25 fevral 2021 21:26
1557

Samirə Hüseynova: Heç bir xalqa Xocalı soyqırımı kimi dəhşətli faciə yaşamağı arzu etmirəm

«Xocalı qətliamı Ermənistanın Azərbaycana təcavüzünün gerçək mahiyyətini, erməni terrorizminin və vəhşiliyinin dəhşətli miqyasını bütün çılpaqlığı ilə üzə çıxardı. Mən qayğısız uşaqlıq illərimin 12 ilini valideynlərimlə bərabər Xocalıda yaşamışam. Ötən əsrin 90-cı illərində Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz zamanı atam Bakir Hüseynov, əmim,  Azərbaycan Respublikasının Milli Qəhrəmanı Tofiq Hüseynov ilk günlərdən torpaqlarmızın müdafiəsi uğrunda mübarizəyə qalxdılar. Əmim Tofiq Hüseynov Xocalı özünümüdafiə batalyonunun komandiri kimi ordumuzun bölmələrindən birinə rəhbərlik edirdi.»

Bu fikirləri İkisahil.TV-yə müsahibəsində Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin baş məsləhətçi Samirə Hüseynova bildirib.

S.Huseynova qeyd edib ki, fevralın 25 də gecə saat 23 radələrində Xocalıya dördbir tərəfdən hücum başladı. 2 saatdan sonra evimizi tərk etmək məcburiyyətində qaldıq. Mən, anam və qardaşım Xocalı sakinləri ilə birlikdə buzlu Qarqar çayını çətinliklə keçərək Kətik dağına qalxdıq, qarlı və şaxtalı, vahiməli meşə yolu ilə Ağdama üz tutduq. Burada da ermənilər qarşımızı kəsib  bizi atəşə tutmağa başladılar. Ermənilərin məqsədi təkcə Xocalını işğal etmək deyildi. Onlar bütün Xocalı sakinlərini məhv etmək istəyirdilər. Əgər belə olmasaydı mülki insanların meşələrdə qarşılarını kəsib öldürməzdilər.

Onlarla qadın, uşaq düşmən gülləsinə tuş gəldi. Şaxtalı havada bizimlə yola çıxan bir neçə uşaq donaraq həyatını itirdi.  Mərmilər, güllələr yağış kimi yağırdı. Yanımızda partlayan  mərminin  qəlpəsi qardaşımın gözünü yaraladı. Qardaşım bir gözünü itirdi. Biz çox çətinliklə səhərə yaxın Ağdamın Şelli kəndinə gəlib çıxa bildik.

S.Hüseynova vurğulayıb ki, 1992-ci ilin fevralın 26- da baş verən soyqırımı zamanı əksər xocalılar kimi, bizimidə ailəmizdə ağır faciələr yaşandı. Bu faciədə doğmalarımı, o cümlədən atamı itirdim. Ermənilərin mühasirəsində qalan əmim Tofiq Hüseynov isə əsir düşməmək üçün özünü qumbara ilə partladıb.  Biz Xocalıdan çıxanda atam bizimlə gəlmədi. Xocalıda qalıb şəhəri müdafiə etməyə çalışdı. Sonradan eşitdik ki, atam ermənilərlə döyüşdə qəhrəmancasına şəhid olub. Atam və əmimdən başqa soyqırım zamanı babam, nənəm, bibilərim də şəhid oldular. 48 nəfər yaxın qohumum bu soyqırımında qətlə yetirildi. Əmimin itkin düşmüş ailəsinin, qızlarının həyat yoldaşının  qətlə yetirilməsindən  xarici jurnalistlərin çəkdikləri şəkillər vasitəsilə xəbər tutduq. Hər biri vəhşiliklə qətlə yetirilmişdi. Təəssüf edirəm ki, 1992-1993-cü ilin yarısına qədər hakimiyyətdə olmuş səriştəsiz və yarıtmaz qüvvələr bu və digər hüquq normalarına əsaslanmaqla Xocalı faciəsinin real mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görmədilər. Faciə 1992-ci ildə baş versə də, Xocalı dəhşətinə hüquqi-siyasi qiymət ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında 1994-cü ildə verildi.

S.Hüseynova xüsusi olaraq qeyd edib ki, müzəffər ordumuzun həyata keçirdiyi 44 günlük müharibə zamanı torpaqlarmızın azad edilməsi bizə böyük qürur hissi yaşatdı. Bu hissi bizə yaşatdığı üçün cənab Prezidentimiz , Ali Baş Komandan İlham Əliyevə ailəm adından təşəkkürümü bildirirəm.  Nəhayət, 29 ildən sonra sonra torpaqlarımız, atamın, əmimin, babamın, nənəmin və bibilərimin şəhid olduğu Xocalı rayonunun bir hissəsi erməni işğalçılarından azad olundu. Uzun illərin həsrətindən sonra ailəmiz bir nəfər kimi öz yurdumuza geri dönəcəyimiz günü gözləyirik. Bilirik ki, digər şəhər, rayon və kəndlərimiz kimi, Xocalı da yerlə yeksan olunub. Orda yaşamaq üçün heç bir şərait yoxdur. Amma bütün bunlara baxmayaraq biz yurdumuza qayıtmaq, Xocalını yenidən bərpa etmək, hayatımızın qalan hissəsini orda yaşamaq istəyirik.  Mənim bütün uşaqlıq xatirələrim hamısı Xocalı ilə bağlıdır. Mən o xatirələri yenidən vərəqləmək istəyirəm. Hesab edirəm ki, biz ora qayıdandan sonra bizim orda şəhid olmuş yaxınlarımızın ruhları rahatlıq tapacaq. Sonda isə bir daha bildirmək istəyirəm ki, heç bir xalqa Xocalı soyqırımı kimi dəhşətli faciə yaşamağı arzu etmirəm. Dünyada Xocalı soyqırımı kimi faciələrin baş verməməsi üçün dünya Xocalıya ədalətli qiymətini verməlidir.

Şəmsiyyə Əliqızı, «İki sahil»