Şi, kokos, kakao və digər bitkilərin yağlarının gözəllik və sağlamlığa faydası haqqında çox eşitmisiniz. Lakin kameliya, baobab və s.kimi qeyri-adi bitki yağları ilə güman ki, çoxlarınız tanış deyilsiniz. Yağlar dünyası düşündüyümüzdən daha zəngindir. Aşağıda bəzi fərqli yağlar haqqında məlumatlarla tanış ola bilərsiniz:
Qarağat yağı
Unikal tərkibli yağdır. Saf şəkildə çox quru və ya iltihablı dəri bölgələrində istifadə edilə bilər. Yağ qarışıqları və digər ev kosmetikasının bir hissəsi olaraq dərini bərpa edəcək, hamarlaşdıracaq və sağlam bir görünüş verəcəkdir.
Çiyələk yağı
Çox gözəl ətirə malik olan bu yağı quru dodaqları nəmləndirmək üçün çəkmək olar. Dodaqları soyuq havanın mənfi təsirindən qoruyur və parlaqlıq verir.
Arqan yağı
Qədim zamanlardan arqan yağı tibb və kosmetologiya sahəsində geniş istifadə edilir. Dəri xəstəlikləri və yanıqların müalicəsində çox effektivdir. Saç və dərinin gözəlliyini qoruyub saxlamağa kömək edir. Xolestrin səviyyəsini aşağı salır, qan dövranını yaxşılaşdırır və orqanizmi möhkəmləndirir.
Brokoli yağı
Bu yağ silikonun təbii analoqudur. Bir neçə damcı brokoli yağını saç uclarına vurun və bütün uzunluğu boyu yayın. Saçlarınız möhtəşəm görünəcəkdir.
Limon tumu yağı
Limon tumlarından hazırlanan yağı ev işlərindən sonra dırnaqlarınıza sürtün. Dırnaqlarınızın necə möhkəmləndiyinin şahidi olacaqsınız. Əllərin dərisini yumşaltmaq üçün də limon tumu yağı çox yaxşı vasitədir. Bir neçə damçı kremlərinizin içərisinə də qata bilərsiniz.
Tamanu yağı
Herpes zamanı sağalmaya çox tez təsir göstərir. Gündə bir neçə dəfə lazımı hissələrə sürtmək kifayətdir.
Dəfnə yağı
Dərini bütün növ dəri xəstəliklərindən müalicə edə bilər: psoriaz, ekzema, iltihab.
Saf dəfnə yağını gündə iki dəfə dəriyə sürtməklə qısa bir zamanda nəticəni görəcəksiniz.
Nar yağı
Unikal tərkibi ilə bu yağ dəridə möcüzələr yarada bilər. Tərkibindəki turşular dərinin qocalmasının qarşısını alır, qırışlara qarşı mübarizə aparır. Gündəlik kremdən əvvəl bir neçə damcı dərinin qırışa bilən bölgələrinə çəkmək kifayətdir.
Baobab yağı
Mimik qırışların qarşısını almaq, ləkə və çapıqları aradan qaldırmaq üçün əla vasitədir.
Nubar Süleymanova, “İki sahil”