Tarixi dəyişmək, saxtalaşdırmaq, unutmaq olmadığı kimi, zamanı da geri qaytarmaq, silmək olmaz. Zamandan səmərəli istifadənin insan həyatı üçün əhəmiyyətini «Vaxt həyatın vicdanıdır, itirilmiş vaxt adamı itirilmiş vicdandan da artıq həyəcanlandırmalıdır» kəlamı ilə dəyərləndirən Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin bu sözləri şər, böhtan yığıncağının baş keşişi olan AXCP sədri Əli Kərimlinin ləkəli vicdanına və boyuna biçilib. Yeri gəlmişkən, keşiş sözünü də təsadüfən işlətmədik. Çünki Əli Kərimli də erməni keşişləri kimi dağıdıcı ruha malik, pis niyyətli, insanlıqdan kənar əməllər sahibidir. Heç özünə də bəlli olmayan « siyasi fəaliyyəti» illərində daim ermənipərəst dairələrlə əməkdaşlıq, erməni əsilli Leyla və Arif Yunus kimilərə məddahlıq edən Əli Kərimlinin ətrafına toplaşanlar terroru, separatçılığı, faşizmi, dini radikalizmi dəstəkləyənlər, qaniçən, quldur «yan»ların göstərişlərini yerinə yetirən şarlatanlar olublar. Necə deyərlər, taylı tayını tapıb.
Azərbaycanın 44 gün ərzində davam edən müharibədə Ermənistan üzərində qələbəsini sindirə bilməyən, ermənilərin məğlubiyyətinə məyus olub, özünün dərdi kimi qəbul edən Əli Kərimlinin göz yaşları bitmir. Torpaqlarımızın işğaldan azad edildiyi vaxtdan aylar keçsə də, mənsub olduğu xalqın sevincinə qoşulmayan, əksinə, ermənilərə havadarlıq edən «islahatçı sədr» 30 il müddətində bir dəfə də olsun qaçqın, məcburi köçkün soydaşlarımız haqqında ağzını açmamış, onların yaşayışları ilə maraqlanmamış, hüquqlarının müdafiəsi üçün səsini çıxarmamışdır. Hələ də erməni ağzı ilə danışan, düşmən üzərində qələbəmizə sevinməyən, «güclənən Ermənistan ordusu», « gözlənilən üçüncü müharibə», « erməni diasporunun fəaliyyəti» kimi təxribatları ilə qələbəmizə kölgə salmaq ənənələrinə sadiq qalan Əli Kərimli ruhlarını zəhərlədiyi emissarları vasitəsilə Azərbaycana qarşı təxribatlarını davam etdirir, insanlarda mənfi rəy formalaşdırmağa çalışır. Ermənistanın baş nazirinin imzaladığı kapitulyasiya aktını, xarici hərbi ekspertlərin Milli Ordumuz barədə söylədiklərini Əli Kərimliyə xatırladaq: Fərari Ermənistan ordusundan qat-qat güclü olan, dəmir yumruqdan güc alan Azərbaycan Silahlı Qüvvələri düşmənə layiq olduğu cavabı verib, gələcəkdə də rəşadətini göstərmək qüdrətindədir. Əli Kərimlinin xalqımıza qarşı bitməyən xəyanətinin haradan və nədən qaynaqlandığını hamı bilir. Daim yanımızda olan, siyasi, iqtisadi, hərbi tərəfdaş kimi illərdən bəri xalqlarımız arasında qardaşlığa sadiq qalan, milli-mənəvi dəyərlərimiz oxşar olan Türkiyə haqqında belə xoşagəlməyən ifadələr işlədən Əli Kərimli bu hərəkəti ilə əməkdaşlıq etdiyi FETOçuları dəstəkləyir. Dəfələrlə bildirildiyi kimi, özü və oğlu Türkel terrorçubaşı Fətulla Gülənlə daim əlaqə saxlayıb, onun tövsiyələrinə əməl edib. Yəni, FETOçularla ermənilərin Türkiyəyə və Azərbaycana qarşı nifrətini simasızlığında birləşdirən, dostluğumuza təxribatlar ilə ləkə salmağa çalışan Əli Kərimli qatı ermənipərəst olduğu üçün antitürk xəyanətini davam etdirir.
AXC-Müsavat iqtidarının da günahkar olduğu Xocalı soyqırımının ildönümünün yaxınlaşdığı günlərdə də qatil, cəllad, faşist ermənilərə sədaqətini xarici ölkələrdə sığınacaq tapan, yetirməsi Qənimət Zahid, Sevinc Osmanqızı kimilərə müsahibəsində bildirən, əsasən Azərbaycan və Türkiyə əleyhinə çağırışlar edən Əli Kərimliyə xatırladaq ki, onun və onun kimilərinin iqtidarı dövründə ermənilərə satılan torpaqlarımız 44 gün davam edən müharibədə Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti , qüdrətli Milli Ordumuzun döyüş rəşadəti sayəsində əsl sahiblərinə qaytarıldı. AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində ermənilərin xarabazara çevirdikləri, dağıdıb, yandırdıqları ərazilərimiz bu gün əsl quruculuq , abadlıq meydanıdır. Artıq xalq torpaqlarımızı satanları tanıyır və satqınlara nifrət edir. Ərazilərimizi işğaldan azad edənləri dəstəkləyir, dövlət başçımızın müraciətlərindən irəli gələn göstərişlərin yerinə yetirilməsində elliklə iştirak edir.
1992-ci ildə Şuşanın işğalından sonra Laçının, digər rayonların itirilməsində, günahsız insanların qətlə yetirilməsində hakimiyyəti zorla ələ keçirməyə çalışan cəbhəçilər, müsavatçılar da günahkardırlar . «İnsanlar həlak olub, insanların əmlakı dağıdılıb, insanlar öz dədə-baba torpaqlarından didərgin salınıb. Eyni zamanda, Laçın rayonunun işğal altına düşməsi strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyətimiz idi. Laçın rayonunu satanlar, Şuşanı satanlar eyni adamlardır. Mən bunu demişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, iqtidara gəlmək üçün Bakıda mitinqlər təşkil edən, çaxnaşma yaradan, xalqa xəyanət edən hakimiyyət hərisləri iqtidara gələndən az sonra Şuşanı boşaltdılar. AXC-Müsavat iqtidarının müdafiə naziri Şuşanı qoruyan dəstəni şəhərdən çıxarmaqla ermənilərə «yaşıl işıq» yandırdı. Belə ki, Şuşa uğrunda döyüşlərdə hərb tarixində görünməyən qəhrəmanlıq göstərən şəhidlərimizin qarşısında onlar da günahkardırlar. «Sonra Laçın rayonunu da satdılar və ondan sonra heç bir ay keçməmiş hakimiyyətə gəldilər. AXC-Müsavat cütlüyü bu satqınlığı, bu xəyanəti edib, bu cinayəti törədib. 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşəndən sonra qorxaqcasına qaçıb gizlənib, fərarilik edib. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır, bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır! Onlar satıblar bizim torpaqlarımızı. Biz qaytarmışıq bu torpaqları, qayıtmışıq» sözləri ilə torpaqlarımızı düşmənə satanların kim olduğunu göstərən Prezident İlham Əliyevin bildirdiyi kimi Şuşanın işğaldan azad edilməsi düşmənə və ermənilərlə eyni əqidədə olan əlikərimlilərə vurulan ən böyük zərbə idi.
Qalib Ali Baş Komandan İlham Əliyevin «1992-ci ilin mayında o vaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü. O vaxt ermənilər öz dırnaqarası əməliyyatına bir ad vermişdilər – dağlarda toy. Halbuki heç əməliyyat da keçirilməmişdi. Şuşa şəhəri boşaldılmışdı. O vaxtkı müdafiə naziri demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam. Amma qorxaqcasına Şuşadan qaçmışdı. Ondan sonra isə ermənilər guya bu əməliyyat haqqında əfsanələr uydurmuşdular – dağlarda toy. İndi biz onlara elə toy tutmuşuq ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar» sözlərindən vahiməyə düşən ermənilərin havadarı Əli Kərimlini də bu cür toylar gözləyir. «İslahatçı sədr» unutmasın ki, vaxt gələcək xəyanətlərinə görə Azərbaycan xalqının ona və bütün satqınlara tutduqları «toy»da, «xınayaxdı»da fərqli cəhətləri ilə seçiləcək. Mühakimə edilən, elin sorğusuna çəkilən, xəyanətlərinin şahidi olan vicdanları susacaq. Hakim isə şəhid ruhları olacaq.
Xuraman İsmayılqızı, «İki sahil»