26 fevral 2021 12:33
1778

Kəpəklə bağlı miflər

Son illər şampun istehsalçıları kəpək problemini həll etməyin yollarını demək olar ki, tapıblar, ancaq yenə də kəpəklə uzun-uzun mübarizə aparan insanlar var. Aşağıda kəpəklə bağlı yayılan səhv məlumatlarla tanış ola bilərsiniz:

Kəpək xəstəlikdir

Kəpək dəridə xırda pulcuqların görünməsinə səbəb olan, baş dərisində yaranan bir zədələnmədir. Kəpək xəstəlik adlandırıla bilməz. Ehtimal ki, bu başqa bir xəstəliyin nəticəsi və ya bir əlamətidir.

Başı tez-tez yuduqda kəpək əmələ gəlir

Əslində belə deyil. Kəpək hər kəsdə yarana bilər. Bəzən keyfiyyətsiz şampunlar buna səbəb olur.Gündəlik istifadə edilən şampunun yumşaq yuyucu bazası olmalıdır. Keyfiyyəti yüksək şampunlar istifadə etmək lazımdır.

 Kəpək yoluxucudur

Bu bir mifdir. Əlbəttə ki, kəpək insandan insana keçə bilməz.

Kəpəyin müalicəyə ehtiyacı yoxdur

Əksinə kəpək mütləq müalicə edilməlidir. Kəpəyə kifayət qədər diqqət yetirilməsə, qaşınma və qabıqlanma yarana bilər. Mütəxəssisə müraciət edilməlidir, xüsusilə mədə-bağırsaq traktı araşdırılmalıdır.

Sink tərkibli vitaminlər kəpəyi yox edir

Sink fəal yağ vəzlərinin bir qədər  qarşısını alır, lakin yalnız hormonal problemlər olmadığı halda kömək edə bilər.

Afro-amerikanlarda kəpək qara rəngdə olur

Bu da səhv məlumatdır. Yer üzündəki bütün insanlarda kəpək ağ rəngdədir.

Kəpək yüksək stress və çirkli ekologiyanın nəticəsidir

Əlbəttə ki, bu amillər rol oynayır. Bəzən kəpəyə tərkibi təmiz olmayan su səbəb ola bilər. Sərt xlorlu su dəri üçün zərərlidir, baş dərisinin baryer funksiyalarını azaldır. Lakin təəssüf ki, bu amillər bizdən asılı deyil. Əvəzində pəhrizə riayət edərək bədənin qoruyucu funksiyalarını müstəqil olaraq gücləndirə bilərsiniz. Bunun orqanizmə faydalı təsiri olacaqdır.

Sarışınlarda kəpək problemi olmur

Bu da səhv fikirdir. Açıq saç rənginə görə görünməyə bilər, ancaq kəpək hamıda olur. Hər kəs  bu xoşagəlməz hal ilə qarşılaşa bilər.

Nubar Süleymanova, “İki sahil”