26 fevral 2021 15:24
1186

Klassiklərimizi tanıyaq, sevək və sevdirək!

“Nizami Gəncəvi İli” yalnız Nizami yaradıcılığına deyil, ümumilikdə ədəbiyyatımıza verilən dəyərdir

 Dövlətimizin başçısı İlham Əliyevin qüdrətli söz və fikir ustadı Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq  anadan olmasının 880 illiyinin ölkəmizdə təntənə ilə qeyd edilməsi ilə bağlı imzaladığı  Sərəncamla  2021-ci ili  “Nizami Gəncəvi ili” elan etməsi tariximizə,  ədəbiyyatımıza, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizin inkişafına diqqətinin bariz nümunəsidir.  Son illər cənab İlham Əliyevin Sərəncamları ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili”, 2019-cu ilin “Nəsimi ili”, 2020-ci ili “Könüllülər ili”¸cari ili isə “Nizami Gəncəvi ili” elan etməsi bir çox məqamlara aydınlıq gətirir. Ulu öndər Heydər Əliyevin “Milli dəyərlərimizi, ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik” fikirlərinin davamı olaraq dövlətimizin başçısı İlham Əliyev bildirir ki, gənclər milli ruhda tərbiyə olunmalıdırlar. Onlar tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi bilməli, onların inkişafına dəstəklərini göstərməlidirlər.

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Böyük sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizami Gəncəvinin  ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.

Bu misilsiz xəzinənin qapıları çağdaş nəsillərin üzünə daha geniş açılmalı, bu bəşəri irs dünya miqyasında yayılmalı və təbliğ edilməlidir. Sərəncama uyğun olaraq silsilə tədbirlər keçirilməkdədir. Hər bir tədbir Nizami Gəncəvi irsinə bu və ya digər tərəfdən baxmağa, düzgun dəyərləndirmə aparmağa geniş imkanlar açır. Azərbayanda və dünyada kifayət qədər tanınmış və böyük şöhrət qazanmış Nizami Gəncəvinin zəngin bədii irsini də azərbaycançılıq və müstəqil dövlətçilik işığında yenidən tədqiq və təbliğ etməklə bu görkəmli sənətkarı daha dərindən kəşf etməyə və bütün parlaqlığı ilə yenidən tanıtmağa ehtiyac var. Azərbaycan cəmiyyəti Nizami Gəncəvini yaxşı tanıyır, oxuyur, sevir və öz dahisi ilə fəxr edir. Nizami irsi orta məktəbdən tutmuş bütün səviyyələrdə tədris və təbliğ edilir. İl boyu ölkəmizdə və dünyada silsilə tədbirlərlə qeyd edilməsini nəzərdə tutan Sərəncam yeni nəsillərdə milli iftixar, azərbaycançılıq, vətənpərvərlik duyğuları aşılamaq, milli-mənəvi özünüdərk prinsiplərini daha geniş təbliğ etmək üçün də yeni yollar açır.

Bu gün milli ideologiyamızın əsas tərkib hissələrindən biri azərbaycançılıqdır. Xalqımızın  mədəni-mənəvi mövcudluğunun bütün təzahürləri  vahid bir ideya ətrafında sıx  birləşib. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilməz... Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini oxuya bilməz, Füzulini oxuya bilməz, Sabiri oxuya bilməz, Cəlil Məmmədquluzadəni oxuya bilməz... Əgər onları oxuya bilməsə, bizim mədəniyyətimizi bilməyəcək, mədəni köklərimizi bilməyəcək, milli-mədəni ənənələrimizi bilməyəcək. Onları bilməsə, vətənpərvər olmayacaq, onda milli vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaqdır” tezisi hər bir Azərbaycan gəncinin həyat amalına çevrilməli,  həyat tərzini bu prinsiplər əsasında qurmalıdır.  “Nizami Gəncəvi İli” Nizamini, eyni zamanda, digər klassiklərimizi tanımaq, onları sevmək və sevdirmək üçün geniş imkan yaradır. Gəlin, hər birimiz bu tanıtıma öz töhfəmizi verək! 

Röya Rasimqızı, “İki sahil”