24 fevral 2021 20:56
1029

Əlləri xocalıların qanına bulaşmış cinayətkarlar cəzalarını alacaqlar - Məmməd Nağıyev

«Azərbaycan 30 ildə beynəlxalq səviyyədə sülh yolu ilə həllini tapmayan münaqişəni bu gün hərbi yolla həll etdi. Artıq “böyük Ermənistan" xülyasının tam iflasa uğraması bu günün reallığıdır. Böhran və fəlakət girdabında çapalayan Ermənistan həqiqəti, törətdiyi terror aktlarını, müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlədə bilməyəcək, həm tarix, həm də beynəlxalq hüquq qarşısında cavab verəcək.»

Bu fikirləri İkisahil.TV-yə açıqlamasında Xocalı sakini, Əməkdar həkim Məmməd Nağıyev bildirib.

M. Nağıyev qeyd edib ki, bu gün Xocalı soyqırımından 29 il keçir. Xocalıda məsum, günahsız insanlarımız XX əsrin ən dəhşətli faciəsini, soyqırımını yaşadılar. Əslində, Xocalı faciəsinə gedən yol XX əsrdən başlasa da, ancaq faciənin kökləri daha əvvələ gedir. Azərbaycan xalqının qatı düşməni olan Rusiya imperatoru I Pyotrun erməniləri himayə etməsi və onlara «böyük Ermənistan» vəd etməsi gələcəkdə Azərbaycanı və Azərbaycan xalqını məhv etmək və tarixi ərazilərimizdə «Erməni dövləti» yaratmağa hesablanmış mənfur plan idi. Gülüstan (1813) əsasən də Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələri əsasında Azərbaycan ərazisinə ermənilərin kütləvi sürətdə köçürülməsi prosesinin əsası qoyuldu. Həm çar Rusiyası, həm də SSRİ dövründə ermənilər rusların köməyi ilə Azərbaycanın bir çox tarixi ərazisini işğal etmiş və «özününküləşdirmişdir».

M. Nağıyev vurğulayıb ki, bəşər tarixində görünməmiş vəhşiliklə törədilən Xocalı faciəsi də ermənilərin iyrənc planlarının bir hissəsi idi. Hər il Xocalı faciəsinin ildönümü dünyanın 80-dən artıq ölkəsində Azərbaycanın Birinci vitse-prezidenti,  Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, Fondun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən yüksək təşkilatçılıqla həyata keçirilir. Leyla xanım Əliyeva İslam Konfransı Təşkilatına daxil olan ölkələrlə birlikdə «Xocalıya ədalət» kampaniyasını uğurla davam etdirir. Nəticədə okeanın o tayında, Avropada və bir sıra ölkələrdə Xocalı faciəsini soyqırımı kimi tanıyan dövlətlərin sayı getdikcə artır. İllər ötüb keçəcək, ancaq nə Xocalı dərdi, nə də xocalıların naləsi yaddan çıxmayacaq. Xocalı faciəsi bizim qan yaddaşımızdır. Gələcək nəsillərimiz o müdhiş gecəni – 26 fevralı unutmayacaq.

M. Nağıyev xüsusi olaraq vurğulayıb ki, gün gələcək, həmin canilər Azərbaycan xalqına, o cümlədən xocalılara qarşı törətdikləri qanlı cinayətlərə, soyqırımlarına görə cavab verəcəklər. 44 günlük müharibə dövründə cəsarətsizliyi və qorxaqlığı ilə seçilən Birinci Qarabağ müharibəsinin Koçaryan kimi «qəhrəmanları”» utanmadan 1990-cı illərdəki «uğurlarından» danışırlar. Cani Robert Koçaryan unudur ki, ermənilərin illərlə işğal etdikləri torpaqları şanlı ordumuz cəmi 44 gün ərzində işğaldan azad etdi. Qarabağ döyüşlərində silahsız azərbaycanlılara, qadın və uşaqlara qarşı psevdoqəhrəmanlıq göstərən koçaryanlar, sarkisyanlar nədənsə ötən ilin payızında evlərində gizlənərək haqqında illər uzunu fəxrlə danışdıqları ordularını tək qoydular. Əlləri xocalıların qanına bulaşmış cinayətkarlar cəzalarını  alacaqlar. Necə ki, 44 günlük müharibədə layiqli dərslərini aldılar. Azərbaycanın dəmir yumruğunu hiss etdilər. Ali Baş Komandanımız İlham Əliyev və müzəffər ordumuz erməniləri kapituluasiya aktını imzalamağa məcbur etdi. Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı”. Ali Baş Komandanın Azərbaycan xalqına tarixi müraciətində dediyi kimi, biz qələbə çaldıq, düşmənin başını əzərək, düşməni torpaqlarımızdan qovaraq yeni reallıq yaratdıq. Hər kəs bu reallıqla barışacaq, məcbur olub barışacaq, necə ki, Ermənistan barışdı. Biz işğalçı və vandal Ermənistan üzərində zəfər qazandıq. Olduqca şərəfli günlərimizi yaşamaqdayıq. İki yüz ildən bəri himayəçilərinin hərtərəfli dəstəyi ilə tarixi torpaqlarımızda saxta, kökü, əsası olmayan dövlət yaradıb xalqımıza qarşı qırğınlar törədən ermənilər nəhayət, layiq olduqları cavabı aldılar, ədalət zəfər çaldı.

Şəmsiyyə Əliqızı, "İki sahil"