25 fevral 2021 16:04
945

Naxçıvanda Xocalı soyqırımı ilə bağlı videokonfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsində “Xocalı faciəsi: səbəbləri, nəticəsi və dərsləri” mövzusunda konfrans keçirilib.

"İki sahil" bildirir ki, konfransı giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, ermənilərin azərbaycanlılara qarşı əsrlərboyu həyata keçirdikləri soyqırım və etnik təmizləmə siyasəti onların “Böyük Ermənistan” yaratmaq xülyasına xidmət edən cinayət əməlləridir. 

Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda AMEA Naxçıvan Bölməsinin əməkdaşları - tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun “Xocalı faciəsi ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət”, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “İnsanlığa qarşı cinayət: Xocalı faciəsi” və filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Xocalı faciəsi ədəbiyyatda” mövzulu məruzələri dinlənilib.

Dosent Asəf Orucov məruzəsində Xocalı faciəsi ərəfəsində ölkədə mövcud olan ağır ictimai-siyasi vəziyyət, hakim dairələrdəki səriştəsiz rəhbərlərin idarəçilik qabiliyyətinin olmaması səbəbindən xalqın düçar olduğu durumdan bəhs edib. 

Tarixin müxtəlif dövrlərində xalqımıza qarşı törədilən cinayətlərə toxunan məruzəçi Emin Şıxəliyev Xocavənd rayonunun Qaradağlı kəndində 1992-ci ilin fevral ayının 17-də qəddarlıqla həyata keçirilən soyqırımı - Qaradağlı faciəsini xatırladaraq qısa müddət sonra Xocalıda törədilən amansız qətliamın baş vermə səbəblərindən danışıb. 

Dosent Ramiz Qasımov isə məruzəsində Xocalı faciəsinin bədii ədəbiyyat nümunələrində real təsvirinin oxucularda bədii yaddaş formalaşdırdığını, gənc nəsildə milli vətənpərvərlik hissi aşıladığını diqqətə çatdırıb. “Ədəbiyyat sərhəd tanımır”, -deyən məruzəçi şairlərimizin yaradıcılığından Xocalı faciəsinə həsr olunmuş bədii nümunələr səsləndirib.