11 fevral 2021 13:59
1083

Çin orbitə süni Ay buraxmaqla bağlı layihəni davam etdirir

Çinin Çendu şəhərində fəaliyyət göstərən özəl podratçı şirkətlərdən biri bu yaxınlarda süni Ay yaratmaqla bağlı planları barədə açıqlama vermişdi. Süni Ay yaratmaqda məqsəd mövcud təbii Ayı səkkiz dəfə daha parlaq Ay ilə əvəz edərək, küçələrdəki işıqlandırma sistemlərini yığışdırmaqdır.

“İki sahil” Rusiya mətbuatına istinadən xəbər verir ki, süni Ayın planlaşdırıldığı Çendu şəhərində on dörd milyon insan yaşayır.
Belə bir peykin əsas məqsədi gecələr Aydan tam faydalanmaqdır. Layihəyə bir ildən çoxdur ki,başlanılıb, lakin texnologiyanın sürətli inkişafı sayəsində proqram iki ildən sonra istifadəyə veriləcəkdir. İndiyə qədər proqramın detalları haqqında dəqiq bir məlumat yoxdur, ancaq bəzi nəşrlər belə bir peykin qanadlara bənzəyən günəş panellərindən istifadə edərək günəş şüalarını əks etdirən bir örtük olacağını, işığın müəyyən bir sahə içərisinə yönəldilməsi üçün tənzimlənə biləcəyini bildirir.

İndiyə qədər Çin rəhbərliyinin bu proqramı dəstəkləyib-dəstəkləməyəcəyi də dəqiqləşməyib, ancaq məlumdur ki, peyk küçə işıqlandırma xərclərini azaldacağı və eyni zamanda turist axınını artıracağı üçün yerli məmurlar layihəyə xüsusi maraq göstərirlər.

Nubar Süleymanova, “İki sahil”