Hər millətin özünəməxsus ana dili var və bu dillər ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Əbəs yerə deyilmir ki, bir millətin malını, dövlətini və hətta vətənini işğal etsən, ölüb-itməz, amma dilini alsan, məhv olar və ondan nişan qalmaz.
UNESCO-nun məlumatına görə, dünyada 6000-dən çox dil var, lakin onların yarıdan çoxu məhv olmaq üzrədir.
UNESCO ekspertlərinin fikrincə, gələn əsrədək dünya dillərinin yarısının itib-batacağı gözlənilir. Çünki onlardan danışıq dili kimi istifadə olunmur. Bir dilin yaşaması üçün isə həmin dildə ən azı 100 min insan danışmalıdır.
Beynəlxalq ekspertlərin araşdırmaları göstərib ki, yox olmaq təhlükəsi ilə üzləşən dillər əsasən ölkələrin daxilindəki milli azlıqların dilləridir. Məhv olmaq təhlükəsi ilə üzləşən dillərin daha çox Afrikada yaşayan xalqlara məxsus olduğu bildirilir.
Qeyd etmək lazımdır ki, UNESCO-nun məlumatına görə, 2500-dən çox dil yox olmaq təhlükəsi qarşısındadır. Bu gün dünyada 200-ə yaxın dil var ki, onların hər birində cəmi 10 adam danışır.
Beynəlxalq statistikaya görə, hazırda dünyada ən çox işlənən dil Çin dilidir. Bu dildə 1 milyard 80 milyondan çox insan danışır. İkinci yerdə ingilis dili gəlir. İngilis dilində 515 milyondan çox adam danışır. Hind dillərində danışanlar 500 milyon, ispan dilində danışanlar 425 milyon, rus dilində danışanlar isə 257 milyon nəfərdən çoxdur. Ərəb dili altıncı yerdədir. Bu dildə 256 milyon nəfərdən çox adam danışır. Benqal dilində 215 milyon, portuqal dilində 194 milyon, İndoneziya dilində 176 milyon nəfərdən çox danışan var. Fransız dili onluqda axırıncıdır. 120 milyondan çox adam fransızca danışır.
Bütün türk dillərində isə ümumilikdə 200 milyondan çox adamın danışdığı bildirilir.
Müasir dünyada ən işlək dillər ingilis, ispan, ərəb, rus, fransız, alman, çin, portuqal dilləri hesab olunur. Dünya ölkələrinin təmsil olunduğu Birləşmiş Millətlər Təşkilatında 6 rəsmi dil var: ingilis, fransız, ərəb, Çin, rus və ispan dilləri.
UNESCO ən azı üç səviyyəli dil bacarıqlarının; ana dili, milli dil, ünsiyyət dilinin öyrənilməsini təbliğ etməklə dilçiliklə bağlı əsas məsələ olan çoxdilliliyi təbliğ edir.
Həmçinin qeyd edək ki, dünya xalqlarının dilləri altı - Altay, Ural, Hind-Avropa, Avrasiya, Qafqaz, Paleoasiya dil ailəsində birləşib. Heç kimin danışmadığı dillər isə ölü dillər qrupuna aid edilir. Elə regionlar var ki, orada çoxlu dillər mövcudur. Məsələn. Qafqaz bölgəsində yaşayanlar 100-dən çox dildə danışırlar. Yeni Qvineya əhalisi təqribən 700 dildə danışır. Afrikada 1000-dən çox müxtəlif dil var.
Alimlər bildirirlər ki, ana dilindən sonra ikinci dil öyrnmək istəyən şəxs buna erkən yaşlarından başlamalıdır. Sübut olunub ki, erkən yaşlarında insan beyninin dilə yiyələnmək funksiyası güclü olur.
Elə insanlar var ki, onlarda dil öyrənməyə anadangəlmə xüsusi istedad olur. Belə adamlar beş-altı, hətta doqquz-on dildə mükəmməl danışa danışa bilirlər. Onlara poliqlot deyilir.
Samirə Tağıyeva, “İki sahil”