Məşhur “Forbes” jurnalı ən sağlam mətbəxə sahib olan ölkələrin reytinqini müəyyənləşdirib. İlk yeri Yaponiya mətbəxi tutub.Yapon uzunömürlülüyün səbəblərindən biri onların ənənəvi rasionudur. Demək olar ki, bütün xörəklərin əsas hissəsini düyü təşkil edir. Bundan başqa, keçmişdə, Yaponiyada balıq istisna olmaqla əti demək olar ki, heç kim yemirdi. Ət hələ də burada çox populyar deyil. Uzun sözün qısası, yapon mətbəxini təsvir etmək üçün tək iki sözdən istifadə edə bilərik: "təbii və ahəngdar".
Araşdırmalar göstərib ki, bu ölkədə piylənmədən əhalinin cəmi 1,5 faizi əziyyət çəkir və Yaponiyada orta yaş həddi 82-dir. Burada milli mətbəxə, demək olar ki, bütün növ tərəvəzlər daxildir.
İkinci pilləyə Sinqapur mətbəxi layiq görülüb. Yaponiyada olduğu kimi, burada da əhalinin orta yaş həddi 82-dir. Piylənmədən əziyyət çəkənlər isə cəmi 1,8 faiz təşkil edir. Sinqapurlular daha çox düyü, tərəvəz və balığa üstünlük verirlər. Buradada çox nadir hallarda ət yeyilir.
İlk üçlüyə Çin də daxildir. Yeməklərinin üçdə ikisi tərəvəz, meyvə, paxla və ya digər dənli bitkilərdən hazırlanan ölkə mətbəxi insanların orta yaş həddinin 73-dən yuxarı olmasına imkan verir.
Reytinqdə 4-cü yeri İsveç, 5-ci pilləni isə Fransa tutur. Onluğa daxil olmuş digər ölkələr İtaliya, İspaniya, Yunanıstan, İsrail və hər iki Koreyadır.
Samirə Tağıyeva, "İki sahil"