23 fevral 2021 17:05
294

Nizami Gəncəvinin poemalarının təbliğində illustrasiyaların rolu

İslam dininin canlı məxluqatın, xüsusən də insan təsvirini yaratmağı qadağan etməsinə baxmayaraq            orta əsr Azərbaycan rəssamları dünya incəsənəti xəzinəsinə daxil olan bir sıra dəyərli əsərlər yaratmışlar. Həmin dövrlərdə Azərbaycan təsviri sənətinə dünya şöhrəti qazandıran məhz miniatür sənəti olmuşdur. Əsasən illüstrasiya kimi formalaşan Azərbaycan miniatür sənəti klassik Şərq poeziyası ilə sıx əlaqədə inkişaf etmişdir. Antik mifologiya qədim yunan incəsənətinin mənbəyi olduğu kimi, klassik Şərq poeziyası da müsəlman, o cümlədən Azərbaycan miniatür sənəti üçün tükənməz mənbə olmuşdur.

 Şərq ədəbiyyatının dahi şairlərindən Firdovsi, Nizami, Sədi Şirazi, Hafiz və digər görkəmli nümayəndələrinin ölməz əsərləri rəssamlarımızın tükənməz ilham mənbəyi olmuşdur. Firdovsinin möhtəşəm qəhrəmanlıq epopeyası, Nizaminin məhəbbət lirikası, romantik, fəlsəfi-didaktik poemaları rəssamların yaradıcılığına daha qüvvətlı təsir göstərmiş, onların dünyəvi hissləri, ülvi məhəbbəti tərənnüm edən misilsiz əsərlər yaratmağa ruhlandırmışdır

Ümumiyyətlə, əsrlər boyu dekorativ-tətbiqi-sənətdə daha geniş yayılmış motivlər N.Gəncəvinin poemaları olmuşdur. Bu motivlərə orta əsr ipək parçalarında, keramika nümunələrində, sujetli xalçalarda, təsviri sənətdə təsirini göstərmişdir. İstər miniatür, istərsə də başqa sənətdə geniş şöhrət qazanmasının, rəssamların və digər sənət adamlarının müraciət etmələrinin əsas səbəblərindən biri Nizaminin ədəbiyyatı həmişə həyatla əlaqələndirməyə çalışması, öz mövzularını tarixdən almasına baxmayaraq, onlara müasirlik baxımından yanaşması, böyük humanist şair olaraq insani, insan ləyaqətini tərənnüm etməsi, xalqın istək və arzularını, xalq yaradıcılığından və təfəkküründən əks etdiyi müdrik fikirlərini yüksək sənət dili ilə ifadə etməsi, həm ideya, həm də sənətkarlıq cəhətdən kamil bədii əsərlər yaratmasıdır.

Muzeylər xalqın qiymətli, maddi və mənəvi mədəniyyət abidələridir. Çünki onlar xalq kütlələri arasında böyük elmi-kütləvi iş aparır, onları vətənə sədaqət, ədəbiyyat və mədəniyyətə məhəbbət humanizm ruhunda tərbiyə edir.

Muzey üçün ədəbi mövzularda eksponatların yaradılması əsrlər boyu ədəbiyyatla təsviri və tətbiqi incəsənət arasında mövcud olmuş qarşılıqlı əlaqə və təsirin daha da möhkəmlənməsinə təkan vermişdir. Hazırda Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin ekspozisiyasında ədəbiyyat və incəsənət nümunələrinin qarşılıqlı əlaqəsi özünü əks etdirməkdədir. Tamaşaçı bu qarşılıqlı əlaqəni eksponatların- miniatürlər, illüstrasiyalar, portretlər, heykəllər, büstlər, xalçalar vasitəsilə əyani surətdə ədəbiyyat və incəsənət xadimlərinin həyat və fəaliyyəti ilə tanış olur.

İllüstrasiya yazıçının təsvir etdiyi obrazları əyani vasitələrlə oxucunun nəzərinə çatdırır. Əsərin ideya məzmununu dərk etməkdə ona kömək edir. Rəssamın təsviri, yazıçı təsvirindəki  mühitlə səslənməli,  onunla   həmahəng olmalıdır. “İllüstrasiya” latınca “əyani təsvir” deməkdir. Ədəbi-bədii əsərlərin İllüstrasiyaları rəssamın təxəyyülü vasitəsilə yaranmış obrazlı, emosional təsvirlərdən ibarətdir. Bu cür İllüstrasiyalarda mətndə təsvir olunan qəhrəmanların psixoloji aləmi, hiss və həyəcanları, düşüncələri fırçaya alınır.

Cəlil Məmmədquluzadə adına Naxçıvam MR Ədəbiyyat muzeyinin ekspozisiyasında Nizami Gəncəvinin əsərlərinə çəkilmiş rəngarəng miniatürlər, illüstrasiyalar şairin həyat və yaradıcılığını əyani şəkildə işıqlandırır. Respublikamızın  istedadlı sənətkarları tərəfindən hazırlanmış bu eksponatlar  orta əsr qəhramanlarının coşqun tərənnümçüsü olan N.Gəncəvinin surətini bütün əzəməti ilə tamaşaçının gözü önündə canlandırır.

Tamaşaçı şairin poemaları mövzusunda çəkilmiş sənət əsərlərində N.Gəncəvinin zülmkar şahlara qarşı barışmaz münasibətini görürlər. Nizami irsini diqqətlə izləyən rəssamların əsas məqsədi Nizami humanizmini tamaşaçıya  əyani vasitələrlə çatdırmaqdır. Fikirimizi aydınlaşdırmaq üçün Nizaminin əsərlərindən bir neçə misal gətirək.

N.Gəncəvinin “Sirlər xəzinəsi”,  əsərindəki “Zalım şahla düz danışan qocanın hekayəti”ndə bir zülümkar şah varmış. Günlərin bir günündə ona xəbər verirlər ki, qoca bir kişi onu divsifət, qaniçən adlandırıb. Şah onu öldürməyi qərara alır. Bu xəbər qocaya çatan kimi şahın bütün eyiblərini cəsarətlə şahın üzünə deyir:

                                                “Mən deyirəm eybini, şər işini özünə,

                                                Göstərirəm güzgütək hər işini özünə

                                                Hər eybini göstərər alsan ələ güzgünü

                                                Utan, qızar eybindən, qırma elə güzgünü”

Qocanın cəsarəti və ədalətlə danışması şahı sarsıdır. O, qocanı azad edir, öz səhvlərini düzəldir, ədalətli hökmdar olur.

Azərbaycanın Xalq rəssamı Toğrul Nərimanbəyovun “Zalım şahla, düz danışan qocanın hekayəti”nə  çəkdiyi illüstrasiyada zülmü bir bəd əməl kimi bilavasitə zülmün üzünə çırpmaq, həqiqəti söyləmək, hətta ölümdən belə qorxmamaq vəziyyətini məharət və sənətkarlıqla vermişdir. Rəssamın cizgi və boyalarla təsviri şairin sözlə təsvirindəki mühitlə həmahəng səslənir. Fırçaya alınan ədəbi hadisənin məhz mühitindən  xəbər  verən  dərin  mənalı  illüstrasiya  yazıçının qələmə aldığı obraz və hadisələrin şərhində əyani vəsait rolunu oynayır.

“Sirlər xəzinəsi”nin rəssamlar tərəfindən dəfələrlə müraciət edilmiş məşhur epizodlarından biri də poemanın ikinci hekayəsində zülümkar padşahın islahı məsələsi qoyulmuş Ənuşiravan və bayquşlar epizodudur. Bu  Naxçıvan rəssamlarının da diqqətini cəlb etmişdir. Əsərdə xaraba evin uçuq  divarı üstünə qonmuş iki bayquşdan biri ikinci bayquşdan onun qızını istəyir. O isə qızına süd bahası olaraq bir neçə xarabalıq tələb edir. Qızı istəyən bayquş deyir:  “Şahımız bu isə, onun zülmü sayəsində məndən min xaraba kənd ala bilərsən”.

Rəssam Tariyel Əliyev və Pərvanə Nuriyeva tərəfindən işlənmiş miniatürdə iki bayquş arasındakı dialoqun ibratamiz söhbətini şərti miniatür dili ilə olduqca gözəl ifadə etmişdir.

Poemadakı “Sultan Səncər və qarı” hekayəsinin sujeti rəssamların ən çox sevdiyi mövzu olmuşdur. Bu sujetlər müxtəlif dövrlərdə ayrı-ayrı rəssamlar tərəfindən fırçaya alınmış və özlərinə məxsus bədii təsvir vasitələri ilə canlandırılmışdır.

“Sultan Səncər və qarı” hekayəsində məğrur və zalım şahın qarşısına çıxan beli bükülü, kasıbların cəsarətli qadının dili ilə məzlum xalqın haqq sözü deyildiyindən o, rəssamların diqqətini daha çox cəlb etmişdir.

Rəssam Əbülfəz Cabbarovun “Sultan Səncər və qarı” illüstrasiyasına diqqət yetirdikdə, padşahın xalqa etinasız münasıbətindən heysiyyatı darğalar tərəfindən tapdalanmış kasıb qarının  Sultan Səncərin ətəyindən yapışaraq cəsarətlə dediyi :

“Rəiyyətə hər zaman kömək etməli padşah,

Səndən xarlıqdır gələn bizə, ol bundan agah

Şah ölkənin işini nizama salsın gərək...

Hər zaman rəiyyətin qeyrətinə qalsın gərək...

Dağıldı şəhərlərin evi sənin əlinlə,

Əkinçinin xırmanı dənsiz qaldı səninlə”.

sözləri sanki eşidilir. Onların çöhrəsindəki durğunluq ifadəsizlik də bunu göstərir.

Rəssam Əbülfəz Cabbarovun “Sultan Səncər və qarı”  sujetini vəsf edən kompozisiyadır. Bu əsərin dəqiq cizgiləri, güclü rəsmi Nizami təsvirlərindəki mühitin səciyyəvi  tərənnümünü gözəl əks etdirir. Ətrafdakı xarabalıqlar şahın ətəyindən çəkən zavallı qarının haqq sözlərini sanki tamaşaçıya bir daha  bəyan edir.  Kompozisiyasının  tam mərkəzini əhatə edən Sultan Səncərin özündən razı görkəmi doğrudan da onun zülümkarlığına dəlalət edir. İkinci planda verilən atlı əyanlar da baş verən hadisəyə qarşı laqeyid deyildir. Onların baxışlarında qarıya nifrət duyulur.

Sənət əsərləri, ədəbi əsərlər, tarixi hadisələr, ədəbi simanın tərcümeyi-halı haqqındakı faktlar əsasında yaranır. Odur kı, ədəbi mövzunun asan dərk edilməsi üçün təsviri materialların ekspozisiyada göstərilməsi zəruridir. Ekspozisiyadakı ədəbi mövzulardakı eksponatlarla təsviri və tətbiqi sənət əsərləri ilə bir-biri ilə vəhdəd təşkil edirlər. Burada toplanmış Nizami Gəncəvinin “Xəmsə”si mövzuları əsasında yaradılmış miniatür və müasir illüstrasiyalar əsərdən verilmiş bədii mətinlə kompleks yaradaraq müəyyən bir epizodu aydınlaşdırır.

Nizami Gəncəvi “Leyli və Məcnun” poemasını yaradıcılığının ən coşğun illərində yazmışdır. Şair faciənin səbəblərini ayrı-ayrı şəxslərdə deyil, cəmiyyətdə, feodal patriarxal qayda-qanunlarda görür. Əsərdən verilən bədii mətinlər, illüstrasiya və miniatürlər vasitəsilə poemadakı bu əsas ideya izah edilir.

N.Gəncəvinin “Leyli və Məcnun” poeması eşq dastanıdır. Qeys ilə Leylinin məhəbbəti orta əsr patriarxal həyat şəraitində hamıya qəribə və qeyri-adi görünən həqiqi, azad sevgi nümunəsi kimi olmaq etibarilə onu vəsf etmiş, şairlər kimi, rəssamları da maraqlandırmışdır.

“Məkkədən qayıdandan sonra Məcnunun səhhəti daha da pisləşir. Leylinin ərə verildiyini bildikdən sonra isə o, doğrudan da dəli olur. Onun dəli olmasından  Leyli   sarsılır.   Leylinin   atası   Qeysi   öldürmək   qərarına   gəlir.  Məcnunun qohumları bundan xəbər tuturlar, bəladan yaxa qurtarmaq üçün Qeysi zəncirləyirlər”. 

 “Leyli və Məcnun” poeması mövzusunda şəkilmiş illüstrasiyalar zövqlə və çox böyük sənətkarlıqla rəssam Əbülfəz Axundov və Əbülfəz Cabbarov tərəfindən işlənmişdir. Rəssam əsərində “Leyli və Məcnun” kimi ölməz sənət incisinə öz münasibətini məharətlə göstərmişdir.  “Məsnun heyvanlar arasında”, “Məcnun səhrada”, “Zəncirlənmiş Məcnun” mövzusunda verilmiş miniatürlər bu qəmli lövhələri göz qarşısında canlandırır və rəsmlərdə təsvir edilən hər bir əhvalatı mahiyyətcə tamamlayır, məzmunla təbii bir şəkildə bağlayır.

 “Məcnun heyvanlar arasında” illüstrasiyada Məcnun hər tərəfi əlvan gül-çiçəklərə qərq olmuş, ürək açan yaşıl bir mənzərədə görünür. Belə dilbər güşədə diz üstdə oturmuş Məcnun körpə bir ahu ilə əyləşir. Kompozisiyada heyvan fiqurları rəsm və rənglərinə görə bir-birini tamamlamışdır. Bu miniatürdə insanlardan uzaqlaşan. Məcnunun vəhşi heyvanlarla dostluğu tərənnüm edilmişdir.  Rəsam Ə.Axundov və Ə.Cabbarov “Leyli və Məcnun” poemasına çəkilmiş illüstrasiyalarda sevgililərin faciəvi görüşü, nakam məhəbbət təsvir edilmişdir. 

İllüstrasiyanın qüssə və  kədər əks etdirən bu  motivlərlə tamaşaçılar əyani şəkildə tanış olurlar. Nizami Gəncəvi özünün dördüncü poeması olan “Yeddi gözəl”i təxminən 1196-cı ildə yazmışdır. Şair bu əsərin mövzusunu İran tarixinə dair materiallardan almışdır. Poemanın qəhrəmanı Sasanilər sülaləsinin birinci hökümdarı Bəhram-Gurla əlaqədar sujetlər qədim miniatür ustalarından başlamış, müasir rəssam və heykəltəraşlarımızadək təsviri sənətin bütün növlərində dönə-dönə canlandırılmışdır.

Dahi Nizami “Yeddi gözəl” əsərində ağıllı, xalqın qeydinə qalan ədalətli şah məsələsini qoymuşdur. Poema zəngin xalq nağılları əsasında yaradılmışdır. “Yeddi gözəl”ə həsr edilən bölmədə poemanın süjet xətti ilə əlaqədar Elbək Rzaquliyevin həmin mövzuda yaratdığı illüstrasiyaları, habelə əsərdəki ayrı-ayrı novellalara aid materiallar verilir. Rəssamın yaratdığı illüstrasiyalar özünün bədii dili ilə əsərin ideya məzmununu açır və aydınlaşdırır.

“Yeddi gözəl” poemasında Bəhram-Gurla qoca çobanın hekayəti də geniş miqyasda miniatürə çevrilmiş süjetlərindəndir. Nizami həmin hekayələrdə Bəhram şahın vəziri Rast Rövşən kimi ikiüzlü və satqın  adamları ifşa edir, onların  saraylarda  apardıqları  fitnəkar  işləri  açıb  göstərir. Şərab  və  əyləncə Bəhramın gözlərini o qədər dumanlandırmışdır ki, vəzirinin əməllərini görə bilmir. Nəhayət, bir gün ov zamanı kopəyini ağacdan asmış bir çobana rast gəlir. Şah öyrənir ki, köpək sahibinə xəyanət etdiyi üçün cəzalanmışdır.

                      Xəyanət işləmiş o, əmanətə,

                      Satır əminliyi min xəyalətə

                     Günahkarla belə rəftar etməsən

                     Kimsə deməz sənə: “Afərin, əhsən”

                     Dedi ki, “Bu işə olmuşam heyran,

Şahlığı öyrətdi mənə bir çoban

Bu hekayə mənim hekayəmdir

Mən çobanam, sürü rəiyyətimdir”.

Təsviri sənət əsərləri ilə şer parçalarının qarşılıqlı verilməsi tamaşaçıların əsərləri asanlıqla qavramasına kömək edir.

Burada bütün insan və heyvan fiqurları təbii və maraqlı təsvir edilmişdir. Fonda dağ mənzərəsi, qarşıda ağacdan asılmış it və digər personajlar görünür. Bəhram şahla üzbəüz dayanan çoban sanki mövzunu-süjeti tamaşaçıya nəql edir.  Miniatürdə  hər şey sadə, təbii və poetikdir.

Ekspozisiyada rəssamlardan Ə.Axundov, T.Əliyev, P.Nuriyeva, Ə.Cabbarov tərəfindən  N.Gəncəvinin “Yeddi gözəl” poemasına çəkilmiş bir neçə maraqlı və mazmunlu eksponatlar nümayış etdirilir ki, bunların izahat prosesində rolu olduqca əhəmiyyətlidir. Rəssam Ə.Axundov tərəfindən “Yeddi gözəl” poemasına çəkilmiş “Fitnənin öküzü qaldırması” süjeti çox maraqlıdır.

Bir gün ov zamanı sərhəng Bəhramı öz qəsrinə dəvət edir. Uca qalanın təpəsində şaha dəbdəbəli ziyafət verir. Şah yaşı altmışı keçən qoca sərhəngdən bu altmış pilləkəni necə dırmaşdığını xəbər alır. Ev sahibi cavab verir ki, o, bunun öhdəsindən birtəhər gəlir. Qəribə burasıdır ki, lətif bir qız bu altmış pilləli uca eyvana çiynində öküz birnəfəsə çıxır. Qız şaha öz məharətini göstərdikdən sonra o, deyir ki, bu adətdir, iş güclü olmaqda deyil. Onda qız söyləyir: “Qəribədir çox! Öküz adətlədir, gur vurmaqsa yox?” Şah qızın verdiyi cavabdan,  az qala ölümünə bais olduğu Fitnəni tanıyır.

Rəssam öküzü çiyninə almış Fitnənin altmış pilləkənlə yuxarı qalxması epizodunu təsvir edən lövhədə tamaşaçıların nəzərini Fitnənin şücaətinə tərəf yönəldir. Rəssam süjetin məzmununu obrazların üzərindəki ifadəni çox mənalı vermişdir. Miniatürün fonu əlvandır. Ağaclar, dağ, buludlar ümumi mənzərənin bədii təsvirini daha da rövnəqləndirir.

Müasir ruhda işlənmiş bu illüstrasiyalarla yanaşı həmin mövzularda verilmiş miniatürlər poemanın mahiyyətini çox gözəl tamamlayır.

“İsgəndərnamə” Nizaminin poemaları içərisində ən mürəkkəb süjet əsasında yaradılmış, təfəkkürün ən geniş sahələrini əhatə edən bir əsərdir. Şairin həcimcə ən böyük poeması olan  “İsgəndərnamə”. “Şərəfnamə” və “İqbalnamə” adlı iki hissədən ibarətdir. Bu poema məzmunun zənginliyi və əhatə etdiyi mövzuların çoxluğu  etibarilə əzəmətli bir dastandır.

Şairin fəlsəfi görüşlərinin bir növ yekunu olan bu poemanın ideya məzmunu təsviri vasitələrlə canlı və maraqlı bir şəkildə göstərilir. Rəssam Ə.Cabbarovun “İsgəndərnamə” mövzusunda sulu boya ilə yaratdığı lövhələri əsərin məzmunu haqqında təsəvvür yaradaraq, poemadakı qəhramanların obrazı ilə tamaşaçını tanış edir. “İsgəndərin Nüşabə ilə görüşü”nü də rəssam Ə.Cabbarov təsvir etmişdir. Burada rəssam Nüşabəni bir tərəfdən nazənin və şux bir gözəl, digər tərəfdən İsgəndər kimi bir fatehə meydan oxuyan cəngavər kimi yaratmağa müvəffəq olmuşdur.

Miniatürlər və illüstrasiyalar aydın göstərir ki, Nizami Gəncəvi əsərləri incəsənətin bir çox sahələrinə güclü təsir göstərmiş, gözəl sənət əsərlərinin yaranmasına səbəb olmuşdur. Xalqın öz dahi şairinə olan məhəbbəti ekspozisiyadakı “Nizami təsviri sənət əsərlərində” bölməsinin materialları vasitəsilə əyaniləşdirilir. Burada ilhamını dahi sənətkarın irsindən alan tətbiqi sənət ustaları tərəfindən yaradılmış əsərlər geniş nümayiş olunur.

Dahi şairin təsviri sənətimizdə klassik ədəbi əsərlərin illüstrasiyası onların əhatəli və daha dərindən qavranılmasını təmin edir. Ekspozisiyada izahatçının danışığını əyaniləşdirir və bu əyani danışıq tamaşaçıya bütün hadisələri hafizəsində həkk etməsinə kömək edir.

Seyidova Zenfira,

Naxçıvan Muxtar Respublikası Əməkdar mədəniyyət işçisi