26 fevral 2021 12:27
929

Paşinyana qarşı daha bir istiqamətdə mübarizə: "Amulsar" mədəni istismar olunarsa...

Ermənistanda hakimiyyət böhranının günü-gündən dərinləşdiyi bir vaxtda baş nazir Nikol Paşinyana qarşı daha bir istiqamətdə mübarizə başlaya bilər. 

“İki sahil” xəbər verir ki, Ermənistanın Davamlı İnsan İnkişafı Dərnəyinin rəhbəri Karine Danielyan yerli mətbuata verdiyi açıqlamada, Nikol Paşinyanın bügünlərdə yayılmış müsahibəsinə istinad edərək deyib ki, "Amulsar" mədəni yaxın gələcəkdə istismar ediləcək ki,  bu da böyük fəlakətlərə səbəb olacağı nəzərə çarpan təhlükədir.

"Müsahibədən sonra Amulsar mədəninin istismar ediləcəyi bəlli oldu. Ətrafa zərər vurma riski böyük olduğu üçün bu fəlakətin qarşısını necə almaq barədə heç bir fikrim yoxdur",-  deyə  Karine Danielyan bildirib.

Qeyd edək ki, Paşinyan müsahibəsində  "Amulsar" mədəninin istismar olunma ehtimalının yüksək olduğunu söyləyib. Paşinyan deyib ki, turist axını dayanıb, bu halda Ermənistan valyuta çatışmazlığı ilə üzləşə bilər. Belə vəziyyətdə Ermənistan üçün valyuta axınına zəmanət verən konkret sahə mədən sənayesidir.

K.Danielyan isə istismar ediləcəyi halda, mədən sənayesindən gələcək valyuta axınından daha fəlakətli olan Ermənistanda su ehtiyatları probleminin yaşanacağını deyib: "Baxın, su mənbələri problemi ilə qarşılaşacağımız zaman, mədən sənayesi heç bir şəkildə mənfəət gətirməyəcək”.

"Amulsar" qızıl yatağı xeyli müddətdir ki, qızğın mübahisə mövzusudur. Paşinyan hökuməti əvvəl də layihənin həyata keçirilməsinə start vermək niyyətini gizlətməsə də, yatağın 13 kilometrliyində yerləşən Cermux kurort şəhəri və ətraf yaşayış məntəqələrin sakinləri və ekoloqlar buna qarşı çıxış edir. 2018-ci il inqilabından sonra baş nazir N.Paşinyanın rəhbərliyi altında Ermənistan hökuməti Amulsar məsələsi ilə ciddi məşğul olmağa başlayıb. Lakin sonradan yatağın istismarına qarşı çıxanların fonunda bu ciddliyi sükut əvəz edib.

Xatırladaq ki, “Amulsar” qızıl yatağı Ermənistanın qızıl ehtiyatına görə ikinci yatağıdır. “Lydian Armenia” şirkəti  mədəni 2005-ci ildə aşkarlayıb. “Lydian Armenia” ofşorda qeydiyyatdan keçmiş “Lydian International”in törəmə şirkətidir.

Ekoloqların fikrincə, Arpa və Vorotan (Bazarçay) çayları arasında,  yatağın istismarı zamanı Cermux yatağı yaxınlığında olan yeraltı sular, daha sonra isə əsas su mənbəyi olan Sevan gölü həyat üçün təhlükəli olan maddələrlə çirklənəcək və bu, həlli mümkün olmayan fəlakətə səbəb ola bilər. Məsələ burasındadır ki, qızılın filizdən ayrılması üçün natrium sianiddən (kiçik miqdarı belə öldürücü təsirə malikdir) istifadə olunur.

Mərkəzi və Şərqi Avropa üzrə analitik Maykl Bennett  isə hesab edir ki,  layihə nəinki Cermux ətrafı bölgələrə və Sevan gölünə, həmçinin Azərbaycan ərazisindən keçən çayların çirklənməsinə şərait yaradır.  Belə ki, Arpa çayının Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində, Vorotan çayının isə işğaldan azad edilmiş ərazilərində Araz çayı ilə birləşdiyini nəzərə alanda, bu, qızıl yataqlarının istismarı nəticəsində çirklənmiş su Araz vasitəsilə Azərbaycanın əsas içməli su ehtiyatı olan Kür çayına, oradan isə Xəzər dənizinə axıdılacaq.