Amerika Aviasiya və Kosmik Agentliyi (NASA) 2020-ci ilin noyabrında SpaceX-ə məxsus “Falcon 9” raketi ilə kosmosa göndərilən kosmonaftların ABŞ torpaqlarından kosmosa gedən və ən uzun qalma rekordunu qırdığını bildirib.
“İki sahil” ABŞ mətbuatına istinadən xəbər verir ki, “Crew-1” adlı kosmik gəmi ilə 4 kosmonaftın 16 noyabr 2020-ci il tarixində Floridadakı Kennedy Kosmik Mərkəzindən havaya qaldırıldıqdan sonra Beynəlxalq Kosmik Stansiyada (ISS) 85 gün keçirərək rekord qırdığı qeyd edilib. Əvvəlki rekordun 8 fevral 1974-cü ildə ABŞ-dan kosmosa göndərilən və 84 gün kosmosda qalmış “Skylab-4” heyətinə aid olduğu bildirilib. NASA 4 nəfərlik kosmonaft qrupu olan “Crew-1”i 16 noyabr 2020-ci il tarixində Amerikanın raket, peyk və kosmik gəmi istehsalçısı SpaceX-ə məxsus Dragon kosmik gəmisi ilə Floridadakı Kennedy Kosmik Mərkəzindən kosmosa göndərib.
NASA kosmonaftları Mike Hopkins, Victor Glover, Shannon Walker və Yaponiyanın Kosmik Tədqiqatlar Agentliyindən (JAXA) olan Soichi Noguchinin 6 ay müddətində ISS-də qalacağını və elmi araşdırmalar aparacağını ifadə edib. “Crew-1”in uçuşuna xüsusi diqqət yetirilib, çünki ABŞ 2011-ci ildə kosmik gəmi uçuşlarını dayandırdıqdan sonra ilk dəfə ölkə ərazisindən buraxılıb. ABŞ 2011-ci ildə “Crew-1”in uçuşuna qədər öz kosmonaftlarını Rusiyanın Soyuz kosmik gəmisi ilə ISS-yə göndərib.
Vüsal Cahanov, “İki sahil”