25 fevral 2021 22:13
1122

Xocalı dünyada dəhşətli soyqırıma məruz qalan şəhərlərdəndir FOTO

Cinayətin müəllifləri, icraçıları cəzadan qaça bilməyəcəklər

 

Adətən dünyada dəhşətli soyqırıma məruz qalan şəhərlər misal çəkiləndə Xocalının da adı Belarusun Xatını, Vyetnamın Sonqmisi... ilə yanaşı qeyd edilir. Minlərlə insanın diri-diri yandırıldığı, güllələndiyi, dara çəkildiyi bu yerlər işğalçılara və onların mənsub olduqları xalqlara bağışlanılmaz xəcalət gətirib. Çünki bu, bir tarixdir və heç zaman salnamələrdən silmək olmaz.

 Bəs soyqırımı nədir? Bu suala cavab almaq üçün internet resurslarına nəzər saldım. Müasir dünyamızda qəbul edilmiş mənasına görə soyqırımı bir millətin digəri tərəfindən dil, din, məzhəb və milli təqiblərlə əlaqədar məqsədli şəkildə yox edilməsi prosesidir. Ümumiyyətlə, “Soyqırımı hər hansı milli, etnik, irqi, vəya dini mənsubiyyətə görə hansısa xalqın və etnik qrupun  qəsdən məhv edilməsi məqsədini güdən hərəkətə deyilir”.

Soyqırımı haqqında fikrimizi konkretləşdirərək xalqımızın tarixinə qara, faciəli, unudulmaz günlərdən biri kimi yazılan 26 fevral-Xocalı faciəsi Günü barədə danışmaq istəyirəm. Doğrudur, milli tariximizdə 31 Mart, 20 Yanvar kimi qırğınlara məruz qaldığımız, şəhidlər verdiyimiz günlər də vardır. Lakin fevralın 26-da Bakıda Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirən “Ana harayı” abidəsi önünə qoyulacaq tər çiçəklər, yerlərdə keçiriləcək tədbirlər heç nəyin unudulmadığını, heç nəyin yaddan çıxmadığını bir daha sübut edir.

Belə anım tədbirləri Xocalı qaçqınlarının məskunlaşdıqları Salyanda da keçirilir. Onlar indi rahat nəfəs alırlar ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbəri olduğu qalib ordumuz 28 il sonra Xocalıya da azadlıq bəxş edib.

Bu insanlar da Azərbaycanın müxtəlif guşələrində yaşayan Xocalı sakinləri kimi doğma yurdlarına qayıtmaq, evlərini, həyətlərini, bağ-baxçalarını, təsərrüfatlarını bərpa etmək, Xocalıda həyatı yenidən canlandırmaq istəyirlər. Belə istək bizi ona görə sevindirir ki, ötən əsrin 90-cı illərində Xocalı rayona, qəsəbəyə, şəhərə çevriləndə oranın abadlaşdırılmasında salyanlılar da misilsiz işlər görüblər. Həmin proseslərin canlı şahidlərindən biri deyir ki, inşaat işləri üçün göndərilən yüzlərlə tikinti matrealları yüklənmiş maşınları hər dəfə yola salanda ürəyimiz dağa dönürdü. Çünki dörd bir tərəfdən erməni yaşayış məskənləri ilə əhatə olunmuş Xocalı Qarabağın elə bir nümunəvi guşəsinə çevrilməli idi ki, ona bütün ermənilər həsədlə baxsınlar.

Təəssüf ki, bu prosesə 29 ildən sonra başlanılacaq. Xocalı soyqırımı isə heç vaxt unudulmayacaq. Həmin gecə 63 uşaq, 106 qadın, 70 qoca olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilib. 8 ailə tamailə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirib. Düşmən tərəfindən 76 uşaq, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. 150 nəfərin-68-i qadın və 26-sı uşaq olmaqla taleyi bugünədək məlum deyil. Qurbanların sayı bundan qat-qat çox ola bilərdi. Milli qəhrəmanlarımız-Əlif Hacıyev, Tofiq Hüseynov, Allahverdi Bağırov, həmçinin fədai övladı Ramiz İmani misilsiz şücaətlər göstərərək minlərlə dinc insanın həyatını qorumağı bacarıblar.

100 nəfərdən yuxarı Xocalı sakinini xilas edən qəhrəmanımız R.İmani erməniləri necə qəzəbləndirmişdisə ölümündən sonra onu və atasını diri-diri yandırdılar. Erməni faşistləri yalnız azərbaycanlılara deyil, orada yaşayan digər xalqlara qarşı da qəddarlıqla davranmaqla insanlığın düşməni olduğlarını sübut ediblər. Özbəkistandan qovulmuş məshəti türkləri, ruslar, icma şəklində yaşayan Cənubi Azərbaycandan gəlmiş mühacirlər də soyqırıma məruz qaldılar.

Diqqətəlayiq haldır ki, Azərbaycan dövləti, ictimai təşkilatlar Xocalıda baş verənlərin soyqırım olduğunu dünya ölkələrində tanıdılması üçün səylərini əsirgəmirlər. Bunun müsbət nəticələrini mətbuatdan oxumaqdayıq. Fəqət bizlər arxayınlaşmamalı, bu prosesin yardımçıları olmalıyıq.

Bəşəri faciələrin unudulması, lazımınca dəyərləndirilməməsi, günahkarlara beynəlxalq məhkəmələrin qurulmaması növbəti cinayətlərə yol açır. Azərbaycan xalqı inanır ki, Xocalı soyqırımının müəllifləri, icraçıları tarixin ibrət dərsindən yaxa qurtara bilməyəcəklər.

Nurlanə Qafarova,

Salyan şəhər 1 saylı orta məktəbin şagirdi