22 fevral 2021 18:40
4384

Aşıq Ələsgərin məşhur “Hayıfsan” şeiri necə yaranıb?

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev Aşıq Ələsgərin 200 illik yubileyinin təntənəli surətə qeyd edilməsi haqqında Sərəncam imzalamışdır.

Sərəncamda deyilir ki, Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.

Bəli, Prezidentin Sərəncamında göstərildiyi kimi, Azərbaycan aşıq sənətinin  böyük yaradıcılarından biri  olan söz sərrafı Aşıq Ələsgər ən müxtəlif mövzularda yazıb-yaradıb. Böyük ustad, o cümlədən nəsihət, ədəb-ərkan mövzusunda çoxlu şeirlər yazıb. Nəsihət şeirlərindən  biri sənətkarın Naxçıvan  səfəri zamanı yaranıb. Belə ki, Aşıq Ələsgərin  Nağı adlı bir şəyidi olur. Nağı ara-sıra şeir yazdığı üçün hamı onu şair adlandırır.  Bu, Nağıda özündən müştəbehlik yaradır, Ələsgərdən üstün olduğunu düşünür.  Ətrafdakılardan bir neçəsi bunu başa düşür və onu qızışdırırlar ki, sən şairsən, Ələsgərdən nəyin əskikdir, niyə ona şəyird olursan, onun yanından çıx get, toylarda pul qazan.

Bir gün Nağı Aşıq Ələsgərə bildirir ki, özünü şair və  hazırlıqlı aşıq hiss edir və daha şəyirdlik etmək istəmir. Əlsəgər deyir:

- A bala, sən hələ heç yarımçıq da döyülsən. Sənin aşıq olmağına hələ çox var.

Ancaq şair Nağı eşitmək istəmir və o gündən ustadından xeyir-dua almamış çıxıb gedir.

Şair Nağı düşünür ki, şərurlu Məhəmməd bəyin yanına getsin, çünki aşıq həvəskarıdır, onu öz yanında dolandırar, heç kəs ona dəyib-dolaşa bilməz və yaxşı pul qazanar. Bu minvalla Şərura gəlib Məhəmməd bəyin evinə gedir. Yalandan  Aşıq vaxtilə Ələsgərin şəyirdi olduğunu, onu bəyin yanına ustadın göndərdiyini söyləyir. Aşıq Ələsgərin  adını eşidəndə xoşhal olan Məhəmməd bəy deyir:

- Yaxşı eləmisən, mənim aşığım yoxdu, o biri bəylərin hamısının aşığı var, burda qal, mənə aşıqlıq elə.

Kefi açılan bəy dərhal ətraf bəylərə xəbər göndərir ki, öz aşıqlarını da götürüb sabah axşam bizə gəlsinlər, aşıqlarımız deyişəcək, görək kimin aşığı kamildir. Sabahı  gün axşam bəylər öz aşıqları ilə bərabər Məhəmməd bəyə qonaq gəlirlər. Məclis qurulur, bu yerlərdə tanınmış aşıqlar Cəfərullah ilə Əsədullah da burada idilər. Aşıq Əsədullah  Cəfərullaha deyir:

- Ədə Cəfərullah, sazını götür düş meydana, bu aşığı bir günə sal ki, Məhəmməd bəy bizi çağırdığına peşman olsun.

Aşıq Cəfərullah sazı sinəsinə basıb şair Nağıya bir bağlama deyir.

Əzəldən can deyib, can eşidən yar,
İndi beybafalıq ay nədən oldu?
Deyirdin, ölüncə dönmərəm səndən,
Yadınan aşnalıq ay nədən oldu?

Şair Nağı cavab verə bilmir, gözünü döyə-döyə qalır, sazını masanın üstünə qoyub çiynini çəkir: yəni, bilmirəm.

Məhəmməd bəy deyir:

-Əyə, sən heç yarımçıx da döyülsən, qaç ustanı tap bura gətir, bunların dərsini versin, yoxsa mən biabır ollam. Gətirməsən yerin deşiyində də olsan tapıb çıxararam, səni öldürərəm.

Peşman olan şair Nağı ustadından kömək istəməyə məcbur olur. Üç-dörd ağsaqqal da götürüb onun yanına gəlir,  üzrxahlıq eləyir və bağışlanmasını xahiş edir. Yaşlı kişilərin xahişi ilə Ələsgər Nağını bağışlayır. Nağı Məhəmməd bəyin onu dəvət etdiyini, ardınca göndərdiyini söyləyir. Ələsgər deyir:

-Bəylərdən çıxmayan işdir, burda nəsə bir əmma var. Amma oğul, bu köhnə çarıqla çox gedə bilmərəm, altının köşəsi də süzülüb, getsəm məni yolda qoyar.

Şair Nağı Vedidə ona bir cüt  təzə xrom çəkmə tikdirəcəyini boyun olandan sonra yola düşürlər. Vedidə çəkmə tikdirmək üçün pinəçi dükanına gedirlər. Pinəçi oğlan sənətkarı tanımadığından münasibətsiz şəkildə “tikərəm, gəlib apararsan” deyir. Vədə tamamında Aşıq Ələsgər Nağı ilə  pinəçinin dükanına gəlib görür ki, çəkmə hazırdır. Əlinə götürüb keyfiyyətini yoxlayanda görür ki, usta onu tumaşdan tikməyib, yəni ucuz və keyfiyyətsiz dəridən tikib. Pinəçinin onu aldatması Aşığa ağır gəlir, başa düşür ki, usta onu tanımayıb, aldadıb, huşsuz-qanmaz yerinə qoyub, kəsəsi,  başdansovdu iş görüb. Odur ki, çəkməni qaytarmaq istəyir, ancaq pinəçi ona köntöy cavab qaytarır. Ələsgər görür ki, bunu sözlə başa salmaq mümkün deyil, deyir ayə, gəl bunu sazla başa sal. Sazı köynəyindən çıxarıb pinəçiyə deyir:

Danışdıq, barışdıq mərhəmət ilə,
İnciklik araya qatma, hayıfsan!
Sən tacir olmazsan bir manat ilə,
Namusu, qеyrəti atma, hayıfsan!

Mövlam məni nəzərindən salmayıb,
Huşum cəmdi, ağlım hеç azalmayıb.
Fani dünya Sülеymana qalmayıb,
Oyan bu qəflətdən, yatma, hayıfsan!

Siz talaş еylərsiz iynə-biz ilə,
Bizimki də gələr-gedər söz ilə.
Əyri ol əyriylə, düz ol düz ilə,
Hər yеtəni sən aldatma, hayıfsan!

Düşəndə məclisə, ağır yığnağa,
Bizə hörmət qoyur irəncbər, ağa.
Söz uzansa, həcv çıxar qurşağa,
Sözün dalın çox uzatma, hayıfsan!

Qəsəm olsun xudkеşlərin sərinə,
Yalan söz iyidi salar dərinə.
Köhnə dağarcığı tumaş yеrinə
Aşıq Ələsgərə satma, hayıfsan!

Pinəçi  Aşıq Ələsgər adını eşidəndə dik qalxıb dönə-dönə üzrxahlıq edir və ona təzə çəkmə tikir. Sonra usta-şəyird yollarını davam etdirərək Şərura çatırlar. Orada Dədə Ələsgər əvvəlcə özünü “Solaxay” ləqəbi ilə təqdim edir.  Aşıqlar deyişməyə başlayırlar, Aşıq Ələsgər  məclisdə aşıq Cəfərullahla Əsədullahı bağlayır. Şərur bəyləri  Ələsgəri tanıyıb onu əziz qonaq kimi saxlayırlar, hamı ustad aşığa böyük ehtiram göstərir.

Vəli İlyasov, “İki sahil”