09 fevral 2021 14:34
1404

“Tercedes” 50 km sürətə çatır - FOTO

Türkiyənin Düzcə şəhərində yaşayan Qara dənizdən gələn gənc Oğuzhan Yılmaz motosiklet mühərrikini maşın qəbirstanlığından aldığı materiallarla birləşdirərək 50 kilometr sürətə çatan 4 təkərli bir vasitə istehsal edib.

“İki sahil” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kurukavak kəndində yaşayan 21 yaşlı Yılmaz qış aylarında kənddə iş olmadığına görə evinin altında tikdirdiyi kiçik emalatxanada köhnə motosklet mühərrikini sökərək yenisini təmir edib.

Hobbi olaraq təmir işləri görən Yılmaz mühərrik işə düşəndən sonra ​​kənddə nəqliyyatı təmin edəcək bir vasitə yaratmaq qərarına gəlib. Əvvəlcə maşın qəbirstanlığından dəmir profillər alan gənc daha sonra sükan çarxını, sürücü oturacağını və düzəltdiyi vasitənin alt hissəsi və təkər sistemlərini satın alıb.

"Patpat" adlanan əkinçilik vasitəsinin təkərləri və oxlarından istifadə edən Yılmaz 4 təkərli halına gətirdiyi nəqliyyat vasitəsini daha da inkişaf etdirməyi planlaşdırıb.

Hobbi məqsədli nəqliyyat vasitəsi kimi istehsal etdim

Anadolu Agentliyinə (AA) danışan Oğuzhan Yılmaz avtomobilin rəsmini çəkmədən, düşünmədən və sınaqdan keçirmədən düzəltdiyi hissələrin demək olar ki, hamısının qırıntılar və boş materiallardan olduğunu söyləyib: "Bu vasitəni  sırf hobbi məqsədləri üçün istehsal etdim. Mən əkinçiyəm, kəndlərdəki tarlalar və ya bağçalarla məşğulam. Bir logistika şirkətində çalışırdım, ancaq pandemiya dövrü zamanı o iş yeri artıq işləmirdi. Mən əsasən kənddə oluram. Komendant saatı vaxtı darıxdım və köhnə motoskletimizin mühərrikini söküb təmir etdim. Əvvəl başladığımda əslində cansıxıcı idi.”

İnternetdə mühərrikin necə istifadə ediləcəyinə baxarkən qardaşı ilə bir plan qurduqlarını izah edən Oğuzhan Yılmaz belə davam edib: "Qeyri-peşəkar olaraq sınaq yolu ilə bir vasitə düzəltməyə başladıq. Tez-tez səhvlər edirdim və onu söküb yenidən düzəltdim. Dəmir detallardan, sükan çarxından oturacağa qədər aldığım materiallardan istifadə etdim. Materialın hamısı tullantı idi. Yalnız təkərlərimiz təzə idi. Mən təkər tullantılarından istifadə edə bilmədim, ancaq qalan hər materialını işlədə bildim."

Hər kəs bir dəfə minib tura çıxmaq istəyir

Gələcəkdə nəqliyyat vasitəsini inkişaf etdirməyi düşündüyünü vurğulayan Yılmaz "gələcəkdə nəqliyyat vasitəmi 4x4-ə çevirəcəyəm. İndi irəli sürmək olur, geriyə isə olmur. Buna "Tercedes" adını verdim. Ətrafda çox diqqət çəkib. Nəqliyyat vasitəsini küçəyə çıxardığım zaman hər kəs bir dəfə minib tur etmək istəyir. Çox bəyənilib. Mən ondan yalnız kənddə istifadə edirəm.” deyə bildirib: “Onu məndən çox istəyirlər. Nəqliyyat vasitəsini düzəltmək mənə pulsuz başa gəldi. Canım sıxıldığından bu işə başladım. Onsuz da bir mühərrikim var idi və hissələri dəmir satıcılarından aldığım üçün pulsuz alındı. İşi özüm etdim. Heç bir yüksək maliyyə tələb olunmadı. Bir kənd üçün ideal bir vasitə olduğunu düşünərək zarafatla “Tercedes” adını qoydum.”

Nəqliyyat vasitəsini 3 ayda emalatxanasında tamamladığını bildirən Yılmaz hər növ ərazidə və asfaltda problemsiz bir şəkildə irəlilədiyini qeyd edib.

Vüsal Cahanov, “İki sahil”