Fevralın 25-də Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının İdarə Heyətinin yığıncağı keçirilib.
Onlayn formatda keçirilən yığıncaq Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunub.
Əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində amansız cinayətə rəvac vermiş erməni cəlladları qəddar və qaniçən olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiq etdilər: “Həmin gecə erməni hərbi birləşmələri keçmiş Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının dəstəyi ilə aylarla mühasirədə saxlanılan Xocalı şəhərinə hücuma keçərək onu yerlə-yeksan ediblər. Bu soyqırımı zamanı etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfərə ağır bədən xəsarətləri yetirilib. Xain hücum nəticəsində 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.”
M.Yolçuyev qeyd edib ki, yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymətin verilməsi mümkün olub: “Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, sənəddə hadisənin baş vermə səbəbləri və günahkarlar təfsilatı ilə açıqlanıb. Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində Prezident İlham Əliyev tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilir. İnsanlığa və Azərbaycan xalqına qarşı törədilmiş bu vəhşi cinayətin ifşa olunması, onu törədənlərin cəzalandırılması Azərbaycan dövlətinin bu günə qədər yürütdüyü daxili və xarici siyasətin prioritet istiqamətlərindən biridir.”
Tədbirdə digər çıxış edənlər də Xocalı soyqırımının bəşəri cinayət olmasından, bu faciənin, digər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi tədbirlərdən danışıblar.
Cavid Əkbərov, “İki sahil”
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib