25 fevral 2021 14:27
1632

Döyüşlərdə məhv edilən ermənilər arasında Xocalı cəlladları da var idi

Aslan Əzimzadə: Ali Baş Komandanın rəhbərliyi altında ordumuz parlaq qələbə ilə işğalçı Ermənistanın faşist ideologiyasının başını əzdi

"Xocalı soyqırımı Azərbaycan xalqının ən dərin yaralarından biridir. 1992-ci il 26 fevral tarixində Xocalıda törədilən qətliam faşist erməni təfəkkürünün və təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin növbəti təzahürü idi. Ermənilərin faşist ideologiyasının əsasında duran başlıca amilin mülki əhalini amansızca qətlə yetirmək olduğu bir daha sübut olundu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olmaqla bütövlükdə 613 Xocalı sakini qətlə yetirilmişdir. Digər tərəfdən 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Təcavüzkar Ermənistanın hərbi cinayətləri bununla bitməyib, 76-sı uşaq olmaqla, 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüşdür. Həmçinin əsir götürülənlərdən 150 nəfərin taleyi hələ də məlum deyil. 26 fevral günü bütün Azərbaycan xalqı "Ana harayı" abidəsini ziyarət edərək, Xocalı qurbanlarının xatirəsini ehtiramla yad edirlər. Eyni zamanda xaricdə yaşayan soydaşlarımız da Xocalı faciəsi qurbanlarını yaşadıqları ölkədə dərin ehtiramla yad edirlər.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü Aslan Əzimzadə söyləyib.

Həmsöhbətimiz  qeyd edib ki,  işğalçı Ermənistan rəhbərliyi uzun illər bu soyqırımı gizlətmək məqsədilə müxtəlif yalanlar söyləyiblər: "Lakin bu yalanlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində darmadağın edilib. Belə ki, cənab Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən Münhen debatında cənab Prezident siyasət və tarixdən ustad dərsi keçərək qarşı tərəfin yalanlarını darmadağın etmiş və Xocalı həqiqətlərini bir daha bütün dünya ictimaiyyətinə çatdırmışdır. 2008-ci ildən etibarən Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası keçirilir. Bu kampaniya çərçivəsində hər il Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilir. Artıq Əfqanıstan, İndoneziya, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama,  Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya Rumıniya, Şotlandiya eləcə də, ABŞ-ın 22 ştatının qanunverici orqanı və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan və pisləyən sənədlər qəbul ediblər.”

Aslan Əzimzadə vurğulayıb ki, Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun “Dəmir yumruq” əməliyyatını həyata keçirməsi nəticəsində torpaqlarımız işğaldan azad olundu: “Bu döyüşlərdə məhv edilən ermənilər arasında Xocalı cəlladları da var idi. Ali Baş Komandanın rəhbərliyi altında ordumuz parlaq qələbə ilə işğalçı Ermənistanın faşist ideologiyasının başını əzdi. Azərbaycan gəncliyi də öz növbəsində Xocalı soyqırımının dünya ictimaiyyətinə  çatdırılmasında hər zaman fəaldır. Biz gənclər Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün sosial şəbəkələr vasitəsilə müəyyən aksiyalar keçiririk. Eyni zamanda Xocalı faciəsi ilə bağlı yaradılmış petisiyaların imzalanmasında Azərbaycan gəncləri daima aktivlik göstərir. Bu gün biz gənclərin üzərinə olduqca böyük məsuliyyət düşür. İnformasiya müharibəsində qarşı tərəfin təxribatlarına qarşı diqqətli olmalıyıq. Əminəm ki, insanlığa qarşı törədilmiş ən böyük faciələrdən biri olan Xocalı soyqırımının bütün cəlladları öz layiqli cəzalarını tapacaqlar.”

Yaqut Ağaşahqızı, “İki sahil”