Dubay üfiqləri yaxın illərdə daha futuristik bir görkəm alacaq. Belə ki, şəhər administrasiyası “Squall Tower” adlı yeni bir göydələnin tikintisinə başlayacağını açıqlayıb.
“İki sahil” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, göydələnlərin inşası tarixində bir yenilik olacaq. Belə ki, göydələn külək enerjisi sayəsində öz oxu ətrafında fırlanacaq. Fantastik səslənsə də, müasir tikinti mühəndisləri üçün görünür, heç bir məhdudiyyət yoxdur. Son illər tikinti sahəsi o qədər inkişaf edib ki, meydana gələn konseptlər gün-gündən daha çox fantastik filmlərdəki obyektlərə bənzəməyə başlayır.
Layihə müəlliflərinə görə, küçədə külək olub-olmamasından asılı olaraq, göydələnin tam bir dövri hərəkəti 48 saat çəkəcək. Həmin saatlar ərzində binada olan insanlar Dubayın 360 dərəcə görünüşündən həzz ala biləcəklər. Layihənin digər bir fərqli cəhəti binanın ən yuxarısında vertolyot meydanının olmasıdır. Göydələnin sakinləri və qonaqları inanılmaz təəssüratlar əldə edəcəklər.
Nubar Süleymanova, “İki sahil”