körpü bu dəfə dəmir-betondan tikilib. Ancaq bölgə xalqının tələbindən sonra körpü 1981-ci ildə yenə də əvvəlki kimi taxtadan tikilib. Günümüzədək formasını qoruyan bu körpüdə bir çox mağaza var.
Rialto körpüsü- Venesiya

Dünyanın ən turizm şəhərlərindən biri olan Venesiya hər il milyonlarla qonağı qəbul edir. Bu turistlərin demək olar ki, hamısı Rialto körpüsü qarşısında şəkil çəkdirirlər. Böyük Kanalın dörd körpüsündən biri olan Rialtonun fərqləndirici xüsusiyyəti mağazalarla zəngin olmasıdır. 1591-ci ildə açılan Rialto körpüsünün memarı Antonio de Pontedir.Tək taglı inşa edilən körpünün içərisində çoxlu dükan var. İndiki formasını almadan əvvəl tarix boyu çoxsaylı dağıntılara məruz qalan körpü, həm də Venesiya Karnavalının keçirildiyi yerlərdən biridir.
Vüsal Cahanov, “İki sahil”