18 fevral 2021 10:45
1045

Evindən çıxmadan dünyanı gəzir - FOTO

Dünyanı gəzmək, yeni yerlər və yeni mədəniyyətlər görmək bir çox insan üçün hobbidir.

“İki sahil” xəbər verir ki, pandemiya ilə əlaqədar bütün dünya ölkələrinə gediş-gəliş bağlandı və səyahətlər uzun müddət dayandırıldı. Evlərimizdən muzeyləri, böyük simvolik yerləri, məşhur meydanları, sarayları və hətta ölkələrin küçələrini virtual olaraq gəzdik.

İndi sizə texnologiyanın geniş yayıldığı bir dövrdə bunu kitablar, ensiklopediyalar, xəritələr və atlaslarla etmiş və heç evindən çıxmadan dünyanın bütün ölkələri haqqında inanılmaz məlumatlara sahib bir insan haqqında məlumat verəcəyik. Hər il dünyanın bir çox yerindən gələn turistlərə ev sahibliyi edən Kubada yaşayan Luis Martinezin həyatı hər kəsi heyran edib. Onun ölkəsi, rəngarəng insanları, musiqiləri, rəqsləri və əfsanəvi klassik avtomobilləri ilə insanları tamamilə fərqli bir dünyada hiss etdirir. Kuba, təhsil və səhiyyə sahəsindəki müvəffəqiyyəti ilə də digər ölkələrdən fərqlənir.

 Karib dənizinin ən böyük ərazisinə sahib olan bu ada ölkəsinə 2013-cü ilə qədər səyahət etmək qadağan olub. Kuba xalqının dövlətin icazəsi olmadan ölkədən çıxmasına icazə verilmirdi. Təxminən 50 illik qadağa başlayanda uşaq olan Luis Martinez dünyanı gəzməyin başqa bir yolunu tapıb.

Havana Kubanın ən məşhur və turistlərin sevimli şəhəri ola bilər, ancaq kiçik Trinidad isə ən cazibədar şəhər olub.

Daş döşənmiş küçələri, 18 və 19-cu əsr sarayları, 500 illik tarixi binaları olan Trinidad, 1988-ci ildə UNESCO tərəfindən Dünya Mədəni İrs Siyahısına daxil edilib. Təsadüfən Trinidadda olsanız, avtobus terminalında Luis Martinezin dəftərində bir şeylər cızdığını görə bilərsiniz. 50 ildir tətbiq olunan səyahət qadağalarına ağıllı bir həll yolu tapan Luis Martinez ölkəsinə gətirilən ensiklopediyalardan, kitablardan və turistlərdən ölkələr haqqında məlumat toplayıb. Bir çox məlumatlar əldə edib və 3000-dən çox şeir yazıb. Hər yeri təfərrüatı ilə və sanki gördüyü kimi dəqiq təsvir edən Martinez görənləri heyrətləndirib. Ölkəsindən heç vaxt heç bir yerə çıxmayan, dünyanın hər ölkəsi haqqında bu qədər məlumat sahibi olan Martinez 20 ildir ki, Trinidad avtovağzalında hambal kimi çalışır. Gündüz turistlərlə söhbət edir və gecələr köhnə atlas və xəritələrlə dəftərinə ölkələr haqqında məlumatlar yazır.

"Xəyali turist" Martinez cavanlığındakı kimi sağlam olmasa da, hər xarici turistlə danışmağa və onlardan nə isə öyrənməyə və dünyanı Trinidada gətirməyə davam edir.

Vüsal Cahanov, “İki sahil”