26 fevral 2021 12:45
1166

Yeni robot-çamadanlar ixtira olunub

İtaliyanın "Piaggio" şirkəti  dünya bazarında "Vespa" skuterləri ilə məşhurlaşıb. Bu şirkətin struktur bölmələrindən biri Amerika Birləşmiş Ştatlarında yerləşən "Piaggio Fast Forward" üç il əvvəl qurulmuşdur. Hal-hazırda şirkətin sınaqdan keçirdiyi Gita robot-çamadanlarının  əsas məqsədi müxtəlif əşyaların daşınmasıdır.

İtalyan dilindən tərcümə edəndə "Gita" sözü səyahət deməkdir. Qeyd edək ki, "Gita" robot-çamadanları  qırmızı, yaşıl, boz və ya sarı rənglərdə  LED şəklində rəngli işıqlardan hazırlanmış, iki təkərlə təchiz olunmuş bir robotdur. Bu robotun ortasında otuz üç litr həcmli xüsusi bir bölmə var. İçinə ürəyiniz nə istəsə yığa bilərsiniz, əsas odur ki, yükün ağırlığı iyirmi kiloqramdan çox olmasın. " Gita" robotu daim sahibini izləyə bilmək   və digər insanlarla toqquşmamaq üçün  xüsusi  göstəricilərlə təchiz edilmişdir. Bundan əlavə, robot  seçdiyiniz yolu yaddaşda saxlayır. Bu, o deməkdir ki, robot sahibi olmadan da tanış bir yolda hərəkət edə bilər.

İstehsalçı gələn ilin birinci yarısında robotların  effektivliyini yoxlamaq üçün onları müxtəlif şirkətlərə  tədarük etmək niyyətindədir.

Samirə Tağıyeva, "İki sahil"