Tarixi həqiqətdir ki, təxminən 200 il ərzində xalqımız bəşəriyyətin üz qarası olan erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. 1828-ci il Türkmənçay və 1829- cu il Ədirnə sülh müqaviləsindən sonra Rusiya imperiyası tərəfindən Azərbaycanın tarixi torpaqlarına məqsədli şəkildə köçürülən ermənilər öz havadarlarının köməyi ilə zaman-zaman azərbaycanlılara qarşı kütləvi qırğınlar törədiblər.
Qaniçən ermənilərin bu cinayətkar əməlləri nəticəsində öz tarixi torpaqlarından qovulan, məcburi köçkünə çevrilən azərbaycanlıların ağır faciəsi bolşevik-sovet hakimiyəti illərində də davam edib. Belə ki, Çar Rusiyasının Cənubi Qafqazda etnik tərkibin süni sürətdə dəyişdirilməsi siyasətini XX əsrdə cinayətkarcasına davam etdirən cəllad, türk-müsəlman düşməni Stalinin anti-Azərbaycan qərarları nəticəsində 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. Ermənipərəst M.Qorbaçovun SSRİ-yə rəhbərliyi dövründə-1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı Ermənistandan qovuldu.
O illərdə Dağlıq Qarabağ ətrafında azğınlaşmış ermənilərin cinayətkar əməlləri nəticəsində kəndlər, şəhərlər viran edildi, on minlərə günahsız insan öldürüldü, yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından didərgin düşdü. Faşist ermənilər tərəfindən Malıbəylidə, Qaradağlıda, Meşəlidə, Kərkicahanda və digər yaşayış məntəqələrində dinc əhaliyə divan tutuldu, minlərlə qoca, qadın və uşaq amansızcasına qətlə yetirildi.
1992-ci ilin fevral ayında Xocalının azərbaycanlı əhalisinə qarşı misli görülməmiş soyqırım törədildi. Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Erməni faşistləri sağ qalmış insanlar üzərində insanlığa yaraşmayan təhqiredici hərəkətlər həyata keçirmişdilər. Erməni cəlladlar insanların başının dərisini soymuş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Xocalıda dinc əhaliyə qarşı beynəlxalq konvensiyalar tərəfindən istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir.
XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı yüz illər ərzində xalqımza qarşı həyata keçirilən faşist, terrorçu və cinayətkar erməni siyasətinin nəticəsidir. Bəşər tarixinin ən dəhşətli və faciəli səhifələrindən olan Xocalı soyqırımı Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Beynəlxalq ictimaiyyət, bütün sülhpərvər insanlar bilməlidirlər ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətdir. Bütün beynəlxalq təşkilatlar, dünya dövlətləri, onların parlamentləri cinayətkar Ermənistanın xalqımıza qarşı törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməlidirlər.
Bu qətliamı törədənlər, xüsusi ilə də cinayətkar, insanlıq sifətini itirmiş cəllad Seyran Ohanyan, Serj Sarkisyan eləcə də Robert Koçaryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq tribunal qarşısında cavab verərək öz layiqli cəzalarını almalıdırlar və alacaqlar da.
Cinayət heç vaxt cəzasız qalmır. Haqq-ədalət gec də olsa öz yerini tapır. Nəhayət ki, 2020- ci ildə 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusunun erməni təcavüzkarları üzərində tarixi Zəfəri ilə ilahi və tarixi ədalət təcəlli etdi. Azərbaycanın “Dəmir Yumruq”əməliyyatı ilə darmadağın olan işğalçılar, terrorçular, uşaq qatilləri öz layiqli cəzalarını aldılar. Bütün şəhidlərimizin və Xocalı qurbanlarının qisası alındı. Ruhları şad, məkanları cənnət olsun…
Zahid Rza, “İki sahil”
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib