10 fevral 2021 11:35
988

Allergiya xəstələri üçün çətin günlər başlayır

Allergiya çox xoşagəlməz bir xəstəlikdir. Bu xəstəlik insanın təkcə sağlamlığına deyil, bütün həyat tərzinə təsir edir. Allergiyalı insanlar üçün bitkilərlə eyni məkanda yaşamaq xüsusilə çətindir, bitkilərin tozlanma, çiçəklənmə dövründə bəzi allergiya xəstələri hətta yaşadıqları yeri tərk etməyə belə məcbur olurlar.

Burun axıntısına əlavə olaraq, konyuktivit və nəfəs darlığı, öskürək, əsəbilik və yüksək yorğunluq allergik bir insanın bitkilərin çiçəkləmə dövründə yaşamasına ciddi maneə törədir.

ABŞ-dan olan alimlər təcrübələr nəticəsində müəyyən ediblər ki, bitkilərin çiçəkləmə mövsümü ABŞ-da ildən-ilə uzanır. Onlar bunu qlobal istiləşmə ilə əlaqələndiriblər. Alimlər bildirirlər ki, bu bir daha onun sübutudur ki, iqlimin dəyişməsi insanların həyatına artıq birbaşa təsir etməyə başlayıb.

Təkcə ABŞ-da 25 milyon insan allergik rinitdən əziyyət çəkir, bu xəstəliyin əsas səbəbi isə bitkilərin tozcuqlarıdır.

“İki sahil” vesti.ru saytına istinadən xəbər verir ki, tədqiqatçılar ABŞ və Kanadada 1990-2018-ci illər ərzində bitkilərin tozcuqlarının havadakı konsentrasiyası üzərində təcrübələr toplayıblar.

Onlar belə nəticəyə gəliblər ki, 2018-ci ildə qitədə çiçəkləmə mövsümü 20 gün daha tez başlayıb və 10 gün daha gec bitib. Tozcuq konsentrasiyası isə 1990-cı illə müqayisədə 21 % artıb.

Tədqiqatçılar qeyd ediblər ki, allergiklər üçün çətin günlər başlayıb, iqlim dəyişikliyi ilə mübarizəni gücləndirmək üçün isə növbəti səbəb yaranıb.

Nubar Süleymanova, “İki sahil”