Pripyat Çernobıl faciəsi ilə gündəmə gələn və bir gecədə sürətlə tərk edilən qorxunc şəhərdir.
“İki sahil” xəbər verir ki, Ukrayna ərazisində yerləşən Pripyat keçən il hər kəsin diqqətini cəlb edən “Çernobıl” filmi sayəsində yenidən gündəmə gəlib. Bir vaxtlar minlərlə insanın yaşadığı bu ağır sənaye şəhəri baş verən nüvə qəzasından sonra boşaldılsa da, ətraf mühitdə böyük dağıntılara səbəb olub. Belə ki, Çernobıl qəzasından sonra minlərlə insan xərçəng xəstəliyinə tutuldu və bu mənzərə bu günə qədər də davam edir. Ona görə də Ukrayna dünyanın ən maraqlı və bir o qədər də faciəvi ölkələrindən biri sayılır. Bu gün də qorxunc şəhər obrazına sahib olan Pripyat bir vaxtlar minlərlə insanın yaşadığı səs-küylü bir qəsəbə olub.
Ukraynanın mərkəzində yerləşən şəhər 1970-ci ildə Çernobıl Atom Elektrik Stansiyasında işləyənlər üçün qurulub və daha sonra əhalinin artması ilə tədricən böyüyən bir yaşayış məntəqəsinə çevrilib. İnzibati baxımdan Ukraynanın paytaxtı Kiyevə bağlı şəkildə qurulan Pripyat yeni bir yaşayış yeri olduğu üçün çox planlı bir inkişafa sahib idi. Yeni iş imkanları səbəbindən insanlar üçün bu yer çox cəlbedici olub. Pripyat hər bir şeyi ilə tipik Sovet İttifaqı şəhəri olub. Planlı, geniş küçələri və uzun bloklar halında mənzilləri o dövr üçün müasir bir şəhər görüntüsü verib. O dövrdə Sovet İttifaqının mühüm bir hissəsi olan bu şəhər enerji istehsalı baxımından böyük əhəmiyyətə malik idi. Çernobıl Ukraynanın böyük bir hissəsinin enerji ehtiyaclarını ödəmək gücündə olub. Ancaq bir gün Çernobıl Nüvə Elektrik Stansiyasında işlər tərs gedib və bir səhv bu geniş coğrafiyanın taleyini uzun illər dəyişdirib.
Çernobıl qəzası necə oldu?
26 aprel 1986-cı il tarixində Çernobıl Nüvə Elektrik Stansiyasında baş verən qəza yalnız şəhərə deyil, eyni zamanda Qara dəniz sahillərinə və Balkanlara, xüsusən də Ukraynaya böyük təsir edib. Nüvə qəzasından sonra Çernobılın yaxınlığında yerləşən Pripyat sakinləri şəhərdən tələsik təxliyə olunublar. Nəhəng evakuasiya əməliyyatı bir gecədə tamamlanıb.
Evakuasiya prosesi o qədər qəfil və sürətlə həyata keçirildi ki, 26 aprel 1986-cı il tarixindən Pripyat şəhəri qorxunc bir yerə çevrildi.
Şəhərin bir çox yerində hər şey olduğu kimi qaldı, insanlar ərazini tərk etdilər. İnsanlar evlərindən demək olar ki, heç bir şey götürmədən ərazini tərk etmək məcburiyyətində qaldılar. Dövrün Sovet İttifaqı idarəçiləri tərəfindən qəbul edilən qərara uyğun olaraq bütün şəhər 24 saat ərzində boşaldılıb. Bölgədə yaşayan insanlar başqa şəhərlərə köçürülmüşdü. Ancaq nüvə elektrik stansiyasından yayılan radiasiyanın təsiri bu günə qədər davam edən xərçəng xəstəliyinin artımına səbəb olub. Şəhər 35 ildən sonra tərk edilmiş vəziyyətini qorusa da, bəzi fotoqraflar və turistlər bölgəni ziyarət etməyə başlayıblar. Bölgədəki turistləri qrup halında gəzdirilib və xüsusi fotoqraf turları da təşkil edilib. Ancaq bu turlar bölgəni yaxşı tanıyan bələdçilərlə həyata keçirilib.
Bu gəzintilərdə ilk gündəki kimi şəhərin tərk edilmiş vəziyyətini müşahidə etmək mümkündür. Son illərin ən çox izlənilən filmi olan “Çernobıl” da bölgəyə marağı artırıb.
Qeyd edək ki, 2020-ci ilin əvvəlindən bu yana bütün dünyaya təsir edən koronavirus epidemiyası səbəbiylə Pripyata gələn turist qruplarının gəlişi dayandırılıb.
Vüsal Cahanov, “İki sahil”