26 fevral 2021 15:03
1629

İradə, güc, xalq-iqtidar birliyi, əzmkarlıq, cəsarət

Dövlətimizin başçısı İlham Əliyev Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində bir daha bildirmişdir ki, bu amillərin vəhdətliyi fonunda  haqq-ədalət öz yerini tapır

“Biz ədaləti bərpa etdik, otuz il ərzində işğal altında olan torpaqları qaytardıq və dövlətimizin, xalqımızın gücünü göstərdik. Müharibənin ilk günündən üstünlük bizim tərəfimizdə idi. Düşmən demək olar ki, panikaya, isterikaya qapılmışdı. Ermənistan ordusunda onların özlərinin etirafına görə 10 mindən çox fərari olmuşdur. İndi Ermənistan dövləti bilmir ki, bu fərariləri necə mühakimə etsin. Çünki bu da böyük problemlərə gətirib çıxara bilər. Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır.” Dövlətimizin başçısı İlham Əliyev Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində bir daha  44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimizi şərtləndirən amilləri, həmçinin 30 ilə yaxın dövrdə işğalçı Ermənistanın başına çəkilən sığalların fonunda dünyanın ədalət, beynəlxalq hüquq deyilən məfhumları unudub imitasiya naminə danışıqlara dəstək olmasını əsaslı şəkildə diqqətə çatdıraraq  bu fikri böyük qürurla qeyd etmişdir ki, müharibədən sonra bu gün dünyada yeni reallıq yaranıb. Bu reallığı biz yaratmışıq, Azərbaycan xalqı yaradıb.

Reallıq budur ki, Azərbaycan Ordusunun yüksək peşəkarlıqla  apardığı  işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması  doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Bu müharibə göstərdi ki, dövlətimizin başçısı İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir.  Ölkə Prezidenti İlham Əliyev qeyd olunan mərasimdə Birinci Qarabağ müharibəsi ilə İkinci Qarabağ müharibəsi  dövrünün müqayisəli təhlilini apararaq bu məqamı xüsusi vurğulamışdır ki, Birinci Qarabağ müharibəsində bizim qəhrəman övladlarımız şücaət göstərmişdilər. Amma o zaman Azərbaycana rəhbərlik edənlər lazımi tədbirləri  görə bilməmişdilər. Xüsusilə AXC-Müsavat cütlüyünün hakimiyyəti  dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi. Bu,  faktiki olaraq müharibənin sonrakı gedişatını şərtləndirdi. Çünki Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaradılmışdı və ondan sonra digər torpaqların işğalı üçün ermənilərin çox böyük üstünlüyü yaranmışdır.

Həmin dövrün reallıqlarından biri də nizami ordunun olmaması idi. Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın  deyil, ayrı-ayrı şəxslərin maraqlarının müdafiəsinə xidmət edirdi.  Hətta insanları Kəlbəcərdən, Laçından çıxarmaq üçün lazımi tədbirlər görülməmişdi. “Əlbəttə ki, biz bütün bu illər ərzində müharibəyə hazırlaşırdıq” söyləyən dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, 30 ilə yaxın dövr  məsələnin sülh yolu ilə həllinin  mümkün olmadığını göstərirdi.

Azərbaycan bu illər ərzində gücləndi, bütün sahələrdə təcrübəsi nümunə oldu.  Müstəqilliyimizin, suverenliyimizin qarantı olan  ordumuzun maddi-texniki bazası möhkəmləndi, döyüş qabiliyyəti artdı.  Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir. İkinci Qarabağ müharibəsinədək Azərbaycan Ordusunun 2016-cı ildə aprel döyüşlərində, 2018-ci il Naxçıvan qələbələrində göstərdiyi qəhrəmanlıq, şücaət müdafiə gücümüzün dünyaya təqdimatında əhəmiyyətli rol oynamışdır. Rəsmi Bakının dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından münaqişənin həllində sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yoluna üstünlük veriləcəyini istisna etməməsi məhz ordumuzun gücünə, qüdrətinə, işğal altında olan torpaqlarımızı azad etmək imkanlarına malik olmasına inamdan irəli gəlirdi. İkinci Qarabağ müharibəsi bu gücü bir daha dünyaya nümayiş etdirdi. Hazırda inkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri  bizim təcrübəmizi öyrənirlər.

İllərdir ermənilərin yaratdıqları “ məğlubedilməz erməni ordusu” mifi darmadağın edildi. Dünya gördü ki, yenilməz, məğlubedilməz ordu Azərbaycan Ordusudur.  Bundan sonra Ermənistan silahlı qüvvələri, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq. Cənab İlham Əliyev şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində bu məqama da diqqət çəkmişdir ki,  indi ermənilərin  müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq, modernləşdirmək istəyirlər: “Nəyə görə? Kimə qarşı? Müharibə başa çatıb. Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər.”

Bu gün də Azərbaycan Ordusunun  güclənməsi, yeni, müasir texnika ilə təchiz edilməsi istiqamətində addımlar atılır. Məlum olduğu kimi,  son 17 ilin əsas hədəfləri sırasında Azərbaycanın hərbi büdcəsinin Ermənistanın ümumi büdcəsindən dəfələrlə artıq olmasına nail olmaq idi. 44 günlük Vətən müharibəsində  Qələbəmiz bu reallığın təsdiqi oldu. Ölkəmizdə ən müasir tələblərə cavab verən ordu quruculuğu dünyanın heç bir yerində olmayan böyük sürətlə aparıldı. Məhz aparılan bu yüksək səviyyəli dövlətçilik fəaliyyəti və təşkilatçılıq işi Müzəffər Ali Baş Komandanın dediyi kimi, qarşıda duran əsas vəzifəyə xidmət edirdi: “Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik”. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olduğunu nümayiş etdirdi.  Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub hazırda işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işlərinə start verilsə də   istər ölkə, istərsə də dünya mətbuatında qalib Azərbaycanın Müzəffər Ali Baş Komandanı  İlham Əliyevin müharibədə qalibiyyət qazanmaq üçün atdığı addımlar, işğalçı Ermənistanın döyüş meydanında,  informasiya müharibəsində diz çökməsi geniş şəkildə təhlil edilir. Dünya siyasətçiləri, politoloqlar, aparıcı mətbu orqanların nümayəndələri ermənilərin işğaldan azad edilmiş ərazilərimizdə törətdikləri vəhşiliklərdən dəhşətə gələrək Azərbaycanın tarixi Qələbəsi ilə regionda və dünyada yeni reallıqlar yaratmasını yüksək dəyərləndirir, bölgədə sabitliyin, təhlükəsizliyin təmin olunmasının yeni əməkdaşlıq formatlarının yaranmasına, regional iqtisadi tərəqqinin sürətlənməsinə geniş imkanlar açdığını bildirirlər.

Dövlətimizin başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsində xarici mətbuata verdiyi çoxsaylı müsahibələrində də, müharibədən sonrakı dövrdə bütün videoformatda keçirdiyi görüşlərində də bu məqamı xüsusi olaraq bildirmişdir ki, son illər  Ermənistan rəhbərliyinin davranışı, təxribat xarakterli çıxışları, addımları bizi  və  beynəlxalq ictimaiyyəti əmin etmişdir ki, müharibənin sülh yolu ilə həlli mümkün deyil. Halbuki münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in  Minsk qrupunun  həmsədr  ölkələrinin  rəsmi nümayəndələri daim təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur.  “Kimisə qane edirdi ki, bizim torpaqlarımız işğal altındadır və sanki Azərbaycana bu, müəyyən təzyiq mexanizmi kimi qəbul edilirdi” söyləyən dövlətimizin başçısı bildirir ki, Azərbaycanı  30 il ərzində yaratdıqları  reallıqlarla   barışmağa məcbur etmək istəyirdilər: “Mən isə deyirdim ki, heç vaxt biz bu vəziyyətlə barışmayacağıq. Mən deyirdim, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci qondarma erməni dövləti yaradılsın və imkan vermədik. Bütün gücümüzü səfərbər etdik, bir çox illər ərzində ardıcıl siyasət apardıq, həm beynəlxalq müstəvidə, həm iqtisadi sahədə, həm qonşu ölkələrlə münasibətlərdə, regional layihələrin icrasında və əlbəttə ki, ordu quruculuğunun təkmilləşdirilməsi üçün böyük işlər gördük. Eyni zamanda, gənc, vətənpərvər, Vətəni hər şeydən çox sevən nəsil yetişdi. Bax, bu nəsil torpaqlarımızı azad etdi.”

Azərbaycan xalqı dəmir yumruq kimi birləşdi. Xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində işğal altında olan bütün torpaqlarımızda Azərbaycan bayrağının dalğalanacağına əmin idi. “Şuşada Cıdır düzündə Azərbaycan xalqına müraciət edərkən demişdim ki, mən 2003-cü ildə hakimiyyətə gələndə bu gün 25-30 yaşında olan insanlar uşaq idi. Biz onları vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişdirdik və onlar bizim torpaqlarımızı işğalçılardan azad etdilər” fikirlərini böyük qürur və fəxr hissi ilə Zəfərimizi qanları ilə qazanan şəhidlərimizin valideynlərinə, müharibə əlillərinə çatdıran cənab İlham Əliyev onu da bildirmişdir  ki,    işğal edilmiş torpaqlarda heç vaxt olmayan, amma əslən o torpaqlardan olan gənclər torpaqları uğrunda aslan kimi vuruşurdular. Bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub, torpaqlarımızı işğaldan azad ediblər: “Bu, tarixi hadisədir. Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmamışdır. Azərbaycan bütün dünyaya öz gücünü göstərdi, xalqımızın iradəsini göstərdi. Bir daha bütün dünya gördü ki, əgər iradə varsa, güc varsa, xalq-iqtidar birliyi, əzmkarlıq və cəsarət varsa, haqq-ədalət öz yerini tapır. Biz bunu nümayiş etdirdik.”

Zəfərə  aparan yolda beynəlxalq səviyyədə həyata keçirilən siyasətin, diplomatik fəaliyyətin, dünya ölkələri ilə yaradılan dostluq münasibətlərini də  qeyd etməliyik. Həm ölkə daxilində fasiləsiz şəkildə təşkil edilən, dünya miqyaslı problemlərin müzakirə olunduğu beynəlxalq tədbirlər, həm də dünyanın fərqli ölkələrində keçirilən müxtəlif səviyyəli tədbirlərdə Azərbaycanın yüksək səviyyədə təmsil olunması, dünyanın əsas aparıcı ölkələrində və beynəlxalq təşkilatlarında fəaliyyət göstərən diplomatik nümayəndələrimiz Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynadılar. Faktlara və real həqiqətlərə əsaslanan  təbliğat  nəticəsində bütün dünyaya sübut edildi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycanlılar yox, məhz ermənilər bu torpağa gəlmə xalqdır.   Dövlətimizin başçısının 44 gündə  hər bir müsahibəsi  həqiqətlərimizin təbliği, erməni yalanlarının ifşası baxımından xüsusi diqqət çəkdi. 30 ildə həqiqətləri görməzdən gələn dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar 44 gündə ölkə Prezidentinin 30-a yaxın müsahibəsi əsasında  bu reallıqları öyrənməyə məcbur oldu.  Baxmayaraq ki, 30 ilə yaxın müddətdə münaqişənin həlli üçün  möhkəm hüquqi baza mövcud idi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq təşkilatların qərar və qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır.

Zəfərimizin  memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyev hələ müharibənin getdiyi dövrlərdə  ölkəmizin gələcəyi ilə bağlı fikirlərini  belə ifadə edirdi ki,  ölkəmizin gələcəyi çox parlaq olacaq. Son illər ərzində çox böyük uğurlara imza atmışıq. Ölkəmizin həm siyasi, həm iqtisadi sahələrdə uğurları bu gün beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilir. Beynəlxalq arenada böyük uğurlar əldə edilib. Azərbaycan bu gün çox güclü bir ölkəyə çevrilib. Ölkə daxilindəki bütün məsələlər öz həllini tapır. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək. Ölkəmiz üçün yeni bir dövr başlanır.  Bu yeni dövr  təkcə iqtisadi deyil,  siyasi münasibətlər sahəsində  müsbət meyilləri daha da güclənəcək. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq.

Bu gün qalib Azərbaycan, eyni zamanda, qalib xalqımız inkişafın yeni mərhələsini yaşayır. 44 günlük Vətən müharibəsi göstərdi ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücü onun öz xalqına və dövlətinə sədaqətində, Vətən sevgisindədir. Millətimizin ləyaqət rəmzi, özünütəsdiq imkanı olan ordumuz xalqımızın milli düşüncəsində ali və müqəddəs ucalıqda dayanır, dövlətimizin varlıq, mövcudluq və milli kimlik meyarı kimi çıxış edir və bütün bu ali ideyaları yalnız bir milli dəyər birləşdirir - Müstəqillik!  İşğaldan azad edilmiş torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Yeni yazılan tariximizdə artıq torpaqlarımızın işğal deyil, işğaldan azad olunma tarixlərindən bəhs edəcəyik.

İşğaldan azad edilmiş ərazilərimizdə görüləcək işlərlə bağlı planlar, müəyyənələşdirilən prioritetlər, daha müasir şəhər və kəndlərin salınmasına xidmət edəcək “ağıllı şəhər”, “ağıllı kənd” layihələri bu ərazilərimizi əvvəlkindən də diqqətçəkən edəcək, Qarabağımız cənnətməkana çevriləcək. Bu ərazilərimizin malik olduğu resurslardan səmərəli istifadə  əməkdaşlıq əlaqələrimizin də genişlənməsinə böyük imkanlar açacaq. Dövlətimizin başçısı İlham Əliyev  "Signify" şirkətinin baş icraçı direktorunu və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edərkən də diqqəti işğaldan azad edilmiş ərazilərimizdə görüləcək işlərə yönəldərək bildirmişdir ki, həmin ərazilərdə çox müasir infrastruktur, o cümlədən “ağıllı şəhərlər”, “ağıllı kəndlər” sistemi yaratmağı planlaşdırırıq. Proses artıq başlayıb. Müvafiq strukturlarımızla beynəlxalq şirkətlər arasında əməkdaşlıq üçün böyük imkan olacaq.

Yeganə Əliyeva, “İki sahil”