Sardiniya yüz yaşdan yuxarı yaşayan insanların yeri kimi tanınır.
“İki sahil” xəbər verir ki, "mavi xətt" adlanan bu bölgədə insanların uzun ömürlü olması sirr olaraq qalır. Alim David Robson bu uzun ömürün səbəbini Sardiniya adasında araşdırır. Adanın yemək vərdişləri, sosial həyat və bir çox digər mövzularda araşdırma aparan Robson Sardiniyada həyat iksirini axtarır.
Bu ada İtaliyanın ən əhəmiyyətli adalarından biridir. Bura həm də Aralıq dənizindəki ikinci böyük adadır. Bu tarixi adanın xüsusilə dəniz kənarındakı kiçik qəsəbələri, uzunömürlü insanları ilə tanınır. Sardiniyanın bu xüsusiyyəti də elm adamlarının diqqətini çəkib. Bir çox tədqiqatçı bölgəyə uzun ömrün sirrini tapmaq üçün gəlir. Adada yerləşən Arzana qəsəbəsi əsasən yüz yaşdan yuxarı insanların yaşadığı yerlərdən biridir. Bu kiçik qəsəbə müstəqil bir yaşayış məntəqəsidir.
Alim David Robson adanın bu hissəsində uzunömürlülüyün sirlərini araşdırıb. Onun məqsədi bu sirr pərdəsini açmaqdır. Koronavirus epidemiyasından ən çox təsirlənən ölkələrdən biri olan İtaliyada da ölüm səviyyəsi çox yüksək olub. Bunun bir səbəbi yaşlı əhalinin əsasən çox olması idi. Ölkənin şimalındakı Lombardiya bölgəsində, həmçinin Siciliya və Sardiniya kimi böyük adalarında koronavirus epidemiyası səbəbindən onlarla insan həyatını itirib. Son günlərdə yeni ölüm sayı azalmağa doğru getsə də, bu epidemiya xüsusilə yaşlı insanlar üçün təhlükə yaratmağa davam edir.
Bəs İtaliyada, xüsusən Aralıq dənizi adalarında insanların bu qədər uzun yaşamasının səbəbi nədir? Bu işin sirri nədədir? Tədqiqatlar Sardiniya adasında yüz yaşdan yuxarı insanların çox olmasını bölgənin təcrid olunmağı bacarması ilə əlaqələndirir. Əlbətdə ki, bu təcridolunma son vaxtlar gündəmdə olan koronavirus xəstəliyi ilə əlaqəli deyil. Daha geniş mənada bir təcriddir və uzun illər boyu davam edib. Təcridolunma bölgə insanlarının digər bölgələrə nisbətən genetikasında bir fərqlilik yaradıb.
Bununla birlikdə, bölgənin təcridi bu uzun ömrün sirrini izah etmək üçün kifayət deyil. Çünki dünyada minlərlə ada var. Üstəlik, bir çoxu üçün orta yaş ömürü Sardiniyanın ömrünün yarısıdır. Alimin araşdırmasına görə, mədəni amillər və yaşayış vərdişləri də burda böyük rol oynayır. Buradakı ən böyük pay, şübhəsiz ki, pəhrizlə bağlıdır. Araşdırmalar göstərir ki, ümumiyyətlə dünyanın əksinə olaraq, Sardiniyada yalnız qadınlar deyil, kişilər də uzun ömür sürürlər. Şübhəsiz ki, hər kəs tərəfindən tətbiq olunan Aralıq dənizi pəhrizi vacib bir amildir. Qeyd edək ki, bu coğrafiyada ortalama ömrün 40-50 il olduğu 17-18 əsrdə belə 100 yaşdan yuxarı insanlar yaşayırdı.
Vüsal Cahanov, “İki sahil”