26 fevral 2021 00:01
1388

Xocalı soyqırımından 29 il ötür - VİDEO

Xocalı soyqırımının törədilməsindən 29 il ötür. 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının dəstəyi ilə aylarla mühasirədə saxlanılan Xocalı şəhərinə hücuma keçərək onu yerlə-yeksan ediblər. Bu soyqırımı zamanı etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfərə ağır bədən xəsarətləri yetirilib. Eyni zamanda, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Xain hücum nəticəsində 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Xocalı soyqırımını törədənlərin məqsədi xalqımızı sarsıtmaq, milli ruhumuzu sındırmaq olsa da, onlar buna nail olmadılar. Ötən 29 il ərzində Azərbaycan xalqı nəinki Xocalı soyqırımının qurbanlarını unutmadı, unutdurmadı, hətta erməni şovinistlərinin iç üzünü ifşa etdi və nəticədə dünyanın 15-dən çox ölkəsi parlament səviyyəsində, eləcə də ABŞ-ın 25-dən artıq ştatı, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıdı. Bununla da, bütün dünyaya bir daha nümayiş etdirdik ki, xalqımız Xocalı soyqırımını unutmadı və unutdurmadı, hətta qisasını aldı.

Bu dəhşətli soyqırımının növbəti ildönümü ilk dəfədir ki, fərqli şəkildə anılır. Çünki ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız 30 ildən sonra azadlığa qovuşub, Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qanı yerdə qalmayıb, qisası alınıb. Ötən il sentyabrın 27-dən başlayan Vətən müharibəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun parlaq Zəfəri ilə başa çatıb.

Faciənin 29-cu ildönümü ərəfəsində Prezident İlham Əliyevin doqquz il əvvəl dediyi sözlər yada düşür: “Sizi əmin etmək istəyirəm ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır”.
Şanlı Azərbaycan əsgəri işğalçıların ordusunu darmadağın edərək, bütün şəhidlərimizin qisasını aldı.
Qarabağ Zəfəri milyonlarla insanın qəlbindəki ağrını azaltmaqla yanaşı, Xocalı soyqırımını törədənlərin – sarkisyanların, koçaryanların, balayanların və əlləri günahsız azərbaycanlıların – uşaqların, qadınların, qocaların qanına batmış digər cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verəcəklərini inamı daha da artırdı. Prezidentimizin qətiyyəti, hadisələrin gedişi göstərir ki, o gün çox da uzaqda deyil.

Zamin Məmmədov, "İki sahil"