16 fevral 2021 14:35
1105

Vaxt-puldur deyib, zamanı satırdı...

XX əsrdə Londonda qeyri-adi bizneslə məşğul olan Rut Belvin adında qadın yaşayırdı. Maraqlı bizneslə məşğul olan Rut öz müştərilərinə dəqiq vaxtı satırdı. Biznesin mahiyyəti ondan ibarət idi ki, xanım Belvil hər səhər Qrinviç rəsədxanasına gedib xronoqrafı ilə vaxtı dəqiqləşdirirdi və sonra onun xidmətlərindən istifadə edən müştərilərə həmin xronoqraf üzrə dəqiq vaxtı bildirirdi. Həmin xırda biznes Ruta valideynlərindən miras qalmışdı.Onun atası Con Henrinin 1856-cı ildə artıq 200-ə yaxın müştərisi var idi. Hər səhər o , Qrinviç rəsədxanasına yollanıb öz saatını Qrinviç vaxtı ilə dəqiqləşdirirdi.

Henrinin ölümündən sonra onun dul qalmış arvadı Mariya Elizabet 1892-ci ilədək onun işini davam etdirir. 1892-ci ildə 80 yaşlı Mariya biznesi qızı Ruta ötürür. Hər bazar ertəsi saatını rəsədxananın saatı ilə quran Rut həftə boyunca müştəriləri ziyarət edirdi. XX əsrin əvvəlində isə Belvillin rəqibi peyda oldu. “Standard Time” şirkətinin direktoru Con Vinn teleqraf vasitəsilə dəqiq vaxt satışı ilə məşğul idi. O, Rutu köhnəlmiş metodlardan istifadə etməkdə və öz qadın gözəlliyindən sui-istifadədə ittiham etmişdir. Bu ittihamlar "The Times" qəzetində çap edildikdən sonra jurnalistlər Rutu təqib edir və qalmaqalı şişirdirlər. Lakin buna baxmayaraq Rut deyirdi ki, Vinn bu qalmaqal vasitəsilə ona pulsuz reklam təşkil etmişdi.

1926-cı ildə BBC radiostansiyası dəqiq vaxtı bildirən siqnalları efirə verməyə başlayandan sonra bir çox müştərilər Rutun xidmətlərindən imtina etsələr də, o , XX əsrin 40-cı illərinədək biznesini davam etdirmişdir. Səhər tezdən 12 mil qət etmək artıq ona çətin olduğundan o , yalnız 86 yaşında iş  prosesini dayandırdı.

Qeyd etmək lazımdır ki, zamanı satan məşhur qadın 90 yaşında vəfat etdi.Onunla daha bir qeyri-adi peşə – vaxt satıcısı da yoxa çıxdı. Onun məşhur saatları “Worshipful Company of Clockmakers” şirkətinin muzeyinə verildi,  2008-ci ildə isə Britaniya Dövlət Qrinviç muzeyi onun haqqında kitab buraxdı.

Samirə Tağıyeva, "İki sahil"