25 fevral 2021 14:37
1043

COVID-19 mövsümdən asılıdırmı? - FOTO

Bütün dünya üzrə mütəxəssislər bundan sonra SARS-CoV-2-dən nə gözləməli olduqlarını anlamağa çalışırlar. Bəziləri patogenin genetik dəyişikliklərini öyrənir, bəziləri isə süni intellektdən istifadə edərək onunla mübarizə aparmağın yeni yollarını araşdırırlar.

Eyni zamanda, ABŞ-dan olan bir qrup alim koronavirusun yeni növünün yayılmasının mövsümdən asılılığını öyrənməyə çalışıb. Onların əldə etdiyi nailiyyətlər yeni növ koronavirusun qarşısını almaqda faydalı ola bilər.

Belə ki, ABŞ-dan olan alimlər müəyyən ediblər ki, ətrafdakı temperatur göstəriciləri SARS-CoV-2-nin yayılmasına təsir göstərir.

Xatırladaq ki, SARS-CoV-2 soyuq və quru aylarda çoxalan, isti və rütubətli periodda bir qədər fəallığını itirən koronaviruslar qrupuna aiddir.

Mütəxəssislər bunu sübut etmək üçün Şimal yarımkürəsinin əlli ölkəsində 2020-ci ilin 22 yanvar tarixindən, 6 aprel tarixinədək gündəlik temperatur göstəriciləri və yoluxanların sayını qarşılaşdırıblar.

Onlar müşahidə ediblər ki, temperatur yarım dərəcə belə yüksəldikdə yoluxanların sayında azalma olub. Əksinə, temperaturun düşməsi zamanı yoluxanların sayının artması müşahidə edilib.

“Hazırda temperaturun infeksiyanın yayılmasında rolu maska taxılması, məsafə saxlanılması və s. kimi yoluxma sayına təsir edən digər tədbirlər  səbəbindən dəyişə bilər. Ümumilikdə bütün bunlar yoluxma sayına təsir göstərə bilən faktorlardır”,-deyə, tədqiqatın müəlliflərindən biri olan Luisvillya Universitetinin doktoru Aruni Bxatnaqar bildirib.

Tədqiqatın son nəticəsində COVID-19-un yayılmasının yay mövsümündə digər mövsümi tənəffüs yolu xəstəlikləri kimi zəiflədiyi qənaətinə gəliblər.

Alimlər virusun qarşısının alınması üçün tədbirlər planlaşdırarkən və yeni bir xəstəlik dalğasına hazırlaşarkən artıq mövsümün nəzərə alınmalı olduğuna inanırlar. Tədqiqatın nəticələri “PLOS One” jurnalında geniş dərc edilib.

Nubar Süleymanova, “İki sahil”