Fevralın 25-i YAP Tərtər Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar videokonfrans keçirildi.
Videokonfransda YAP rayon təşkilatının sədri Ramiz Şabanov iştirak etdi.
"İki sahil" xəbər verir ki, R.Şabanov videokonfransda giriş sözü ilə çıxış edərək əvvəlcə Xocalı faciəsinin qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılmasını təklif etdi.
Sonra çıxışını davam etdirən R.Şabanov göstərdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi –Xocalı qırğını baş verdi. Yüzlərlə günahsız insan-körpə, uşaq, cavan, qoca al-qanlatına qəltan edilərək qətlə yetirildi. Çar Rusiyasının Azərbaycan torpağını parçalamaq, Qərbi Azərbaycanda, Qarabağda ermənilərin məskunlaşdırılması siyasəti nəticəsində 1828-1830-cu illərdə torpaqlarımıza köçürülərək çörəyimizə şərik olan daşnaklar məkirli niyyətlərini həyata keçirərək həm əsrin əvvəlində, həm də sonuna yaxın türk dünyasını –Azərbaycan xalqını soyqırıma məruz qoydu. 1992-ci il fevralın 26-da Xocalı şəhərinin adı Qarabağda elan edilməmiş müharibənin qanlı salnaməsinə çevrildi.
Həmin gecə erməni silahlıları Xankəndində yerləşən 366-cı alayın yaxından köməkliyi ilə Xocalıya soxulub acınacaqlı, dəhşətli bir faciə törətdilər.
Nəticədə 613 nəfər qətlə yetirildi, 9 ailə tamamilə məhv edildi, 215 uşaq bir valideynini, 25 uşaq hər iki valdiyenini itirdi, 1275 nəfər əsir götürüldü, 1000 nəfər Xocalılı əlil və şikəst oldu. 150 nəfərin taleyi hələ də məlum deyil. Tarixə çevrilmiş bu cinayəti, millətimizə vurulmuş bu yaranı heç birimiz unutmamalı, bu soyqırımın törədilməsində əli türk qanına batmış daşnakları və onların himayədarlarını heç zaman yaddaşımızdan çıxarmamalıyıq.
Xocalının, Naxçıvanikin, Kətik dağı aşırımının, Qar-qar çayının sahillərini yorğan kimi bürüyən ağappaq qarın qıpqırmızı lalə təpəcəyinə boyanmasına səbəb dördüncü ordunun 23-ü diviziyasının 366-cı motoatıcı alayının hərbiçiləri, livandan, ABŞ-dan, Kanadadan, İsveçrədən gətirilən muzdlu erməni “Asala” terror təşkilatına başçılıq edən Aşin Simonyan və İllaron Allahverdiyan olmuşdur.
Mənfur qonşularımız erməni quldurlarının Xocalı şəhərində Azərbaycan xalqına qarşı törətdikləri soyqırımdan 29 il keçir. Əslində bu, ermənilərin Azərbaycan xalqının başına gətirdiyi birinci faciə deyil. Hələ ötən əsrin əvvəllərindən başlayaraq onlar bu iyrənc siyasəti həyata keçirirlər. 1918-ci ilin 31 mart kütləvi soyqırım hadisələri buna bariz sübutudur. Təsadüfi deyil ki, XX əsrin sonlarında ermənilərin Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq xülyaları yenidən gündəmə gətirilmişdir. Quldur ermənilər tarixi Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ətraf rayonlara soxularaq işğal etmişlər, azərbaycanlı əhaliyə divan tutaraq onları öz dədə-baba torpaqlarından didərgin salmışlar.
Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş vəhşiliklər bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayətdir. Erməni cəlladları Xocalıda hətta qadınlara və uşaqlara velə rəhm etməmişlər. Uşaqlar süngüyə taxılmış, insanların burun-qulaqları kəsilmiş, diri-diri borulara doldurularaq qaynaq edilmişlər.
Azərbaycanlılara qarşı bu cür dəhşətlər, soyqırım törətmiş daşnaklar utanmadan dünya ictimaiyyətinə guya türklərin ermənilərə qarşı törətdikləri hansısa uydurma “Soyqırım” tanıtmağa çalışırlar.
Təəssüf ki, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar hələ də onların bu özbaşınalığına göz yumur.
Xocalı soyqırımının baş verdiyi vaxtlarda Azərbaycan hökümətinin qətiyyətsizliyi, naşılığı, mövcud hadisənin əsil mahiyyətinin dünyaya çatdırılmasının qarşısını aldı. Hətta vəziyyət o yerə çatdı ki, bundan hiyləgər ermənilər yenə də öz xeyrilərinə istifadə etdilər. Xaricdəki erməni lobbisi törədilmiş faciənin Ermənistanın maraqları naminə istifadə etməyə çalışdı və bəzən öz havadarlarının köməkliyi ilə buna nail ola bildilər.
Belə bir vaxtda Respublikamızda hərkə-hərkəlik, özbaşınalıq, dərəbəylik hökm sürürdü. Ölkə sükansız bir gəmiyə bənzəyirdi. Yuxarıdakılar arasında kreslo davası gedirdi.
Yalnız Ümummilli Liderimiz Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsdiq olundu.
Ulu Öndərin təklifi və Milli Məclisin qərarı ilə 1992-ci il 26 fevral Xocalı sıyqırımı, Xocalı faciəsi günü kimi elan olunmuş, Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində xeyli işlər görülmüşdür.
Bu iş bu gün də Ulu Öndərimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Xocalı faciəsindən bizi 29 il vaxt ayırır. Ötən illərdə olduğu kimi, bu il də rayonumuzda xalqımızın qan yaddaşı olan Xocalı soyqırımının 29–cu il dönümünün qeyd edilməsi haqqında rayon icra hakimiyyəti başçısının sərəncamı verilmişdir.
Rayon rəhbərliyi, eləcə də bütün tərtərlilər rayonumuza pənah gətirmiş digər qaçqın və məcburi köçkün soydaşlarımıza, o cümlədən Xocalılara həmişə olduğu kimi, yenə də böyük diqqət və qayğı göstərirlər.
Xocalı faciəsinin canlı şahidi olmuş 20 ailə, 66 nəfər Xocalı sakini hazırda rayonumuzun 8 kəndində müvəqqəti məskunlaşmışlar. Hər bir Xocalı ailəsinə il ərzində rayon icra hakimiyyəti tərəfindən yardım edilmişdir.
Xocalı faciəsi bizim dərdimiz, kədərimiz, qəmimizdir. Eyni zamanda, Azərbaycan xalqının əsrlər boyu keçdiyi mübarizə yolu, milli azadlıq yolu, şanlı, uğurlu yoldur.
Ötən ilin 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və yürütdüyü müdrik siyasət nəticəsində Xocalı soyqırımını törədənlər məğlub və məhv edilərək müqəddəs Qarabağ torpaqlarımızdan rədd edilmişlər. Azərbaycan dövlətinin və Ordusunun qazandığı Şanlı Qələbə birinci Qarabağ savaşında həlak olan soydaşlarımızın, eləcə də, Xocalı faciəsinin qurbanlarının ruhlarını şad etmişdir.
Videokonfransda çıxış edən YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Tunarə Məmmədzadə, fəal gənclərdən Orxan Mustafazadə, Rəqsanə Məmmədli, Gündüz Alıkişiyev, Murad Qafarov və başqaları da Xocalı faciəsinin 29-cu ildönümünün xalqımız tərəfindən kədərlə anıldığını, həm də doğma Qarabağımızın işğaldan azad olunması nəticəsində tarixi qələbəmizin gələcəyimizə daha nikbin baxmağa şərait yaratdığını qeyd edərək, ölkəmizin parlaq gələcəyinə dərin inamlarını ifadə etdilər.
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib