08 may 2019 20:57
434

1993-2003-cü illər: sabitlik və inkişaf dövrü

Azərbaycan müstəqillik tarixinin 28-ci ilində davamlı uğurları ilə dünyanın diqqətindədir. Daim qeyd olunduğu kimi, bu uğurlar gərgin səylərin, qətiyyətin nəticəsidir. Azərbaycanın müstəqillik yolunu təhlil etdikdə heç də bu yolun hamar olmadığını görürük. Müstəqilliyimizin ilk illəri Azərbaycan tarixinə xaos, anarxiya, özbaşınalıq, siyasi gərginlik illəri kimi daxil olub.

1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan uğurlu yol bugünkü Azərbaycanın reallıqlarına zəmin yaradıb.  Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanın müstəqillik tarixində qazandığı uğurları fonunda söylədiyi bu fikirləri bir daha xatırlatmaq istərdik: “1993-2003-cü illər tarixdə sabitlik və inkişaf dövrü kimi qalacaq. Heydər Əliyevin strateji qərarları ölkəmizin strateji inkişaf istiqamətlərini müəyyən etdi. O vaxt bizim qarşımızda müxtəlif seçimlər var idi, müxtəlif dövlət quruluşu yarana bilərdi. Heydər Əliyevin xalq arasında nüfuzu o qədər yüksək idi ki, o, Azərbaycanda istənilən dövlət quruluşunu tətbiq edə bilərdi... Onun müdrikliyi, gələcəyə strateji baxışları o seçimi şərtləndirdi və bu gün Azərbaycan azad, demokratik, hüquqi dövlətdir.”

Azərbaycanı dünyada sabitlik adası, inkişaf məkanı kimi tanıdan Heydər Əliyev siyasətinin əsas tərkib hissəsi daxili sabitliyin qorunması və bu fonda normal biznes mühitinin yaradılması idi. O, bildirirdi ki, əgər respublikada ictimai-siyasi sabitlik olmasa heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Ümummilli Lider sabitliyin möhkəmləndirilməsi, bütün sahələrdə inkişafın sürətləndirilməsi üçün atəşkəs sazişinin imzalanmasının zəruriliyini önə çəkdi və bu istiqamətdə ciddi səylər göstərməyə başladı. Nəhayət, onun gərgin səyləri nəticəsində 1994-cü ilin mayın 12-də atəşkəs sazişi imzalandı. Azərbaycan dövləti bu addımı ilə həm ölkəmizin sonrakı inkişafına zəmin yaratdı, həm də ermənilərin əsassız torpaq iddiası nəticəsində yaradılan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında sülh siyasətinə üstünlük verdiyini, problemin danışıqlar əsasında cözülməsinin vacibliyini bəyan etdi.

Qeyd etdiyimiz kimi, atəşkəs sazişinin imzalanması ilk növbədə ölkəmizdə sabitliyi möhkəmləndirdi. Hərtərəfli inkişaf üçün bu amilin rolu inkaredilməzdir. “Sabitlik bütün inkişafın əsasıdır” söyləyən ulu öndər Heydər Əliyev bildirirdi ki, heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır. Ümummilli lider Heydər Əliyevin düşünülmüş daxili siyasəti nəticəsində Azərbaycan çox qısa zamanda sabitlik diyarına çevrildi ki, bu da əlverişli biznes mühitinin yaradılmasına stimul oldu. Daim yerləşdiyi coğrafi məkana və malik olduğu təbii resurslara görə dünyanın diqqətində olan Azərbaycana müstəqilliyimizin ilk illərində maraq az olsa da, 1994-cü ildən bəri ölkədə yaradılan sabitlik bu diqqətin artmasında əhəmiyyətli rol oynadı. Məlum olduğu kimi, müstəqilliyimizin ilk illərində Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlər ölkədə ictimai-siyasi durumun gərginliyindən qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı, ölkədə daxili sabitliyin yaradılması bu tərəddüdləri aradan qaldırdı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Bu gün böyük fəxr hissi ilə qeyd ediriksə ki, ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 230 milyard dollardan çoxdur, bu, məhz həmin dövrdə əsası qoyulan sabitliyə əsaslanır. 1994-cü ilin sentyabarın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin iqtisadi imkanlarının genişlənməsinə, dünya iqtisadi sisteminə inteqrasiyaya yol açdı. “Əsrin müqaviləsi”nin imzalanması mərasimində çıxış edən ulu öndər Heydər Əliyev bildirmişdir: “Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, xalqımızın öz sərvətlərinə sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla dünyaya bir daha nümayiş etdiririk ki, Azərbaycan Respublikası demokratik və hüquqi dövlətdir.”

Ulu öndər  Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiyalara son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdur ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Ümummilli Liderin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanılmışdır. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdır ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyası təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Daxili siyasətin davamı kimi dəyərləndirilən xarici siyasət sahəsində də uğurlu addımların əsası məhz Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra qoyulub. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlamışdır. Onun xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.

Sonrakı mərhələlərdə Azərbaycanın müstəqilliyimizin ilk illərində yaşadığı duruma bir daha diqqət yönəldən ulu öndər Heydər Əliyev bildirirdi: “Biz bütün bu çətinliklərdən keçdik, bütün maneələrin qarşısını aldıq, Azərbaycanın düşmənlərinə layiqli cavablar verdik, ölkəmizin dövlət müstəqilliyini qoruduq, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdik. Azərbaycanın dövlət müstəqilliyini yaşadırıq və bundan sonra da yaşadacağıq!” 1993-cü ildən bəri ölkədə yaradılan sabitliyin fonunda uğurlarımıza qısa baxış bu gerçəkliyi bir daha təsdiqləyir ki, möhkəm təməl üzərində qurulan Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Son 15 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizə biri-birindən əhəmiyyətli uğurlar qazandırıb.  Dövlətimizin başçısı İlham Əliyevin Yeni Azərbaycan Partiyasının V qurultayında səsləndirdiyi bu fikirləri bir daha xatırlatmaq istərdik: “Qürur hissi ilə deyə bilərəm ki, bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi kimi inkişaf edir, onun qoyduğu yolla gedir, güclənir, möhkəmlənir və çox güclü regional amilə çevrilibdir.”

Uğurlarımız bu reallığın təsdiqidir ki, möhkəm təməl ölkənin inkişafında, tərəqqisində əsasdır. Azərbaycanı inkişaf yoluna çıxaran Heydər Əliyev yolunun ölkəmizin qarşısında açdığı imkanlar geniş və çoxşaxəlidir. Son 15 ildə Azərbaycanın iqtisadi uğurlarına diqqət yetirdikdə ölkədə yaradılan sabitliyin böyük əhəmiyyət kəsb etdiyini daha aydın görürük. Təbii ki, bu sabitliyin təminatçısı xalq-iqtidar birliyi, həmrəyliyidir. Bu fikir beynəlxalq səviyyədə də qeyd olunur ki, xalq-iqtidar birliyinin möhkəm olduğu ölkədə hansısa narazılıqdan söhbət gedə bilməz. Azərbaycan bu sahədə nümunə göstərilir. Həyata keçirilən siyasətin əsasında vətəndaş amilinin dayandığını bildirən Prezident İlham Əliyev, eyni zamanda. məmurların da qaşısında bu tələbi qoyur ki, daim xalq üçün çalışmalı, onların qayğıları ilə maraqlanmalı, həlli istiqamətində ciddi səylər göstərməlidirlər. Bu birliyin yüksək səviyyədə təmini öz növbəsində ölkədə sabitliyin, yüksək əhval-ruhiyyənin, ab-havanın göstəricisidir.

Yeganə Əliyeva, “İki sahil”