Gürcüstanın Baş naziri Giorgi Qaxariya fevralın 18-də istefa verdi. İstefa gözlənilməz olmasa da, Qaxariyanın populyar müxalifət liderinin həbsi ilə bağlı fikir ayrılığına görə vəzifəsini tərk etməsi düşündürücüdür. Baş nazir müxalifət lideri Nika Melianın girov ödəmədiyi üçün həbs olunmasının əsassız olduğunu və bunun ölkə daxilində siyasi qarşıdurmaya səbəb ola biləcəyini düşündüyü üçün belə bir addım atıb. ABŞ-ın Gürcüstandakı səfirliyi və ABŞ senatoru bu məsələni şərh edərkən ölkənin məhkəmə sistemini sərt tənqid ediblər. Səfirlik bütün problemlərin seçki və məhkəmə sisteminin işləməməsi ilə əlaqəli olduğuna inanır. Ancaq qeyd etmək lazımdır ki, Nika Meliana dövlət çevrilişinə cəhd ittihamı da irəli sürülüb ki, bu da çox ciddi məsələdir. Bu ittihamın nə dərəcədə doğru olduğunu söyləyə bilməsək də, Melianı müdafiə etmək Qaxariya üçün böyük problemlər yarada bilər. Birincisi, bu müdafiə Qaxariyanın partiya üzvləri arasındakı nüfuzuna mənfi təsir göstərə bilər. İkincisi, Melianın həbs edilməsi Gürcüstanda siyasi gərginlik yardılmasına əsas ola bilər. Hazırda ölkə siyasi böhran keçirir. Müxalifət partiyaları parlament seçkilərində saxtakarlığa yol verildiyi üçün parlamentdə yer almaqdan imtina ediblər. Belə bir gərginliyin yaşandığı vaxtda müxalifət liderini həbs etmək çox risklidir. Digər tərəfdən, Qaxariya ölkə daxilində zorakılıqda günahlandırılma ilə tanışdır. Daxili işlər naziri vəzifəsində çalışarkən 2019-cu ildə baş verən qarşıdurmalarda günahlandırıldı. Bundan əlavə, Baş nazirin Gürcüstan və Azərbaycan arasında kartoqrafiya məsələsi (Davit Gareja) ilə bağlı partiya üzvləri ilə onsuz da fikir ayrılıqları var idi. Bölgə uzun müddətdir ki, iki ölkə arasında mübahisə predmetidir. Bu məsələ Gürcüstan hökuməti tərəfindən yenidən gündəmə gətirilib. Əksər insanlar bu işin partiya lideri Bidzina İvanişvilinin hiyləsi olduğunu söyləsə də, Qaxariya insanları məsələni siyasiləşdirməməyə çağırdı.
Beləliklə, bu, həqiqətən partiyanın lideri tərəfindən təqsirləndirilən kartoqrafın da iddia etdiyi kimi bir hiylədirsə, Qaxariya onun planlarına zidd addım atmış oldu. Bu səbəbdən istefa keçmiş Baş nazir üçün ən yaxşı qərardır. Həbs edilmiş müxalifət lideri Melia öz növbəsində, Qaxariyanın istefasını yüksək qiymətləndirmiş və ölkədə növbədənkənar seçkilərin keçirilməsini tələb etmişdir. Tələblərin çoxluğuna baxmayaraq, hakim partiya artıq bu vəzifəni icra etmək üçün müdafiə naziri İrakli Qaribaşvilinin namizədliyini irəli sürüb. Qaribaşvilinin Baş nazir olmaq ehtimalı böyükdür. Çünki parlamentdə üstünlük «Gürcü Arzusu» Partiyasının üzvlərinindir. «Gürcü Arzusu»nun növbədənkənar seçki tələblərinə qarşı reaksiya verməməsi hakim partiyaya qarşı etirazlara səbəb ola bilər. Çünki Qaribaşvili ölkənin mühafizəkar vətəndaşları arasında nüfuza malik olsa da, əvvəllər yaxın ətrafının korrupsiya ilə məşğul olduğu barədə bəzi məlumatlar yayılmışdır.
Əli Məmmədov,
Corc Vaşinqton Universitetinin 4-cü kurs tələbəsi