2021-ci ildə elmdə daha çox biologiya sahəsində yeniliklərin olacağı gözlənilir. İnkişaf xüsusilə, biotəbabətdə hiss ediləcək. Rusiyanın “Nauka” telekanalı apardığı araşdırmalar nəticəsində belə qənaətə gəlib. Bu, təbii ki, 2020-ci ildən dünyada tüğyan edən koronavirus pandemiyası ilə əlaqədardır. Alimlər virusun yayılmasının qarşısını almaq və onunla mübarizə aparmaq üçün müxtəlif metodlar işləyib hazırlayırlar.
2021-ci ildə bioloqlar hansı heyvanların koronavirusun yeni növünün daşıyıcısı ola biləcəyi və ümumiyyətlə təbiətdə virusların mövqeyi barədə geniş tədqiqatlar aparmağı planlaşdırırlar.
Cari ildə xüsusi diqqətin ayrılacağı ikinci sahə süni intellekt və beynin inteqrasiyası olacaq. İlin başlanğıcında artıq İlon Maskın “Neurolink” layihəsi üzrə müəyyən yeniliklərə imza atıldı. Meymunun beyninə çip yerləşdirildi və o, videooyun oynamağa qadir oldu. Neyron şəbəkələrinin istifadəsi davamlı olacaq və hansı nəticələri verəcəyi hələlik bəlli deyil.
Fizika sahəsində də kəşflər gözlənilir. Yüksək ağırlıqlı elementlərin və elementar hissələrin dərindən öyrənilməsi planlaşdırılır.
İlin digər perspektivli elmi nailiyyətləri kosmosla bağlı ola bilər. Alimlərin Ay, Venera, Mars və asteroidlərin tədqiqi ilə bağlı xüsusi planları var. “Qırmızı” planetə üç marsoxodun göndərilməsi nəzərdə tutulur.
Proqnozlaşdırılan elmi nailiyyətlərlə yanaşı, heç kimin planlaşdırmadığı şeylər də ola bilər. Necə ki, 2020-ci ildə dünya üçün görünməmiş bir vəziyyət yarandı - əvvəllər bilinməyən bir virusun pandemiyası. Pandemiya tətbiqi və fundamental elmə birbaşa təsir etdi. Hər il bəşəriyyəti dünya mənzərəsini anlamağa vadar edən müəyyən hadisələr baş verir. Bu aspektdən fikirləşsək, proqnozlara baxmayaraq, tədqiqatlar bir çox fərqli istiqamətlərdə də davam edə bilər.
Nubar Süleymanova, “İki sahil”