12 fevral 2021 13:43
1728

COVID-19-dan sonra iybilməni necə bərpa edək?

Tədqiqatlar göstərir ki, xəstələrin 70 %- koronavirusun əlamətlərindən biri kimi iybilmənin itməsini göstərir. 60 % hallarda daha zəif formada da olsa, iybilmə tezliklə öz-özünə geri qayıdır. Bəzən isə 6 aya qədər qala bilir.

 Zamanla qoxular hiss olunsa da, bir çox xəstələr hələ də şikayət edirlər. İnternet şəbəkəsində bağırsağı müəyyən məhlulla təmizləməklə iybilmənin bərpa olması haqqında məlumatlar dolaşır. Yüzlərlə insan təsdiq edir ki, bu üsulla onlarda iybilmə bərpa olunub. Məhlulun tərkibi 36 dərəcəyə qədər ilıq su, üç xörək qaşığı soda və yarım xörək qaşığı duzdan ibarətdir. Prosedur səhərlər edilir. Sizə həkim məsləhəti olmadan heç bir proseduru etməməyi məsləhət görürük. Lakin maraqlısı odur ki, həqiqətənmi, bağırsaqları təmizləməklə iybilməni qaytarmaq mümkündür? Bağırsaqla beyin arasında nə əlaqə?

 Bağırsaqların mikroflorasını yoğun bağırsaqda yaşayan bakteriyalar təşkil edir. Rusiyalı mütəxəssis Sergey Aqapkinə görə, bağırsaqların mikroflorası insan beyninə çox güclü təsir göstərə bilir. Bağırsaq bakteriyaları insan davranışına müəyyən bir şəkildə təsir edən çox sayda fərqli maddə istehsal edir. Bu yaxınlarda bağırsaq bakteriyalarının beyinə getməsinin alternativ bir yolu tapıldı – “vagus” siniri.

 Koronavirus zamanı iybilmənin bərpası da bağırsaq mikroflorasının sağlamlığından bilavasitə asılıdır. Mikrofloranı stimulyasiya etmək isə öz əlimizdədir. İlk növbədə probiotiklər-müxtəlif süd məhsulları, bundan əlavə göyərtilər, meyvə və tərəvəz bağırsaqda pis bakteriyaların yaranmasının qarşısını alır. Darçın, mixək, sarımsaq, şüyüd və şokolad da bu siyahıya daxildir.

 Mütəxəssis həmçinin onu da bildirib ki, bağırsaqların hər hansı məhlulla təmizlənməsi məsləhət deyil, çünki bu zaman oradakı toksinlərlə yanaşı, faydalı bakteriyalar da yuyulur.

Nubar Süleymanova, “İki sahil”