08 fevral 2021 11:50
1036

ÜST: COVID-19 vaksinləri DNA-nı dəyişdirmir və sonsuzluq yaratmır

Ümumdünya Səhiyyə Təşkilatı “Twitter” hesabına koronavirusla bağlı yayılmış miflər barədə süjet yerləşdirib.

“İki sahil” “vesti.ru” saytına istinadən xəbər verir ki, təşkilatın immunizasiya və vaksinlər üzrə departamentinin rəhbəri Keyt O’Brayen bildirib ki, koronavirus peyvəndinin sonsuzluq yaradacağı ilə bağlı gəzən söhbətlər cəfəngiyyatdır.

O, qeyd edib ki, bütün bunlar şayiələrdir və müxtəlif preparatlar haqqında çox vaxt  belə əsassız söz-söhbətlər yayılır, əslində isə heç bir vaksin sonsuzluq yaratmır. Koronavirus vaksini mRNA əsasında işlənib hazırlanıb, mRNA molekulları DNA molekuluna keçə və ya insan bədənində DNA hüceyrələrini dəyişdirə bilməz.

 mRNA bir “təlimatdır, o, orqanizmə zülalları hasil etməklə bağlı xəbərdarlıq edir. Əvvəlki vaksinlər orqanizmə lazımı zülalı və ya mikroorqanizmin hissəciyini özü ötürürdü, yeni vaksinlərdə isə mRNA fərqli təsir göstərir, o bir növ təlimat verir və nəticədə orqanizm özü zülalı hasil edir və beləcə təbii yolla xəstəliyə qarşı immunitet yaranmış olur.

Keyt O’Brayen xatırladıb ki, vaksinin tərkib hissələri sınaqlardan keçirilib və təhlükəsizliyi təsdiq olunub.

Nubar Süleymanova, “İki sahil”