24 fevral 2021 21:28
1394

Xocalı soyqırımını tanıyan ölkələrin sayı artır

İyirminci əsrdə bəşəriyyət Xocalı soyqırımı kimi dəhşətli faciə görməyib. Fevralın 26-na keçən gecə dinc xocalıların üstünə zirehli texnika və artilleriya ilə hücum edən  birləşmiş quldur qüvvələr şəhərin əliyalın əhalisini insanlıqla bir araya sığmayan ən amansız şəkildə qırıb- çatdılar. Cəlladlar qocalara, körpə uşaqlara, xəstələrə, qadınlara belə aman vermədilər. Birləşmiş qüvvələr ona görə deyirik ki, yüzlərlə erməni qanunsuz yaraqlıları ilə birlikdə  keçmiş sovet ordusunun Xankəndidə dislokasia olunan  366-cı motoatıcı alayı da bu qanlı qırğında fəal iştirak edirdi. Bu alayın zabitlərindən bir çoxu ermənilər idi. Sonralar Ermənistanın müdafiə naziri olmuş mayor Seyran Ohanyan alaydakı batalyonlardan birinin komandiri kimi günahsız xocalıların qəddarlıqla öldürülməsinə şəxsən əmr vermiş və özü də bu çirkin əməllərin icraçılarından biri olmuşdu.

O zaman Azərbaycan informasiya blokadasına alındığından əsl həqiqətlər dünya ictimaiyyətindən gizli saxlanılırdı. Ancaq bu, uzun sürmədi. 1993-cü ilin iyununda ulu öndərimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələndən sonra dünya ölkələrinə  Xocalıda baş verən qətliam haqqında müfəssəl məlumatlar verildi. Prezident İlham Əliyevin on yeddi illik məqsədyönlü fəaliyyəti nəticəsində ermənilərin azərbaycanlıların vəhşi obrazı haqqında yaydıqları 200 illik yalan informasiyalar puça çıxarıldı. Dünya Azərbaycanın haqlı mövqeyini tanımağa və qəbul etməyə başladı. Artıq İslam Konfransı Təşkilatına daxil 7 olan ölkə Xocalı soyqırımını rəsmi olaraq qəbul edib. Cənubi Amerika qitəsi ölkələrinin Xocalı soyqırımını tanıması dövlətimizin bu istiqamətdə apardığı gərgin işin miqyasını aydın göstərir.

 Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya və Cibuti parlamentləri də Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisində tanıyıblar.

Habelə ABŞ-ın artıq 21 ştatı - Massaçusets, Texas, Nyu Cersi, Meyn, Nyu Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi, Vest Virciniya, İndiana, Yuta, Nebraska, Havay, Montana, Arizona və Aydaho ştatlarının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunub. Bütün bunlar diplomatiyamızın dünyada haqq səsimizin eşidilməsində apardığı məqsədyönlü işlərin fərəhli nəticəsidir və bu iş uğurla davam etdirilir.

Göründüyü kimi, zaman keçdikcə  Xocalıda erməni vandalları tərəfindən törədilən vəhşiliklər və  əsl həqiqətlər dünya ölkələri tərəfindən olduğu kimi tanınır və ölkəmizin haqlı mövqeyi dövlətlər tərəfindən qəstəklənir. Bu isə bizim düşmən üzərində ən böyük qələbələrimizdən biridir.

Vəli İlyasov, “İki sahil”