Alimlər cihazların inkişafına səbəb ola biləcək yeni material hazırlayıblar. Bu material sayəsində qadjetlər sahibinin gəzməsi zamanı elə cibdəcə enerji toplayacaqlar. Bu möcüzəvi imkanı yeni bir kristalın unikal tərkibi sayəsində əldə etmək mümkün olub.
“İki sahil” “vesti.ru” saytına istinadən xəbər verir ki, tədqiqatların nəticələri “Nature Materials” jurnalında dərc edilib.
Kristal dedikdə adətən, biz deformasiyaya və elastikliyə meyilli olmayan nəsə bərk bir maddə başa düşürük.Lakin Sinqapur və Çindən olan alimlər 22 % deformasiyaya uğraya bilən, normal pyezoelektrikdən 40 dəfə artıq elastikliyə malik material əldə ediblər. Bu qeyri-adi maddənin formulu C6H5N(CH3)3CdCl3-dür. Alimlər onu da bildiriblər ki, formulda xlor atomlarını borla əvəz etməklə maddənin gücünü daha da artırmaq olar.
Bu maddəni əsasən, qadjetlərin hazırlanmasında istifadə edəcəklər. Çantasında və ya cibində qadjetini gəzdirən hər kəs həm də onu enerji ilə doldurmuş olacaq.
Nubar Süleymanova, “İki sahil”