Ölkəmizin İstanbuldaki baş konsulu Nərminə Mustafayevanın Türkiyənin Anadolu Agentliyində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar müsahibəsi dərc edilib.
"İki sahil" xəbər verir ki, “Xocalı soyqırımını törədənlərin ədalətə təslim olunacaqlarını ümid edirik” sərlövhəli yazıda bu müharibə cinayətini törədənlərin ozamankı Ermənistanın siyasi və hərbi liderləri olduğu vurğulanıb.
AZƏRTAC-ın məlumatına görə, bu cinayətin insan haqlarına, beynəlxalq hüquqa və Cenevrə Konvensiyasına zidd olduğunu xatırladan baş konsul Xocalı soyqırımını birinci Qarabağ müharibəsinin amansız səhifəsi adlandırıb.
Bildirilib ki, əksəriyyəti qadın, uşaq və yaşlı olmaqla, 613 nəfərin qətlə yetirildiyi Xocalı soyqırımı 17 ölkənin və ABŞ-ın 20-dən çox əyalətinin parlamenti tərəfindən “insanlığa qarşı cinayət” kimi tanınıb. Lakin, buna baxmayaraq, beynəlxalq ictimaiyyət tərəfindən bu qanlı hadisəyə lazımi reaksiya göstərilməyib.
Baş konsul Xocalı qətliamının 1994-cü ildə Azərbaycan Milli Məclisi tərəfindən soyqırımı olaraq tanındığı və Azərbaycanın uzun illər boyu dünyada bu hadisəyə hüquqi qiymət verilməsi üçün gördüyü işlər və göstərdiyi səylər haqqında danışıb.
Törətdiyi cinayətlərə baxmayaraq, Ermənistana qarşı heç bir sanksiyanın tətbiq olunmadığını bildirən N.Mustafayeva deyib: “İnsan haqlarının vacib olduğu, beynəlxalq təşkilatların insan haqlarının qorunması istiqamətində çox səy göstərdiyi bir dövrdə yaşayırıq, amma gözlədiyimiz münasibəti görmədik. İnsan hüquqlarının pozulduğu hallarda bu təşkilatlar həm dövlətlərə, həm də ayrı-ayrı şəxslərə qarşı sanksiya qərarları qəbul edirlər. Lakin, biz Xocalı soyqırımına münasibətdə bu reaksiyanı görməmişik. Heç bir sanksiya və cinayətkarların məsuliyyət daşımasına dair bir irəliləyiş olmadı”.
Erməni diasporunun uzun zamandır aktiv olduğuna diqqət çəkən diplomat ortada yaşanmış bir qətliamın və cinayətin olduğunu xatırladıb: “Bir gün günahlarını qəbul edib, üzr istəmələri həqiqət ola bilər. Xocalıda və ya dünyanın başqa bir yerində işlənən qətliam və ya müharibə cinayətinin yenidən yaşanmaması üçün Azərbaycan olaraq bu cür hadisələrə qarşıyıq”.