Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatında Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş “Xocalı soyqırımı - qan yaddaşımız” adlı videokonfrans keçirilib.
“İki sahil” xəbər verir ki, əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbirə açılış çıxışı ilə başlayan YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva deyib, Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi!
Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Bu faciə həm də əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürüdür.
Tarixi həqiqətdir ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Onlar tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.
Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə yatan şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər.
Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulmuş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, 487 dinc Xocalı sakini ağır yaralanmış və 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.
Bax bu idi tarixən məkrli erməni niyyəti azərbaycanlılara qarşı. Səmimi və genişqəlbli olmaq həmişə Azərbaycan xalqını çətin vəziyyətlərə salıb, çörəyini yeyənlərin nankorluğu və namərdliyi ilə üz-üzə qoyub. Əsrlərdən bəri erməni mənfurlarının başımıza açmadığı oyun qalmadı. Babalarımız demişkən “Qarı düşmən dost olmaz”, ona yalnız layiq olduğu cavabı vermək lazımdır.
Qanlı Xocalı qırğınını törətməklə Dağlıq Qarabağın hüdudlarından kənara çıxan Ermənistan Azərbaycana qarşı genişmiqyaslı təcavüzə başladı. Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı 20 min vətəndaşımız öldürüldü, 50 min nəfərdən çox adam yaralandı və əlil oldu, ölkəmizin ərazisinin 20 faizi işğal edildi. Xalqımız misli görünməyən humanitar fəlakətlə üz-üzə qaldı.
Xocalı soyqırımına ilk dəfə hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. 1994-cü il fevralın 24-də ulu öndərin imzaladığı fərmanla həmin gün xalqımıza qarşı törədilən soyqırımı aktı kimi qeyd edilməyə başlandı. Xocalı hadisələrini həm faciə, həm də xalqımızın qəhrəmanlıq salnaməsi adlandıran Heydər Əliyev şəhərin müdafiəçilərinin xidmətləri ilə bağlı sərəncam da imzaladı. Soyqırımın ildönümündə xocalılılarla görüşdə isə bu hadisəni əsrin ən dəhşətli faciəsi adlandırdı.
Xocalı faciəsi bütün azərbaycanlıların dərdi, törədilən vəhşiliksə bütün bəşəriyyətə qarşı yönələn cinayətdir. Məhz bu cür yanaşmadan sonra aparılan təbliğat öz nəticəsini verdi. Ümummilli liderin səyi ilə faciə lokal məkandan çıxaraq beynəlxalq səviyyədə tanınmağa başlandı. Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyəti yetərincə məlumat əldə etdi. Xaricdə yaşayan soydaşlarımız bu işə cəlb olundu. Nəticədə isə erməni təcavüzü, onun işğalçılıq siyasəti, Azərbaycan xalqına qarşı törətdiyi vəhşilik, bir sözlə, o günə qədər dünyaya naməlum qalan çox həqiqətlərin üstünə işıq salındı.
Ümummilli lider fəaliyyətinin əsas hissəsini işğal altında olan torpaqların azad olunmasına həsr etdi. Azərbaycan həqiqətləri dünyaya çatdırıldı, beynəlxalq təşkilatların diqqəti regiona yönəldildi və Ermənistanın bölgədə apardığı təcavüzkar siyasət ifşa olundu. Bu gün Xocalı soyqırımı dünyanın bir çox ölkələrində qeyd edilir, rəsmən tanınır, qəti şəkildə pislənir. Eləcə də bir sıra ölkələrin qanunvericilik orqanları Xocalı faciəsinin soyqırımı kimi tanınmasına dair qərarlar qəbul etməkdədirlər.
2009-cu ilin fevralından isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası isə ermənilərin cinayətkar əməllərin ifşa olunmasında müstəsna rola malikdir.
Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azərbaycanlıların soyqırımının dünyada tanıdılmasına yönəlmiş tədbirlər həyata keçirməsi hər bir soydaşımız üçün nümunə olmalıdır. Yeri gəlmişkən, soyqırıma qiymət verilməsi siyasi aksiya olmaqla yanaşı, həm də hüquqi məsələdir. Bu mövzu hüquqşünaslar tərəfindən araşdırılmalı, hər bir hüquqşünas ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın beynəlxalq hüquqi qiymət almasına istiqamətlənmiş tədbirlərdə əlindən gələni əsirgəməməlidir. Çünki hüquqi baxımdan Xocalıda baş vermiş qətliam təsadüf və ya ehtiyatsızlıq üzündən deyil, məhz bilərəkdən və düşünülmüş şəkildə həyata keçirilmişdir.
Müasir dünyamızda qəbul edilmiş mənasına görə soyqırımı bir millətin dil, din, məzhəb və milli fərqləri ilə əlaqədar olaraq məqsədli şəkildə məhv edilməsi prosesidir. Bu prosesin hər hansı ölkənin hökuməti tərəfindən həyata keçirilməsi əsas şərt olaraq qəbul edilir. Soyqırımının beynəlxalq səviyyədə qəbul edilmiş tərifi də onu deməyə əsas verir ki, Xocalı hadisələri Azərbaycan xalqına qarşı törədilmiş soyqırım aktıdır. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir.
Sonra ardıcıl olaraq YAP Sabirabad rayon təşkilatı Qadınlar Şurasının sədri Rəna Hacıyeva, YAP Sabirabad rayon təşkilatı Qadınlar Şurasının üzvü Nurlana Xəlilova və Azərbaycan Veteranlar Təşkilatının və Azərbaycan Vətən müharibəsi Veteranları Birliyi Sabirabad rayon şöbələrinin sədri Faiq Hüseynov çıxışlar edərək bildiriblərki, Xocalıda törədilənlər təkcə Azərbaycana qarşı deyil həmdə bəşəriyyətə qarşı ən amansız cinayətdir, dünya ictimaiyyəti Xocalıda törədilmiş terrora biganə qalmamalı, bu soyqırımında günahkar olanlar beynəlxalq aləmin qınaq obyektinə çevrilərək cəzalandırılmalıdır.
Sonda YAP Sabirabad rayon təşkilatı tərəfindən hazırlanmış Xocalı soyqırımına həsr olunmuş üç dəqiqəlik videoçarx yayımlanıb.
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib