08 fevral 2021 17:27
2341

İlk virus proqramı nə zaman və harada yaradılıb?

İnternet dünyası nə qədər çox faydalı məlumatla dolu olsa da, eyni zamanda, kompüter və telefonlarınız üçün təhlükəli olan proqramlarla zəngindir. Milyonlarla insanlara zərər vermiş bu təhlükələr haqqında geniş məlumat hazırladıq.

Kompüter virusları təxminən 1980-ci illərin əvvəllərində meydana çıxmışdır. «Kompüter virusu» termini 1984-cü ildə ABŞ-da keçirilən informasiya təhlükəsizliyi üzrə 7-ci konfransda Fred Koen tərəfindən işlədilmişdi. Ümumiyyətlə, hər virusun öz adı vardır. Məsələn, Cansu, Stoned, Michaelangelo, Brain, Einstein və s. kimi virus növləri daha məşhurdur.

“Creeper” proqramı dünyada ilk kompüter  virusu sayılır. Onu 1971-ci ildə  ABŞ Müdafiə Nazirliyinin Perspektiv Tədqiqatlar Agentliyinin (DARPA) ARPANET3 şəbəkəsinə xidmət göstərən əməkdaşı yazıb. “Creeper” müasir mənada başa düşülən kompüter vürusu olmayıb. Onun yaradıcısı mühəndis  Bob Tomas sadəcə kompüterlər arasına “hərəkət edən” proqram yazmağa cəhd göstərmişdi. O, bu yolla kompüterlərə hansısa ziyan vurulmasının mümkünlüyünü təsəvvür belə etmirdi.

Kompüterin yaddaşına girən proqram "I'm the creeper, catch me if you can!" məlumatını gəzdirib dərhal digərinə yönəlməyə cəhd edirdi. Creeper TENEX əməliyyat sistemi  ilə çalışan DEC PDP-10  kompüterlərində işləyirdi.  Bu kompüterlər indiki ölçülərlə müqayisədə həddən artıq iri idi. Zəhlətökən və ümumiyyətlə, zərərsiz  virusa qarşı “Reaper” proqramı işlənib hazırlanır. Buna  o zamanın antivirusu desək ,yanılmarıq. Yeri gəlmişkən, həmin illlərdə kompüter proqramlarına münasibətdə “virus” sözü işlənmirdi. “Kompüter virusu” termin kimi sonradan meydana gəlib.

1983-cü ildə kaliforniyalı tələbə Fred Koen kompüter təhlükəsizliyi məşğələlərində öz- özünə artan və şəbəkəyə virus kimi yayılan proqram yaradır. Həmin proqram xüsusi təhlükəli deyildi. Fred Koen  o zamandan “kompüter virusu” termininin müəllifi sayılır.

İndi virusların yayılması üçün ən əlverişli vasitə internetdir. 2000-ci ildə yaranan “yeni dövrün”  ilk genişmiqyaslı virusu “I LOVE YOU” epidemiyasıdır. O, elektron poçt vasitəsi ilə yayılır. Məktub alan istifadəçi cəlbedici başlığa aldanır, onu açan kimi ziyanverici proqramla üzləşir.

Yeri gəlmişkən, Fred Koen 1987-ci ildə sübut edib ki, kompüter viruslarını  aşkarlayıb qeydə alan 100 %-lik alqoritm yaratmaq mümkün deyil.

Samirə Tağıyeva, “İki sahil”