26 fevral 2021 11:46
996

Arxeologiya və Etnoqrafiya İnstitutunda Xocalı soyqırımının anım tədbiri keçirildi

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda İnternet üzərindən onlayn konfrans formatında  Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

"İki sahil" bildirir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova tədbiri açaraq Xocalı faciəsi ilə bağlı çıxış etdi. Professor M.Rəhimova bildirdi ki, Xocalı faciəsi XX əsrdə bəşəriyyətə qarşı törədilmiş cinayətlər içində öz amansızlığı və qəddarlığı ilə xüsusi seçilməkdədir.

Eyni zamanda, professor M.Rəhimova çıxışında bildirdi ki, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan əsgərləri ötən ilin oktyabr-noyabr aylarındakı 44 günlük azadlıq müharibəsinin nəticəsində işğal altında olan torpaqlarımız azad edildi. Beləliklə, xalqımız Xocalı soyqırımının günhasız qurbanlarının qisasını aldıq. 

Professor M.Rəhimova Xocalı soyqırımı zamanı erməni işğalçıları tərəfindən öldürülmüş dinc vətəndaşlarımızın, şəhərin müdafiəsi zamanı şəhid  olmuş hərbçilərimizin xatirəsini bir dəqiqəlik sükütla anılmasını təklif etdi.

Tədbirə qatılmış İnstitutun əməkdaşları bir dəqiqəlik sükutla Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini andılar.

Daha sonra söz AMEA Arxeologiya və Etnoqrafiya İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimliyə verildi. B.İbrahimli bildirdi ki, Xocalı faciəsini biz illərlə öz respublikamızda qeyd etsək də, bu faciənin dünyaya tanıdılması məhz Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və diaspor təşkilatlarının fəaliyyəti sayəsində, filmlər, kitablar, broşurlar hazırlanaraq dünyaya çatdırıldı. 

Bəhlul İbrahimli çıxışında 44 günlük müharibənin düşmənə və onun mövcudluğuna nə qədər nəhəng zərbə vurduğunu qeyd edərək, torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün qorunması uğrunda mübarizənin daim davam edəcəyini bildirdi.

Daha sonra İnstitutun şöbə müdiri, t.e.d., professor Hidayət Cəfərov çıxış etdi. Professor H.Cəfərov Xocalı şəhəri ətrafında aparılan tədqiqatlardan söz açdı.  H.Cəfərov bildirdi ki, 1981-ci ildə üç ay müddətində Xocalı və ətrafında yerləşmiş abidələrin tədqiqində iştirak edərək ərazidəki azərbaycanlı yaşayış məskənlərinin iqtisadi durumunun şahidi olmuşdur. 

İnstitutun şöbə müdiri, t.ü.f.d. Akif Quliyev söz alaraq bildirdi: “Xocalı hadisələri zamanı biz institutda oxuyurduq. Xocalı şəhərində baş verən bu qətliam bizə gənc olaraq çox pis təsir etdi. Biz bir azərbaycanlı olaraq məhz bu hadisələrə görə ermənilərə nifrət etdik. Birinci Qarabağ müharibəsində torpaqlarımızın itkisi, 30 ilə yaxın bir müddətdə torpaqlarımızın işğalda qalması, Xocalıda baş vermiş o genosidin hamısının cavabı məhz bu qələbə ilə nəticələnən 44 günlük müharibədə oldu. Biz hardasa bir az rahatlıq əldə etdik. Allah Xocalı şəhidlərinə rəhmət eləsin, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Haqq əvvəl-axır öz yerini tapmış olur”.

Daha sonra AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Daş dövrü arxeologiyası” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərov çıxış etdi. “Bu gün bəşəriyyət tarixində, insanlıq tarixində ən böyük faciələrdən birinin anım günüdür. 29 il əvvəl Azərbaycanın əzəli torpağı olan Xocalıda faciə baş verdi. 

İnstitutun şöbə müdiri, t.ü.f.d. Pərviz Qasımov çıxış edərək qeyd etdi ki, 25 və 26 Fevral bizim faciəli tarixi günümüzdür. Amma bu il digər illərdən fərqlənir. Bu il Xocalı faciəsi qurbanlarının tam olmasa da, qismən də olsa, qisası alınıb.